“Azərbaycan və çeçen xalqları arasında ədavət toxumu səpmək istəyənlərin planları gözlərində qaldı” – Politoloq





"Sözsüz ki, bu cür məişət xarakterli kriminal hadisələri törədib sonra da onu ictimailəşdirənlərin məqsədi təxribat xarakteri daşıyır”.

Bunu "Sherg.az”a tanınmış politoloq Nəzakət Məmmədova fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu cür hadisələri iki xalq arasında ədavət, düşmənçilik kimi qələmə vermək doğru deyil.

"Çünki çoxmilyonluq Azərbaycan xalqı ilə çeçen xalqı arasında adi bir məişət xarakterli cinayət hadisəsi düşmənçilik yarada bilməz, ədavət toxumu səpmək istəyənlərin planları da gözlərində qaldı. Düşünürəm ki, Azərbaycan tərəfindən rəsmi səviyyədə bu məsələ ilə bağlı ən obyektiv mövqeyi Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli professor Əli Həsənov lazımi şəkildə bildirib. Prezidentin köməkçisinin də qeyd etdiyi kimi Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Çünki Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.

Həqiqətən də, iki xalq arasında heç bir qüvvə nifaq yarada bilməz. Onu da xatırlamaq yerinə düşərdi ki, Azərbaycan xalqı çeçenlərin ən ağır vaxtlarında onlara yardım edib, müharibə zamanı qaçqınlara sığınacaq verib. Çeçen xalqı bunu unutmamalıdır, necə ki, Qarabağ müharibəsində çeçen könüllülərin gəlib bizim tərəfimizdə vuruşması sirr deyil və xalqımız bunu unutmur”.

Politoloq onu da əlavə edib ki, Azərbaycan və çeçen xalqları islam dininə etiqad edir, bu xalqların din qardaşlığı var və böyük Rusiyada onların qarşıdurması yox, həmrəyliyi daha vacibdir: "

Hörmətli Əli Həsənov haqlı olaraq belə bir çağırış edib ki, Rusiya çoxmillətli dövlətdir, biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”.

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu