Eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün “Cırtdan” nağılı nümayiş olunub - Fotolar




Fevralın 9-da "Bakı Kitab Mərkəzi”ndə "Deaf Community MMC” və "Bakı Kitab Mərkəzi”nin əməkdaşlığı ilə eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün "Cırtdan” xalq nağılı surdotərcümə ilə nümayiş olunub. Nağıl "Deaf Community MMC” -nin könüllüsü Arina Qəribova tərəfindən oxunub, MMC- nin baş təlimçisi Turan Məmmədli tərəfindən isə jest dili ilə tərcümə olunub.

Tədbirdə eşitmə və nitq məhdudiyyətli uşaqlar və böyüklərlə birlikdə sağlamlıq imkanları məhdud olmayan uşaqlar, jest dilinə maraq göstərən insanlar iştirak edib.Olduqca maraqla qarşılanan tədbiri MMC-nin rəhbəri Nuranə Abıyeva nitqi ilə açıq elan edib,yaratdıqları şəraitə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə, başda menecer Cəmilə Abdullayeva olmaqla bütün işçi heyətinə dərin təşəkkürünü bildirib.

Nağıl tərcüməsi bitdikdən sonra Turan Məmmədli tərəfindən nağılın musiqisi olan "Cırtdan” uşaq mahnısı da tərcümə edildi.Tədbirdə ADPU korreksiyaedici təhsil fakültəsinin müəlliməsi,təcrübəli loqoped Adilə Mürsəlova və onun şagirdləri,55 saylı məktəbdə təhsil alan uşaqlar və valideynləri, "Mənim Mələklərim”layihəsinin rəhbəri İlahə Abdullayeva , "Ümid var” xeyriyyə təşkilatının nümayəndələri iştirak edirdi. 

Çıxış edən Adilə Mürsəlova və sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri tədbiri çox bəyəndiklərini, bu cür layihələrə ehtiyac olduğunu və təhsilin, sosiallaşmanın hər uşaq üçün əsas olduğunu qeyd etdilər. Eşitmə və nitq məhdudiyyətli istedadlı balaca qonaqlar tərcüməyə baxdıqdan sonra "Cırtdan” nağılının təsəvvürlərində canlanan əksinin rəsmini çəkib, xatirə olaraq komandaya hədiyyə etdi. Xoşagələn məqamlardan biri isə tədbirin sonunda həm "Bakı Kitab Mərkəzi” həm də Zəngi liseyinin 2-ci sinifində təhsil alan Aslanlı Ümid tərəfindən eşitmə və nitq məhdudiyyətli şəxslərə kitab hədiyyə edilməsi oldu.


Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu