Ermənistanda ehtiyatda olan zabitlər də ayağa qalxdı

Düşmən ordunun daxilində təşviş yaşanır



Son günlər Ermənistanda kütləvi etiraz edən təbəqələrin arasına hərbiçilər də qoşulub. Ordunun təqaüddə olan zabitləri hökumət binası yaxınlığında aksiya keçirərək erməni ordusuna, əsgər və zabitlərə çağırış ediblər. Zabit Solak Xaçaturyan bildirib ki, bugünkü hərbi qulluqçular gələcəkdə necə yaşayacaqlarını görməlidirlər: 

"Qoy indiki hərbi qulluqçular bizə baxıb görsünlər ki, onları gələcəkdə hansı bəlalar gözləyir. Məsələ yalnız mənzil problemində deyil, həmçinin məzuniyyətlərin ödənişləri məsələsi də ciddi problemdir. Belə vəziyyətdə kim orduda xidmət edəcək?”. Əslində erməni ordusunda vəziyyətin acınacaqlı olması dəfələrlə gündəmə gətirilib. Paşinyan özü də ordudakı özbaşınalıqdan, əsgər, ərzaq və geyim çatışmazlığından şikayət edib. Hətta problemləri aradan qaldırmaq üçün kifayət qədər resurslarının olmadığını etiraf etmək məcburiyyətində qalıb. Məsələ ondadır ki, Ermənistanın iqtisadi çöküşü paralel olaraq düşmənin silahlı qüvvələrini də sıradan çıxarır, zəiflədir, ordu daxilində qarşıdurmaya səbəb olur.

Düşmən ordusunda yaşanan narazılıqları "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi elə bir fazaya keçib ki, artıq güclü tərəf öz diktəsini edir:

 "Məlumdur ki, münaqişənin ədalətli həllini Azərbaycanda iqtisadi maraqları olan dünyanın ən aparıcı dövlətləri və beynəlxalq qurumları tələb edirlər. İndiyə qədər ağır iqtisadi vəziyyətdə yaşayan Ermənistan Rusiya və İranın birbaşa hərbi-iqtisadi dəstəyi ilə danışıqlarda balans yarada bilirdi. Bundan sonra regionda siyasi vəziyyətin sürətlə dəyişəcəyinin şahidi olacağıq. ABŞ-ın İrana qarşı basqılarını Rusiya və Çin durdurmaq gücündə deyil. Hətta Rusiyanın özü bu təzyiqlərə və embarqolara davam gətirə bilmir. Qərbin başlıca planlarından biri Rusiya və İrandakı rejimləri devirərək bir-birini əvəz edən hakimiyyətlər formalaşdırmaqdır. Bu proseslər reallaşdığı anda primitiv və görüntü xarakteri daşıyan Ermənistan ordusu kifayət qədər güclü və uzunmüddətli döyüşlər aparmaq qabiliyyətinə malik olan Azərbaycan ordusu ilə təkbaşına qala bilər”.

Analitikin sözlərinə görə, Ermənistana çox yaxın olan Fransa öz qardaşlarını qurtarmaq üçün hərəkətə keçsə belə, Türkiyə və Pakistan faktoru daim bizim xeyrimizə olacaq: 

"Əgər hərbi əməliyyatlar başlayarsa, ermənipərsət qüvvələr gözünü açana qədər biz öz işimizi görəcəyik. Bu səbəbdən də Ermənistan ordusunda bir təşviş yaşanır. Onlar da çox gözəl anlayırlar ki, "qonşuya ümid edən çıraqsız qalar”. Kaş ki, erməni xalqı zamanında bu tələyə düşməyəydi və uzun illərdir davam edən mənasız torpaq iddiaları olmayaydı. Gec və ya tez, işğalçı qüvvələr Qarabağ torpaqlarımızdan çıxarılacaq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu