Allah eləməsin, İstanbuldakı faciə Bakıda yaşansın - FOTOLAR

Həsən bəy Zərdabi küçəsinin sakinləri əndişədədir, kömək umurlar


Nizamsız tikililərin əmələ gəlməsinin ən əsas günahkarı yerli icra orqanlarıdır. Çünki bəzi məmurlar sahibkardan rüşvət almaqla tikintiyə icazə verirlər. Sahibkar da verdiyi rüşvətin əvəzini çıxmaq üçün tikinti normalarını pozur, bir binanın yerində, iki bina tikir. Sıxlıq, tikinti normativlərinin pozulması belə yaranır



Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri, Allah qorusun, İstanbul faciəsinin Bakıda təkrarlanacağından qorxurlar. Sakinlərin qorxusu səbəbsiz deyil. Məsələ burasındadır ki, göstərilən ünvanda 10 mərtəbəli yaşayış binasının dörd bir yanında 18 mərtəbəli daha 5 hündürmərtəbəli bina ucaldılır. Binalardan 3-nün tikintisi başa çatıb. 



Hazırda 4-cü binanın tikintisinə artıq başlanılıb, 5-ci binanın tikintisinə də hazırlıq görülür. Tikinti işləri onsuz da sakinlərin rahatlığını əlindən alıb. Sakinlər şikayət edir ki, əraziyə ağır texnika cəlb edildiyindən gecələr səs-küydən qulaq tutulur, yatmaq da qeyri-mümkündür. Bu bir tərəfə, ərazidə uçqun təhlükəsi yaranıb. Yeni tikiləcək binanın özülü hazırda yaşayış olan 10 mərtəbəli binanın tam «dizinin dibində» qazıldığından ərazidə çatlar əmələ gəlib. Sakinlər tikinti meydançasının fotosunu çəkib «Şərq»ə göndəriblər. Fotodan da aydın görünür ki, ərazidə çatlar var, yeni tikilinin özülü ilə əvvəlki bina arasında cüzi məsafə saxlanılıb. Ərazi yamac olduğundan sürüşmə və uçqun təhlükəsi realdır. Sakinlər dəfələrlə aidiyyətli qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, lakin nəticə hasil olmadığını da bildirdilər.

Sakinlər İstanbuldakı bina faciəsinin burada da təkrarlancağından əndişələnirlər. Xatırladaq ki, 6 fevral tarixində Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli bina çökdü. Binanın əvvəlcə 5 mərtəbəli olduğu, sonra isə qanunsuz yolla mərtəbələrin artırılaraq 8-ə çatdırıldığı bildirilirdi. Binanın çökməsinə səbəb kimi həm də ərazidə biri-birinə yaxın məsafədə daha bir neçə hündürmərtəbəli binanın tikilməsi göstərilir. Yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı isə artıq 24 nəfərə çatıb.

Allah eləməmiş, eyni faciənin Bakıda təkrarlanmayacağına kim təminat verə bilər? Sakinlər əlaqədar təşkilatlardan, Fövqəladə Hallar Nazirliyindən hərəkət gözləyir. Həm də bir halda ki, burada da tikinti normalarına riayət olunmur.

Ekspertlər bu fikirdədir ki, tikintilər Bakının relyefinə, torpağın geoloji quruluşuna mütləq uyğun aparılmalıdır.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova da bu fikirləri bölüşür. Z.Budaqova hesab edir ki, paytaxtda tikintilər normalar, standartlar çərçivəsində və eyni zamanda şəhərin memarlıq üslubuna uyğun aparılmalıdır:

- Hündürmərtəbəli bina tikintisinin öz normaları var. Ərazidə iki hündürmərtəbəli bina qoşa tikilirsə, sadə desək, bu iki binanın arasındakı məsafə binanın hündürlüyü qədər olmalıdır. Qonşu Rusiyada bina layihələrinə çox ciddi yanaşırlar və normalara uyğun gəlməyən layihələri təsdiqləmirlər. İllər öncə mən Peterburqda bina layihəsi işləmişəm, geri qaytarıblar ki, binalar arasındakı məsafəni düzgün təyin edin, yalnız bundan sonra tikintiyə icazə verilib. Amma görürük ki, bizdə belə məsələlərə dırnaqarası baxılır. Nəyə arxayındırlar? Bir dəfəlik hamı bilməlidir ki, Bakının torpaq quruluşu əsasən gildir. 

Hündürmərtəbəli bina tikmək üçün mütləq möhkəm svaylar vurulmalıdır. Bunu edənlər var. Lakin yenə də binalar arasındakı məsafə problemi qalır. Binaları elə yaxın tikirlər ki, mənzillərə günəş şüası düşmür, hava daxil olmur. 

Şəhərdə elə binalar var, mənzilləri gün işığına faktiki həsrətdir. Belə olmaz axı. Bəs o mənzillərdə yaşayan insanlar günəş şüası almamalıdır, hava sirkulyasiyası görməməlidir?! Biz söküntülərə qarşı deyilik. Dəfələrlə fikrimi bildirmişəm ki, Bakıda elə yerlər var, orada abadlıq işlərinin aparılması, köhnə məhəllələrin, evlərin sökülməsi labüddür. Amma bu, şəhərin tarixi memarlıq üslubuna, ümumi görünüşünə xələl gətirən tikililərə aiddir. Söküntü işləri aparılır, ancaq görürük ki, sökülən evlərin yerində hündürmərtəbəli binalar tikilir. Bina tikiləcəksə, gərək ərazinin relyefinə uyğun olsun, ərazinin terras forması pozulmasın. 

Ümumilikdə Bakının quruluşu amfiteatr formasındadır. Amma bəzən plansız aparılan tikililər Bakının əzəli quruluşunu dəyişir. Şəhərin amfiteatr forması demək olar ki, yoxa çıxıb. Halbuki, Bakı məhz bu relyef quruluşuna görə digər şəhərlərdən seçilirdi və gözəl idi. Hamı bilir ki, Bakının mərkəzi hissələrində torpağın qiyməti bahadır. Sahibkar torpağı alırsa, təbii olaraq gəlir əldə etmək istəyir və buna görə də ərazidə hündürmərtəbəli bina tikib mənzilləri baha qiymətə satır, binanın alt mərtəbələrini də baha qiymətə icarəyə verir. Görürük ki, bütün hündürmərtəbəli binaların bir və ikinci mərtəbələri ya ofis, ya da market, mebel evi üçün nəzərdə tutulur. Şəhərdə sıxlığın yaranmasına bir səbəb də budur. 

Binaların alt mərtəbələri satış obyektləri kimi icarəyə verildiyindən qarşısında daim avtomobillər dayanır. Bu da tıxacların, sıxlığın yaranmasına səbəb olur. Bütün yaşayış binalarının layihə sənədlərində həyət, ağaclar, istirahət parkı qeyd olunur. Elanlarda da bildirirlər ki, geniş həyəti, bağçası olacaq. Amma bina tikilib istifadəyə verildikdən sonra nə həyətdən əsər-əlamət görünür, nə də parkdan, ağaclardan. Şəhərdə söküləsi nə qədər evlər var. 

Çoxu da yaşayış üçün yararsız olanlardır. Əlbəttə, bu evlər sökülməlidir. Amma məsələ sökülən evlərin yerində nəyin, necə tikiləcəyidir. Nizamsız tikililərin əmələ gəlməsinin ən əsas günahkarı yerli icra orqanlarıdır. Çünki bəzi məmurlar sahibkardan rüşvət almaqla tikintiyə icazə verirlər. Sahibkar da verdiyi rüşvətin əvəzini çıxmaq üçün tikinti normalarını pozur, bir binanın yerində, iki bina tikir. Sıxlıq, tikinti normativlərinin pozulması belə yaranır. 

Bakının relyefi pilləli, amfiteatr və yamac formalı olduğundan daha çox parklar, yaşıllıqlar salınmalıdır. Xüsusilə də aktiv sürüşmə zonalarında yaşıllıqların çox olmasına çalışmalıyıq. Aktiv sürüşmə zonalarında hündürmərtəbəli binaların tikilməsi, əlbəttə təhlükəlidir.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu