Tarix İnstitutu Yaqub Mahmudovun fəaliyyəti dövründə





Cəbi Bəhramov,
Elmi işlər üzrə direktor müavini, dos.
Gövhər Məmmədova,
Tarix üzrə fəlsəfə doktoru


Tarix – təkcə keçmiş deyil, həmçinin cəmiyyətdə baş verən bütün prosesləri özündə əks etdirən, o cümlədən insan cəmiyyətinin ümumi inkişafının forma müxtəlifliyinin siyasi, sosial-iqtisadi mahiyyətini açmağa kömək edən bir elmdir. Tarix ictimai elmlərin aparıcı istiqaməti qalaraq həmişə ideoloji mübarizənin önündə dayanır. Çünki tarixi faktlar və həqiqətlər bir xalqın öz təbii hüququnu sübut etmək, itirilmiş və ya əlindən alınmış haqqını bərpa etmək üçün əsas arqument olaraq ortaya qoyulur. Buna görə də müasir dövrdə daha uğurlu gələcəyin qurulmasında keçmişin zəngin irsinin, «tarixin dərsləri»nin əhəmiyyətini dərk edərək, onun bütün imkanlarından hərtərəfli istifadə edilməlidir.
Bəşəriyyətin ümumi tarixi inkişafını öyrənən bu elm sahəsi keçmişdə, həm də müasir dövrdə kəskin ideoloji mübarizə, mütərəqqi və irticaçı baxışların toqquşduğu bir məkan rolunu oynayır. Tarixə baxışlarda bəzən «xaos və özbaşınalıq» hökm sürmüş və məhz XIX – XX əsrlərdə onun tədqiqində çox mühüm dəyişikliklər baş vermişdir.

Azərbaycanda akademik elmin bütün sahələrinin və o cümlədən milli tarix elminin əsas istiqamətlərinin kompleks şəkildə inkişafı heç şübhəsiz 1945-ci ildə Milli Elmlər Akademiyasının təsis olunmasından (1945-1991-ci il Azərbaycan SSR EA, 1992-2001-ci ildən Azərbaycan Respublikası EA, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası adlanır) sonra başlayır. Elmin bütün sahələrinin, o cümlədən milli tarixin – Azərbaycan tarixinin akademik səviyyədə əsaslı tədqiqi də elə bu dövrdən başlayır.
1991-ci ilin sonunda dövlət müstəqilliyi bərpa edildikdən sonra milli tariximizin tədqiq olunmayan qaranlıq səhifələrinə işıq salmaq imkanı yarandı və bunu nəzərə alan Tarix İnstitutunun rəhbərliyi bu problemlərin həlli üçün yeni struktur yaradılması ilə bağlı AMEA Rəyasət heyətinə müraciət etdi. AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun yeni strukturu təsdiq edilmişdir. Bu struktura əsasən 13 şöbə, bir elmi mərkəz və iki elmi qrup fəaliyyətə başladı.
1978-ci ilin yanvarında Ümummilli lider Heydər Əliyevin təqdimatı əsasında Azərbaycan KP MK Bürosunun qərarı ilə Tarix İnstitutuna direktor təyin edilən akademik İqrar Əliyev 2004-cü il 11 iyun tarixində vəfat etdi. Lakin buna baxmayaraq, Azərbaycan milli tarix elmi qarşısında duran fundamental elmi problemlərin tədqiqi davam etdirilirdi. 2004-cü il sentyabr 13-də AMEA Rəyasət Heyətinin sərəncamı ilə A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edilən professor Yaqub Mahmudov fəaliyyətə başladı. İlk gündən o, bütün diqqəti Azərbaycan tarixinin indiyə qədər tədqiq olunmayan ən aktual problemlərinin, o cümlədən də Azərbaycanın müvəqqəti olaraq itirilmiş torpaqlarının tarixinin tədqiqinə yönəltdi. A.A.Bakıxanov adına Tarix İnstitutunun alimləri son on beş il ərzində bu il anadan olmasının 80 illiyi ölkəmizin elmi ictimaiyyəti tərəfindən qeyd edilən AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, millət vəkili, daima axtarışda olan, tarix elminin bir çox ağ səhifələrinə işıq saçan və tarixdə öz dəst-xətti olan, həmçinin təşkilatçılığı ilə seçilən institutun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun rəhbərliyi altında çox mühüm elmi nailiyyətlər əldə etmişlər.

Bu baxımdan müasir mərhələdə milli tarix elmi qarşısında duran vəzifələrlə bağlı institutun direktoru Y.M.Mahmudov tərəfindən irəli sürülmüş və AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş aktual elmi problemlərin tədqiqi mühüm əhəmiyyət kəsb edir və institutun elmi potensialının bu vəzifələrin yerinə yetirilməsinə səfərbərliyi rəhbərdən böyük məharət və bacarıq tələb edirdi. Yaqub müəllim bu sınaqdan da uğurla çıxdı. «Naxçıvan tarixi» (ikicildlik), «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi», «Qarabağ real tarix, faktlar, sənədlər», «XVIII-XX əsrlərdə azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə və soyqırımı tarixi» monoqrafiyalarının və «Azərbaycan tarixi Atlası»nın çapa hazırlanması başa çatdırılmışdır. Azərbaycanın tarixi Borçalı torpaqları, Şimali-Qərbi və Şimali-Şərqi Azərbaycan, Cənubi Azərbaycan və Qərbi Azərbaycan tarixinə dair yeni səpgidə tədqiqatlar aparılmasına, Azərbaycanın ən qədim zamanlardan müasir dövrədək beynəlxalq münasibətlər tarixi, Azərbaycan diasporunun ölkələr üzrə formalaşması və fəaliyyətinin sistemli surətdə tədqiq olunmasına, XX əsrin 60-70-ci illəri tarixinin, xüsusilə Heydər Əliyev şəxsiyyətinin fəaliyyətinin dərin elmi təhlilə əsaslanan müstəqil tədqiqat əsəri kimi işıq üzü görməsindən ötrü institutda genişmiqyaslı işlər aparılmışdır. Maraqlıdır ki, bununla kifayətlənməyən institut direktorunun təşəbbüsü ilə 2009-cu il mayın 15-də institutun elmi tədqiqat planlarında əsaslı dəyişikliklər aparılması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin hərtərəfli araşdırılması ilə əlaqədar olaraq daxili imkanlar hesabına İnstitutda «Əliyevşünaslıq» şöbəsi yaradıldı.
«Azərbaycan Respublikasında elmi-tədqiqat fəaliyyətinin əlaqələn-dirilməsi, elmin inkişafının təşkil və təmin edilməsi tədbirləri haqqında» AMEA Rəyasət Heyətinin qərarını yerinə yetirmək məqsədilə institutun direktoru, akademik Y.M.Mahmudov Tarix İnstitutunda «Mövzular toplusu»nun yaradılması barədə əmr imzaladı. Bununla əlaqədar olaraq Azərbaycan tarixinin bir çox aktual problemlərinin indiyədək lazımınca tədqiq olunmadığı, vaxtı ilə məqsədyönlü surətdə təhrif olunduğu və saxtalaşdırıldığı, bütün bu məsələ¬lərin yeni səpkidə araşdırılmasına, habelə tariximizin ayrı-ayrı dövrləri üzrə müvafiq elmi problemlərin konseptual baxımdan yenidən araşdırılmasına, institutun elmi potensialının gücləndirilməsi və bununla əlaqədar doktorluq və namizədlik dissertasiyalarının elmi səviyyələrinin günün tələbləri səviyyəsinə kəskin ehtiyac olduğu nəzərə alınaraq «Mövzular toplusunun» tərtibi institutun müvafiq şöbələrinə tapşırıldı. Həmçinin topluya daxil olunan mövzuların təkrar olunmasına yol verməmək üçün Y.M.Mahmudov başqa elmi müəssisələri də bu işə cəlb etdi. Hazırda «Mövzular toplusu»nun yeni variantı hazırlanır və o İnstitutun Elmi Şurasında müzakirə olunub qəbul edildikdən sonra çapa təqdim olunacaqdır.

İnstitutun direktoru Yaqub Mahmudov ermənilərin və onların ABŞ, Avropa, İran və RF-dan olan himayədarlarının Azərbaycana qarşı informasiya müharibəsini getdikcə daha kəskin xarakter aldığını və ölkə prezidenti cənab İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli xarici siyasətinə tələb olunan səviyyədə informasiya təminatı yaratmaq məqsədilə «Azərbaycan tarixinin tədqiqi və təbliği üzrə dövlət proqramı (2008-2015-ci illər)» hazırlandı. Həmin proqramın AMEA Rəyasət heyətində müzakirə olunması və həyata keçirilməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması barədə o, AMEA prezidenti akademik M.K.Kərimova müraciət edildi.

2007-ci ildə akademik Y.M.Mahmudovun rəhbərliyi və redaktorluğu ilə Azərbaycan tarixində ilk dəfə olaraq «Azərbaycanın Tarixi Atlası», 40 illik fasilədən sonra «Tarix İnstitutunun Elmi Əsərləri» işıq üzü gördü. Azərbaycanın tarixi ərazilərini əks etdirən xəritələri ilə bağlı bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Milli Atlasın» hazırlanması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq Tarix İnstitutu akademik Yaqub Mahmudovun rəhbərliyi ilə «Milli Atlasın «Tarix» bölməsinin mətninin və buraya daxil edilən xəritələrin tərtib edilməsində fəal iştirak etdi. Tarix İnstitutu «Milli Atlas»ın «Tarix» bölməsinə Azərbaycanın ən qədim dövrlərdən bu günədək tarixini əks etdirən Azərbaycan və dünya alimlərinin tərtib etdikləri xəritələri təqdim etdi və «Milli Atlas» 2015-ci ildə nəşr olundu.

Tarix İnstitutu əməkdaşları tərəfindən milli tariximizin bütün dövrləri üzrə tərtib olunan xəritələr Milli Atlasla bərabər, Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin sərəncamı ilə çapa hazırlanan Azərbaycan Milli Ensiklope¬diyasının xüsusi cildinin «Tarix» bölməsinə də daxil edilməli idi. Qeyd etmək lazımdır ki, məhz institutun direktoru Y.M.Mahmudovun bilavasitə rəhbərliyi ilə aparılan gərgin işlər və edilən səylər nəticəsində 55 xəritənin daxil edildiyi «Azərbaycan tarixi atlası» və Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin «Tarix» bölməsində bütün dövrləri əks etdirən xəritələr çap edildi.

Bundan əlavə 2007-ci il sentyabrın 25-də Tarix İnstitutu Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan Tarixi Atlası»nın geniş təqdimatını keçirdi. Tədbirdə həmçinin «Ermənilərin növbəti saxtakarlığı və ya Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində «Tiqranakert axtarışları» barədə Azərbaycan tarixçilərinin bəyanatı, Azərbaycan Albaniyası və onun etno-mədəni irsi ilə bağlı İrəvanda antiazərbaycan boşboğazlarının keçirdikləri beynəlxalq konfransı ifşa edən bəyanət oxunmuşdur.
Yuxarıda qeyd olunduğu kimi Tarix İnstitutunun son on beş ildə fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri də Elmi Şuranın qərarı ilə milli tariximizin ən mühüm problemlərinin tədqiqinə həsr olunmuş əsərlərin nəşridir. İnstitutun direktoru AMEA-nın müxbir üzvü Y.M.Mahmudovun sədrliyi ilə Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında 2005-2018-ci illər ərzində 452 monoqrafiya və çoxsaylı məqalələr işıq üzü görmüşdür.

İnstitutun direktoru, AMEA-nın həqiqi üzvü Y.M.Mahmudovun fəaliyyətində diqqəti cəlb edən digər bir cəhət də odur ki, son on beş il ərzində tədqiqat planlarına daxil edilmiş mövzular üzrə ölkənin müxtəlif bölgələrində beynəlxalq simpozium və respublika çərçivəsində elmi-praktiki konfransların keçirilməsidir. Belə elmi konfranslar 2005-2018-ci illər ərzində Azərbaycan Respublikasının Cənub-Şərq, Şimal-Qərb rayonlarında və o cümlədən Naxçıvan Muxtar Respublikasında «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri» beynəlxalq elmi simpozium, Şəkidə «Şəki qədim sivilizasiyalar diyarı» beynəlxalq elmi konfrans, Lənkəranda «Azərbaycan Respublikasının Lənkəran bölgəsi: tarix, müasir durumu və inkişaf perspektivləri» elmi praktiki konfranslar, o cümlədən Quba, Şəki-Zaqatala, Balakən, Lənkəran, Lerik və s. yerlərdə keçirilmişdir. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu rəhbərliyinin başda akademik Yaqub Mahmudov olmaqla 2013-2018-ci illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətləri ilə bağlı beynəlxalq elmi konfranslar keçirilmişdir ki, bu elmi tədbirlərdə 20-yədək xarici ölkələrdən, 60-dan çox alimlər iştirak etmişdir. Bu keçirilən elmi tədbirlər zamanı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyə Cümhuriyyəti, RF, Qazaxstan və digər ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. Bu işin mühüm cəhəti odur ki, bu beynəlxalq elmi konfranslar Azərbaycan Respublikasının o şəhər mərkəzlərində keçirilmişdir ki, hansı ki, 1918-1920-ci illərdə Sovet Rusiyasının hərbi-siyasi dairələrinin təhriki ilə bu şəhərlərdə və onların yerləşdiyi ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri törədilmişdir. Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətinə həsr olunmuş beynəlxalq elmi konfranslar 2014-2018-ci illər Bakı, Quba, Şamaxı, Lənkəran və Qusar şəhərlərində keçirilmişdir. Əslində ölkənin bütün regionlarında keçirilən bu elmi konfransların praktiki əhəmiyyəti region əhalisinin öz tarixinə dair həqiqətləri bilməsi və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəldilməsidir.

Bundan əlavə akademik Y.M.Mahmudov özü Türkiyə və Avropa ölkələrində (Macarıstan, İtaliya, Polşa) keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan torpaqlarına iddia edən erməniləri ifşa edən məruzələrlə çıxış edir və Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi və real həqiqətlərini bütün dünya ictimaiyyətinə mütəmadi olaraq çatdırır. Bu istiqamətdə uğurlu atılan addımlardan biri də 2018-ci ildə Polşanın paytaxtı Varşava şəhərində «Azərbaycanşünaslıq mərkəzi»nin açılmasıdır ki, bu da Tarix İnstitutunun direktoru Yaqub müəllimin və Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri t.e.d. H.Ə.Həsənov tərəfindən həyata keçirilmişdir.

2005-2018-ci illər ərzində AMEA A.A.Bakıxanov Tarix İnstitutu tərəfindən Y.Mahmudovun müəllifliyi və rəhbərliyi ilə nəşr edilən «Azərbay¬can tarixində Heydər Əliyev şəxsiyyəti», «Azərbaycanlılar» (3 dildə), «Azərbaycan: qısa dövlətçilik tarixi» (3 dildə), «Azərbaycan diplomatiyası», «Azərbaycan tarixi: Erkən İntibah dövrü», «Kürəkçay-200», «Azərbaycanın tarixi atlası», «Tarixi adlara qarşı soyqırımı», «Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər», «Azərbaycan Xalq Cümhuriyyəti Böyük Britaniyanın arxiv sənədlərində», «Qarabağ: Real tarix, faktlar, sənədlər» (6 dildə), «Qarabağ xanlığı», «Naxçıvan: tarixi və abidələri», «Şimal-Qərbi Azərbaycan: ingiloylar», «Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri», «Car-Balakən camaatlığı» kimi çox mühüm siyasi və elmi aktuallıq kəsb edən əsərlərin AMEA Rəyasət Heyətində, Tarix İnstitutunda, BMM-də KİV-in nümayəndələrinin iştirakı ilə təqdimatları keçirilmiş, ölkə və dünya ictimaiyyətinə məlumatlar verilmişdir. Qeyd etmək lazımdır ki, 2010-cu ildən İnstitutda ilk növbədə elmi-siyasi və ideoloji əhəmiyyət daşıyan əsərlərin nəşri işi xeyli genişləndi. 2009-cu ildə Yaqub müəllimin elmi redaktorluğu ilə Azərbaycan dilində nəşr olunan «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi» adlı iri həcmli monoqrafiya ölkə prezidentinin tapşırığı ilə bir neçə xarici dilə (rus, ingilis, ispan, ərəb, italyan və başqa dillərdə) tərcümə edilərək nəşr edildi və xarici ölkələrdə yayıldı. Əsər Azərbaycan Respublikası Prezidenti sərəncamı ilə 2012-ci ildə Dövlət mükafatına layiq görüldü. Bundan əlavə Tarix İnstitutu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev» adlı iki cildlik monoqrafiyanı və «Heydər Əliyev və Azərbaycan elmi» adlı II cildlik sənədlər toplusunu nəşr etdirdi.
Azərbaycan xalqına qarşı 1918-ci ildə törədilmiş soyqırımı cinayətlərinin təşkilatçıları olan «26-lar»ın məzarlarının açılması və şəhər qəbiristanlıqlarından birinə köçürülməsi ilə bağlı yaradılmış Dövlət Komissiyasının tərkibinə Y.M.Mahmudovun daxil edilməsi də təsadüfi deyildi. O, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat üçün təqdim olunan məlumatın hazırlanması və onun KİV-ə verilməsinə rəhbərlik etmişdi. Ortaya çıxan problemin siyasi və elmi əhəmiyyətini düzgün qiymətləndirən institut rəhbərliyi məsələ ilə bağlı yaranmış çoxsaylı suallara cavab vermək üçün Azərbaycan Respublikasının, o cümlədən xarici ölkələrin dövlət arxivlərində araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaratdı. Həmin qrupun 2008-2018-ci illərdə ölkənin və xarici ölkələrin dövlət arxivlərindən əldə etdiyi materialların sənədlər toplusu şəklində çap olunması və İnstitutun Elmi Arxivindən istifadə edilməsi qərara alınmışdır.

Qeyd etmək lazımdır ki, təkcə «26-lar»ın məsələsi ilə deyil, o cümlədən Azərbaycan tarixinin bütün dövrlərinə dair RF, İran, Gürcüstan, Mərkəzi Asiya ölkələri, Türkiyə, Almaniya, Polşa, Fransa, İngiltərə, Hindistan və digər ölkələrin arxivlərində saxlanılan materialların toplanılıb gətirilməsi üçün Y.M.Mahmudovun rəhbərliyi ilə bu gün də intensiv işləri aparılır.

Tarix İnstitutu yarandığı gündən bütün elmi problemlərin həllində müstəsna yeri olan Elmi Arxivin fəaliyyəti mühüm yer tutur. 1936-cı ildə təşkil olunmuş bu arxivin bir müddət sonra arxiv müdirinin xəstəliyi ilə bağlı işi pozulmuş və daxil olan sənədlərin qeydiyyata alınmasında, onların yerləşdirilməsi və qorunmasında problemlər yaranmışdı. Elmi Arxivin qaydaya salınması işi 2001-ci ilin sonundan başlansa da, 2004-cü ilin sentyabrında Yaqub müəllim instituta direktor təyin edildikdən sonra bu işin sürətləndirilməsi üçün ciddi tədbirlər həyata keçirildi. Elmi Arxivin vəziyyəti ilə bağlı yaradılan komissiyanın hesabatı Elmi Şurada müzakirə olunaraq onu tezliklə qaydaya salmaq üçün bir sıra tədbirlər görüldü. Qeyd etmək lazımdır ki, Elmi Arxivlə bağlı məsələləri Yaqub müəllim həmişə diqqət mərkəzində saxlayır, komissiyanın işi ilə mütəmadi maraqlanır və bu işin çox mühüm dövlət əhəmiyyətli iş olduğunu qeyd edirdi. Məhz buna görə də görülən tədbirlər nəticəsində İnstitutun Elmi Arxivi yenidən quruldu, saxlanılan materialların mövzular, problemlər və dövrlər üzrə katoloqlaşdırılması və elektronlaşdırılması başa çatdırıldı.

2004-cü ilin sentyabrından 2018-ci ilin dekabrınadək Dissertasiya Şurasına rəhbərlik edən AMEA-nın həqiqi üzvü Y.M.Mahmu¬dovun sədrliyi ilə həm respublika və həm də qonşu dövlətlər üçün 450-dən çox yüksəkixtisaslı tarixçi-alimlər-fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır.

Bütün bunlar görkəmli alim Y.M.Mahmu¬dovun gördüyü işlərin yalnız bir qismidir. O, həm də Şəki rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş millət vəkili kimi ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Akademik Yaqub Mahmudovun yorulmaz elmi fəaliyyəti dövlətimizin diqqətindən kənarda qalmamışdır. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif olunmuşdur.

Hazırda ömrünün 80-ci baharını yaşayan Azərbaycan xalqının fədakar oğlu, görkəmli alim, gözəl insan Yaqub müəllimə ilk növbədə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz Azərbaycan naminə, gələcək bütöv Azərbaycan naminə yorulmaz ürəklə çalışmağı diləyirik.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu