"Quran indiyə kimi yanlış şərh olunub" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: "Mənim yazdığım üslubda islam tarixində heç kəs belə bir kitab yazmayıb"


"Əgər "Qurani Kərim" insanlara rəhmət olaraq göndərilibsə və Allah-Təala müsəlmanları ən üstün ümmət olaraq yaradıbsa, niyə bu gün müsəlmanlar rəzil, nadan və cahil vəziyyətə düşüblər?! Bu sualın cavabını ancaq Quranda tapmaq mümkündür"


"Məsələn, Quranda buyrulur ki, "sizin əliniz, ayağınız sizin əvəzinizə cavab verəcək, şahidlik edəcək”. Elmdən xəbəri olmayan adam dərhal deyir ki, "əl-ayaq necə danışa bilər?!”

Müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri, tanınmış siyasətçi Sərdar Cəlaloğludur. S.Cəlaloğlu ilə budəfəki söhbətimiz ölkənin siyasi həyatı ilə bağlı deyil. Partiya sədrinə ünvanladığımız suallar onun qələmə aldığı və artıq tamamlamaq üzrə olduğu 30 cildlik "Qurani Kərim”in izahı ilə bağlıdır. Ümumiyyətlə, ADP sədrinin elmi-fəlsəfi yöndə yazılmış bir çox kitabları var. 100-ə qədər əsər qələmə aldığını söyləyən Sərdar bəy maddi çətinlik səbəbi ilə kitablarının əksəriyyətini çap etdirə bilmədiyini deyib. Maraqlısı odur ki, Azərbaycan siyasətinin ən çox kitab yazan partiya sədri kimi tanınan S.Cəlaloğlu "Qurani Kərim”in izahını ərəb dilini bilmədiyi halda yazıb. Müəllifin bildirdiyinə görə, bu üslubda islam tarixində heç kəs belə bir kitab yazmayıb. Kitabın adı "Qurani Kərim"in elmi-fəlsəfi izahı”dır..

- Sərdar bəy, yəqin siz də qəbul edirsiz ki, Quranla bağlı əsər yazmaq həssas və məsuliyyətli məsələdir. Hansı səbəblərdən bu kitabı yazmaq ehtiyacı duydunuz?

- Siyasətçi kimi müasir dünyada gedən proseslərin təhlilini aparmışam. Ələlxüsus da islam dünyasının geri qalmasının səbəblərini təyin etmişəm. Çalışmışam ki, problemin səbəbini Quranda axtarım və üzə çıxarım. Əgər "Qurani Kərim" insanlara rəhmət olaraq göndərilibsə və Allah-Təala müsəlmanları ən üstün ümmət olaraq yaradıbsa, niyə bu gün müsəlmanlar rəzil, nadan və cahil vəziyyətə düşüblər?! Bu sualın cavabını ancaq Quranda tapmaq mümkündür. Əks halda elə çıxar ki, əstağfürullah, ya söylənilənlər yalandır, yəni müsəlmanlar ən üstün ümmət deyillər, ya da bizim gördüyümüz insanlar əsl müsəlman sayılmırlar. İndi müsəlman olduqlarını iddia edənlər əslində Quranı başa düşmürlər, iman gətirmirlər. Bəs biz Quranı necə başa düşməliyik? Maraqlanan zaman gördüm ki, dünyanın bir çox ölkələrində, islam dininin mərkəzi olan Türkiyədə, Misirdə Qurana yenidən baxışın zəruri olduğu ortaya qoyulur. Əl-Əhzər Universitetinin bir professoru bəyan edib ki, "Qurana yenidən baxmalıyıq, çünki indiyə qədərki baxışlar islamın inkişafına imkan vermir”. Hamı bilir ki, mən müasir fəlsəfə ilə məşğul oluram. Kifayət qədər elmi bazam var. Fikirləşdim ki, əgər Kvant fizikasından, biologiyadan, molekulyar biologiyadan, astronomiyanın nailiyyətlərindən, fəlsəfi elmlərdən, psixoloji və sosioloji nəzəriyyələrdən çıxış edərək "Qurani Kərim"ə baxsaq, o zaman Quran bizə yeni həqiqətləri diktə edəcək. Bugünədək "Quranı necə şərh etmək olar” sualına heç bir islam alimi cavab verməyib. Hər kəs özünün gümanı və etimadı əsasında təfsir yazıb. Halbuki, Allah buyurur ki, "sizin güman və etimad əsasında Qurandan çıxardığınız hökmlər yanlışdır”. Başqa bir ayədə isə Allah peyğəmbərinə buyurur ki, "sən Quranı insanlara ən gözəl şəkildə, yəni anlaşılan tərzdə izah et”. Buradan görünən odur ki, Allah Quranın izahını digər mətnlərin izahından üstün tutur. Ona görə də dünyəvi mətnlərdən fərqli olaraq Quranın interpratasiyası tamamilə fərqli olmalıdır. Quran indiyə kimi yanlış şərh olunub.

- Yanlışlıq nədədir? İslam alimləri harada səhv ediblər?

