“Türkiyə, Rusiya və İran arasındakı razılaşma regiondakı stabilliyin təminatıdır " - Professor





"Türkiyə, Rusiya və İran güclü regional ölkələrdir. Hətta regionun ən qüdrətli dövlətləridir”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Professor bildirib ki, üç ölkə arasında ilkin razılaşma birinci növbədə regiondakı stabilliyin təminatıdır:

"Bu ölkələr maraqlıdır ki, regionda stabillik olsun, stabillik pozulmasın. Ortada bir sıra problemli məsələlər var. Həm regionu, həm də bütün dünyanı narahat edən ciddi problemlər mövcuddur. O cümlədən Suriya məsələsi, İranın nüvə proqramı, Türkiyənin kürd terrorçulara qarşı mübarizəsi, bu məsələdə mövqeyini digər dövlətlərlə bölüşməsi və s. həllini gözləyən problemlərdir. Təbii ki, Rusiyanın da bir sıra maraqları var. Rusiya regionun aparıcı dövlətlərindən biridir. Üç dövlətin öz yanaşmaları ilə, bəzən üst-üstə düşməyən mövqeləri ilə bir araya gəlməsi birmənalı olaraq bir sıra ziddiyyətli və qalmaqallı problemlərin həllini gündəmə gətirəcək. Birbaşa problemlərin çözümünə gətirib çıxarmasa da, mötədil mövqelərin ortaya çıxmasına səbəb ola bilər”.

Analitik bildirib ki, bu dövlətlər hər bir halda bir-birini başa düşürlər:

"Üç ölkə bir-birinin maraqlarını nəzərə alaraq bölgədə stabilliyi və təhlükəsizliyi təmin etmək yönündə bir sıra addımlar ata bilər. Çünki hər ölkənin həm Yaxın Şərq, həm də Cənubi Qafqaz regionu ilə sıx bağlılığı var. Eyni zamanda Azərbaycanın təşəbbüskarı olduğu regional layihələrdə iştirak edirlər. Bunlar çox ciddi məqamlardır. O baxımdan dünyada baş verən ciddi qarşıdurma, xüsusən Rusiya-Qərb arasında ziddiyyətlər fonunda belə görüşlərin yaranması müsbət amildir. Təhlükəsizliyi təmin edən görüşlərdən biridir”.

Professorun sözlərinə görə, əgər belə görüşlərdə Azərbaycan tərəfi iştirak etsəydi, mütləq Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunardı:

"Bir nömrəli problemimiz məhz Dağlıq Qarabağ məsələsidir. Lakin rəsmi Bakı görüşdə təmsil olunmadığı üçün bir sıra funksiaları Türkiyə öz üzərinə götürə bilər. Türkiyə bizə dost, qardaş dövlətdir. Həm rəsmi Ankara, həm də digər dövlətlər çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ probleminin həlli tapılmazsa, bölgədə təhlükəsizliyin təmin olunması çox çətin olacaq. Düşünürəm ki, Türkiyə rəhbərliyinin və diplomatlarının bu istiqamətdə çalışması heç də istisna deyil”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edəcək. Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq. Xatırladaq ki, üçtərəfli görüşlə yanaşı, Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu