"Kim yaxşı iş görmək istəyirsə dərhal ayağından çəkirlər"

Akif Nağı: "Mən demişəm ki, əgər müxalifət lazımi dəstəyi versəydi, Qarabağ problemi indiki vəziyyətə düşməzdi"
"Təəssüflər olsun ki, yenidən həmin səhvlər təkrar edilməyə, köhnə xətt tutulmağa başlanılıb. Məhz bu səbəbdən sözügedən qruplaşmalarla dil tapa bilmədik"


Ötən gün Qarabağ Azadlıq Təşkilatının kritik iclası keçirilib. QAT sədri Akif Nağı indiki vəziyyət barədə məlumat verərək, Qarabağ Komitəsində gedən proseslər haqqında geniş çıxış edib. Çıxışın sonunda əksəriyyətin səs çoxluğu ilə mühüm qərarlar qəbul olunub. Qarabağ Komitəsində QAT sədrinə qarşı hörmətsizlik edildiyi, Komitənin bəzi üzvləri tərəfindən siyasi möhtəkirlik meyillərinin güclənməsi əsas götürülərək təşkilatın Qarabağ Komitəsindən çıxması barədə yekun qərar qəbul edilib. Həmçinin, təşkilatın daha geniş və güclü Qarabağ mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərəcəyi vurğulanıb. Məlumat üçün bildirək ki, bir müddət əvvəl QAT sədri A.Nağı Qarabağ Komitəsinin idarə heyətinin üzvlüyündən xaric edilib. Qərardan sonra komitə daxilində ziddiyyətlər və qarşıdurmalar gündəmə gəlib. Tərəflər biri-birini ittiham etməyə başlayıblar. Müxalif cəbhədə günlərdir müzakirə olunan məsələ ilə bağlı "Şərq”in suallarını cavablandıran təşkilat rəhbəri Akif Nağı iddialara və bir sıra məqamlara aydınlıq gətirib...

- Akif bəy, Qarabağ Komitəsinin idarə heyətindən xaric edilməyinizi necə dəyərləndirirsiniz? Hansı proseslər belə bir qərarı gündəmə gətirdi?

- Bilirsiz, Azərbaycan cəmiyyətinin Qarabağla bağlı tanıdığı, etimad göstərdiyi qurum Qarabağ Azadlıq Təşkilatıdır. Ona görə də bu istiqamətdə toplumda canlanma yaratmaq istədik. Çalışdıq ki, hər yerdə və hər an "Qarabağa azadlıq!” ideyasını gündəmə gətirək və gündəmdə də saxlayaq. Əsas qayəmiz bu idi. Qarabağımız işğaldan azad olunana qədər də prosesi davam etdirmək istəyirdik. Elə bu məqsədlə ölkədə fəaliyyət göstərən siyasi qüvvələrə, QHT-lərə, vətəndaş cəmiyyətlərinə müraciət etdik ki, gəlsinlər, birlikdə hərəkət edək. Çox təəssüflər olsun ki, kimsə yaxşı iş görmək istəyəndə dərhal ona qarşı çıxırlar, ayağından çəkirlər. Bu da onu göstərir ki, Komitəyə toplaşanlar arasında şəxsi ambisiyalarına, siyasi maraqlarına xidmət edən şəxslər var. Həm də görünür, müəyyən dairələrdən sifarişlər edilir. Hər halda belə alındığı üçün çox təəssüflənirəm.

- Əleyhinizə olanlara qarşı hansısa addım atacaqsınızmı? Rəhbərlik etdiyiniz qurumu Qarabağ məsələsini "monopoliyaya”almaqda ittiham edirlər...

- Bizi dəfələrlə əsassız yerə ittiham ediblər ki, guya, QAT Qarabağ məsələsini mənimsəyib, heç kimə iş görməyə imkan vermir. Ancaq hər hərəkətin hökmən müsbət nəticəsi də olur. Son hadisələrdən sonra bizdən başqa iki yerdə Qarabağ Komitəsi yarandı. Yəni iddia etdikləri kimi bu işlə sadəcə biz məşğul olmuruq. Onlar da çalışsınlar, əllərindən gələni etsinlər. Əksinə, sevinirik ki, Qarabağ ətrafında gedən proseslər bu sahədə canlanmanı artırır, fəaliyyəti genişləndirir. Biz də Qarabağ Azadlıq Təşkilatı olaraq öz fəaliyyətimizi davam etdirəcəyik. İstərdim ki, QAT-la digər Qarabağ Komitələri arasında xoş və Qarabağın azadlığına, Azərbaycanın maraqlarına xidmət edən münasibətlər yaransın. Heç vaxt qarşıdurmanın tərəfdarı olmamışıq. Buna ehtiyac da yoxdur. Qarşılıqlı əməkdaşlıq formasında, xoş niyyətlərlə işlərimizi davam etdirməliyik. Mənim mövqeyim bundan ibarətdir.

- Fərqli Qarabağ komitələrinin yaranması parçalanma kimi də təqdim olunur. Bu fikirlə razılaşırsızmı?

- Mən buna parçalanma deməzdim. Düzdür, müəyyən amillərin təsiri altında arzuolunmaz proseslər yaşandı. Qarabağ Komitəsini birlikdə təsis etmişdik. Burada QAT-ın mövqeyinin nəzərə alınması yaxşı olardı. Komitədən çıxmaq məsələsi gündəmə gələndə fəaliyyətimi davam etdirmək niyyətində olduğumu dedim. Lakin onlar Akif Nağıya qarşı tam qərəzli mövqedən yanaşdılar. Biz birgə fəaliyyəti dəstəkləsək də, onlar qarşı çıxdılar və QAT-ın nəzdində çalışmaq istəmədilər. Bir daha təkrar edirəm, heç bir qorxusu və problemi yoxdur. Ola bilsin, başqa fikirləri var və düşünürlər ki, Akif Nağısız daha sürətlə niyyətlərinə çata bilərlər. Hər halda imkan verək ki, özlərini göstərsinlər.

- Sizə qarşı qərəz olduğunu dediniz. Bunun səbəbi nədir, nə söylədiniz ki, birdən-birə hədəf oldunuz?

- Dəvət etdiyimiz adamların hamısının diqqətinə açıq şəkildə öz prinsiplərimizi çatdırmışıq. Demişik ki, Qarabağın azadlığı bütün Azərbaycan cəmiyyətinin birgə fəaliyyətindən keçir. Qarabağın azadlığı prosesi hakimiyyət uğrunda davaya çevrilməməlidir. Heç bir siyasi qüvvə və ya fərdi şəxs hökumətə qarşı Qarabağ məsələsindən istifadə etməməlidir. Çünki ümumi proseslər göstərib ki, Qarabağ hadisəsi çox zaman hakimiyyət uğrunda mübarizələrə qurban verilib. Ötən gün eks-prezident Ayaz Mütəllimovun bir mühasibəsini oxudum. Sabiq prezident bir məqamı təsdiq və etiraf etdi ki, əgər o zaman müxalifət qüvvələri rəhbərliyi dəstəkləsəydi, Qarabağ məsələsində vahid istiqamətdə hərəkət etmək mümkün olardı. Lakin müxalifət dəstək vermək əvəzinə Mütəllimova qarşı hücuma keçdi və onu istefaya göndərmək xətti tutdu. 

Mən də bu məqamı dəfələrlə gündəmə gətirmişəm. Bildirmişəm ki, əgər müxalifət lazımi dəstəyi versəydi, Qarabağ problemi indiki vəziyyətə düşməzdi. Ona görə də hesab edirəm ki, Qarabağ məsələsində bəzi müxaliflərin tutduğu yol yanlışdır. Bu həssas məsələ hakimiyyət uğrunda mübarizəyə qurban verilməməlidir. Təəssüflər olsun ki, yenidən həmin səhvlər təkrar edilməyə, köhnə xətt tutulmağa başlanılıb. Məhz bu səbəbdən sözügedən qruplaşmalarla dil tapa bilmədik. Nə qədər çalışsam da, onları öz fikirlərindən döndərə bilmədim. Görünür, QAT-ı özlərinin hakimiyyət uğrunda mübarizə xəttinə əngəl törədən bir maneə bildikləri üçün bizimlə yollarını ayırmaq qərarı veriblər. Mən belə başa düşürəm.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu