Toplumu oxumağa həvəsləndirmək lazımdır

Türkiyədə kitab, qəzet və jurnala tətbiq edilən ƏDV dərəcəsi sıfırlanacaq
Fazil Mustafa: "Azərbaycanda da tərəddüdsüz bu addım atılmalıdır. Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam, indi də faydalı nümunə yarandığına görə təkrar mövzunu gündəmə gətirəcəyəm"


Azər Həsrət: "Azərbaycan da vaxt itirmədən tətbiqata başlamalıdır. İstər qəzet, istərsə kitab çapı olsun, ümumiyyətlə, kağızla bağlı vergi və əlavə problemlər həll olunmalıdır"


Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər verigisi sıfıra endirilir. Qardaş ölkə mediasının məlumatına əsasən, bununla bağlı məlumatı Prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində müvafiq qanunun qəbulundan sonra kitabda və digər qəzet, jurnalda ƏDV dərəcəsi sıfıra salınacaq. 

Türkiyə lideri bildirib ki, rəqəmsal texnologiyanın inkişafı mətbuat orqanlarının, həmçinin kitablarının satışını çətinləşdirir. Ancaq dövlətin vergi dəstəyi onların rəqabət qabiliyyətini artıracaq. Xatırladaq ki, bu məsələ Azərbaycanda da dəfələrlə gündəmə gətirilib və müzakirə olunub. Əksər ictimaiyyət nümayəndələri kağız üzərindəki əlavə dəyər vergisinin ləğvinin zəruri olduğunu bəyan ediblər.


Feysbuk profilində məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Türkiyədə kitab və jurnalların üzərindən əlavə dəyər vergisinin götürülməsinin bircə hədəfi var: - toplumu oxumağa, kitab və tərcümə nəşrlərini genişləndirməyə həvəsləndirmək: "Azərbaycanda da tərəddüdsüz bu addım atılmalıdır. Bu məsələni bir neçə dəfə Milli Məclisdə qaldırmışam, indi də faydalı nümunə yarandığına görə təkrar mövzunu gündəmə gətirəcəyəm. Fikrimcə, dövlət siqaretdən, spirtli içkidən istədiyi qədər gəlir götürə bilər, çünki hər ikisi zərərli, faydasız və xəstəlik mənbəyidir. Ancaq dünyada ən az mütaliəsi olan toplumlardan biri olduğumuza görə kitab və jurnallara əlavə dəyər vergisi şamil olunmamalıdır. Nəşriyyatlarımızı gücləndirmək, tərcümə sektorunda sağlam rəqabət yaratmaq lazımdır ki, dünyadakı tərəqqini anında izləməmiz mümkün olsun”.

Parlament üzvü deyib ki, son vaxtlar Bakıda yaxşı dizayn olunmuş kitab mağazalarının açılması bizləri sevindirməyə bilməz. Ancaq Azərbaycanın Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba digər böyük şəhərlərində hələ də beynəlxalq standartlara uyğun kitab mağazaları yoxdur: "Kitabxanalarımızın da durumu ürəkaçan deyil. Kitabı vergidən azad etmək, Azərbaycanda kitaba dönüş, mütaliəyə vərdiş hərəkatını başlada bilər. Bu qərar Türkiyənin gələcəyi üçün olduqca müsbət nəticələr vəd edir, bizdə nədən olmasın?”.

Məsələni "Şərq”ə dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət də deyib ki, illərdir Azərbaycanda da bu addımın atılması ilə bağlı təklif irəli sürür:

 "Çünki kağıza tətbiq olunan əlavə dəyər vergisindən əldə olunan vəsait Azərbaycanın dövlət büdcəsində gözə görünən bir rəqəm deyil. Amma çap mediası və jurnalistlərimiz üçün ciddi problemdir. Qəzetçilərimiz bu məsələdən çox əziyyət çəkirlər. Düşünürəm ki, Azərbaycan vaxt itirmədən tətbiqata başlamalıdır. İstər qəzet, istərsə kitab çapı olsun, ümumiyyətlə, kağızla bağlı vergi və əlavə problemlər həll olunmalıdır. Mümkün qədər çalışmalıyıq ki, kağız bu ölkəyə ucuz qiymətə daxil olsun ki, ondan geniş istifadə edilməsi üçün şərait yaransın”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu