Xocalı soyqırımı hər türkün qanayan yarasıdır... – Ankarada tədbir





Türk Dünyası Parlamentarilər Birliyi Xocalı soyqırımını qınayıb. Birliyin Ankaradakı Mərkəzində təşkil olunan mətbuat konfransında ermənilər tərəfindən törədilən Xocalı soyqırımı lənətlənərək, "Qardaş Azərbaycanın böyük ağrı-acısını bölüşür və bu acını bütün qəlbimizlə hiss edirik” deyilib. Türk Dünyasının Parlamentarilər Birliyinin rəhbəri Nail Çələbi Xocalı qatillərinin bu qətliamına göz yumanların Srebrenitsa da olduğu kimi mühakimə olunmalarını tələb edib. 

Çələbi beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa və Xocalı qətliamını lənətləməyə dəvət edib. Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu vurğulayan Çələbi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnaməyə rəğmən işğalın davam etdiyini bildirib. Azərbaycanın öz torpaqlarını geri qaytarmaq gücünə malik olduğunu vurğulayan Nail Çələbi ATƏT-in Minsk qrupunu həll üçün daha çox səy göstərməyə çağırıb: 

"ATƏT-in Minsk qrupu ya vəzifəsini yerinə yetirsin, ya da ləğv edilsin. Artıq Azərbaycanın səbri tükənmək üzrədir. Buradan bir dəfə də dünyaya səslənirəm. Ermənistan Azərbaycan torpaqlarından təcili olaraq çıxmalıdır. 

Beynəlxalq ictimaiyyət, ATƏT və BMT bölgədə yeni faciələrin yaşanmasını istəmirsə, Ermənistanı yola gətirməlidir. Türk dövləti, milləti, qeyri-hökumət təşkilatları və Türk Dünyası Parlamentarilər Birliyi olaraq qardaş Azərbaycanın yanındayıq. Can Azərbaycanı haqlı mübarizəsində əsla tək qoymayacağıq. Bunu bütün dünya bilsin. Biz türklərin və vicdanı olan insanların ürəyi yalnız bu gün deyil, 27 ildir Xocalı üçün döyünür. Səbrimizi daşırmayın”.

Xocalıda bundan 27 il əvvəl vəhşilik, qətliam törədildi, böyük bir faciə yaşandı. 63 uşaq, 106 qadın və 70 yaşlı insan, ümumilikdə 613 nəfər ermənilər tərəfindən qətl edildi. Böyük Ermənistan xəyalı ilə sayıqlayan ermənilər üçün 7 min əhalisi olan Xocalı hərbi cəhətdən strateji əhəmiyyət daşıyırdı.

 Bir neçə ay əvvəldən başlayan mühasirədən sonra 26 fevral 1992-ci ildə gecə yarısından əvvəl Rusiyanın 366-cı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə yüzlərlə erməni hərbçisi Xocalıya basqın etdi. Erməni zülmündən qaçmaq istəyən xocalılar vəhşicəsinə düşünülmüş bir tələnin qurbanları oldular, evlər dağıdıldı. Xocalılara qarşı insanın damarlarında qanını donduran vəhşiliklər törədildi. Xocalı o gündən bu yana hər türkün qanayan yarası oldu..

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu