Bir evdə insanların varlığı, yoxluğu bilinmir - Sosial şəbəkələr bağları qırıb

Sosial şəbəkələr Azərbaycanda ailələrin dağılma səbəblərindən biridir



Gənclərin sosial şəbəkələrdən qeyri-düzgün istifadəsi ənənəvi, mental dəyərlərə söykənən ailədaxili münasibətlərə xələl gətirən amil kimi dəyərləndirilir. Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir. Sosial şəbəkələrə aludə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir hal kimi dəyərləndirilir.


Azərbaycanda dövlətin ailə məsələlərinə xüsusi diqqət yetirdiyini, bu istiqamətdə mühüm addımlar atdığını vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın sözlərinə görə, sosial şəbəkələrdə konkret məqsədlərə xidmət edən "verbovşiklər” ailələrə nüfuz edərək onların beyinlərinə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələrinin buna hazır olmadığını deyən Komitə rəsmisi hesab edir ki, bizim ailələrin əsrlərdən gələn dəyərlər sistemi var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlamışıq. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov sosial şəbəkələrin Azərbaycanda ailələrin dağılma səbəblərindən biri olduğunu deyib. Bunun artıq sosial-psixoloji problemə çevrildiyini vurğulayan psixoloqun sözlərinə görə, sosial şəbəkələr tərəflər arasında emosional bağı qırıb: 

"Hansı ki, emosional bağ tərəflərin bir-birinə bağlanmasında çox böyük rol oynayır. Belə ki, dünənə qədər tərəflər boş vaxtları olan kimi biri-birləri ilə söhbət edirdilər. İndi isə bu amil aradan qalxıb. Tərəflər bir yerdə olmalarına rəğmən, sosial şəbəkələrə qoşulmağı biri-birləri ilə ünsiyyət qurmaqdan üstün tuturlar. Nəticədə də bir insanın varlığı ilə yoxluğu hiss olunmur. 

Əvvəllər kişi evə gec gələndə qadının gözü qapıda qalırdısa, indi onun gecikməsi əksər hallarda qadının ürəyincədir. 

O, telefonu ilə sosial şəbəkələrdə rəfiqələri, qohumları və s. ilə yazışır. Beləliklə də, həmin boşluq başqa formada dolmağa başlayır. "Tərəflər onsuz da yaşaya bilirəm” deyə fikirləşirlər. Nəticədə də problem yaşandığı təqdirdə, çox rahat şəkildə ayrılmağa qərar verirlər”.

E.Rüstəmovun fikrincə, sosial şəbəkələr ən böyük zərbəni ailə dəyərlərinə vurub. O, təəssüf hissi ilə insanların ifrat dərəcədə sosial şəbəkələrə meyilləndiyini qeyd edib.

Şəymən

Paylaş

Bizi Facebookda izləyin
menu
menu