- Ayələrin 1-ci, 2-ci və 3-cü olaraq ardıcıl şərh olunması düzgün deyil. Çünki Quranda ayrı-ayrı məsələlərlə bağlı ayələr dağınıqdır, hərəsi bir yerdədir. Bəzən 10-15 surədə hansısa bir hadisədən bəhs edən ayələrə rast gəlirik. Şərhi ardıcıl aparanda ayənin nəyə işarə etdiyini tapa bilmirik. Amma konkret olaraq elmlə bağlı ayələri bir yerə yığıb onların təhlilini aparanda görəcəyik ki, elmin əldə edilməsi, yayılması ilə bağlı Quranda tamamilə fərqli bir yol göstərilib. Bu zaman elmlə bağlı başqa, yeni mənalar ortaya çıxır. "Qurani Kərim" məna çıxarmaq kitabıdır. Biz Qurandan mənalar çıxardırıq və onlara əməl edirik. İki cür həqiqət var. Birincisi, Hegelin dediyi kimi, dərk edilən həqiqətdir. İkincisi isə ancaq və ancaq yaşanması tələb olunan həqiqətdir. Hansısa həqiqəti yaşayırıqsa, avtomatik olaraq onun düzgünlüyünü təsdiq etmiş oluruq. Quranda bəyan edilən həqiqətlər dərk edilən deyil. Yəni bu, fizika kitabı deyil ki, götürüb Nyuton qanununu əzbərləyəsən və bildiyini iddia edəsən. Quranı bilmək üçün onu yaşamaq lazımdır. Yaşadıqca tədricən Quranın növbəti həqiqətləri üzə çıxır, aşkar olunur. Müsəlman həyatı yaşamayan adam Quranı anlayıram deyirsə, yalan deyir. Çünki əqli elmləri aşkar etdiyi həqiqətlərdən fərqli olaraq yaşanmaqla təsdiq olunan həqiqətlər fərqlidir. Quran həm elm, həm də nəsihət kitabıdır.

- Tarix boyu islam alimləri tərəfindən Qurana yüzlərlə təfsirlər yazıblar. Qəbul etdiyiniz təfsir yoxdurmu?

- Ən müasir təfsirlər belə qənaətbəxş deyil. Düzdür, islam alimləri təfsir yazarkən daha çox ağırlığı islam əxlaqına veriblər, bu müstəvidə fəaliyyət göstəriblər. Bu da təqdirəlayiqdir, ancaq uzun zaman Quranın verdiyi gizli bilgilər aşkar edilməyib. VII-IX əsrlərdə yaşayan islam alimləri "Qurani Kərim" üzərindən böyük kəşflərə imza atıblar. Məsələn, maddənin quruluşunu, triqonometriyanı, alqoritmləri icad ediblər. Coğrafi məkanlar kəşf olunub və s. Bunları Qərb alimlərinin adına çıxmağa çalışırlar, amma hamısı müsəlman alimləri tərəfindən icad olunub. Lakin XIV-XVI əsrlərdən sonra islam geriləməyə başlayıb. Dində daha çox xurafat meydana çıxıb, məzhəblər inkişaf edib, klassik islam sıradan çıxıb. Zamanla "Qurani Kərim" insanlar üçün elmi əhəmiyyəti olmayan kitaba çevrilib. Qurandan sadəcə məzhəblər və təriqətlər üçün hökm çıxarıblar. Ancaq elm sübut edir ki, hər kəsin mətnlərdən öz ağlına, düşüncəsinə görə məna çıxartması yanlışdır, düzgün olan mətndəki əsl mənanı tapıb üzə çıxarmaqdır. Əksər alimlər Qurandan öz təfəkkürlərinə uyğun məna çıxarmağa çalışıblar. Nəticədə Quran ətrafında yanlış fikirlər, səhv ideyalar meydana gəlib. Mən bütün bunları nəzərə almışam və çalışmışam ki, Qurana elmi və fəlsəfi yanaşım. Allah-Təala Quranda buyurur ki, "Mən bu kitabı sizə göndərmişəm ki, Allahı tanıyasız və doğru yola yönələsiz”. Biz bunu müasir elmin ən son nailiyətləri ilə həyata keçirməliyik. İzahı dünyada mövcud olan fəlsəfi təlimlərlə və elmi nəzəriyyələrlə aparmalıyıq. Keçmiş dövrdə yaşayan alimlərin elmdən xəbərləri olmayıb. Məsələn, XVII əsrdə yaşamış bir islam aliminin Nyutonun qanunlarından, molekulyar biologiyadan və Kvant fizikasından xəbəri olmayıb. O yazıq məhdud bilgilərlə Quranı necə izah edə bilərdi? Amma müasir insan yeni bilgilərə malik olduğuna görə Quranı ən gözəl şəkildə izah etməyə qadirdir. İşimin əsas mahiyyəti də budur.

- Siz ərəb dilini bilmədiyinizi qeyd etmişdiniz. Deməli, Quranın təfsirini tərcümələrə əsasən yazırsız?

- Əvvəla onu deyim ki, mən təfsir yox, izah yazıram. Bunlar fərqli məsələdir. Təfsiri heç kəs yaza bilməz. Təfsiri Quran özü edir. Allah-Təala buyurur ki, "Mən ayələri biri digərini izah edən formada, bir-birinə bağlı şəkildə nazil etmişəm”. Yəni Quran öz-özünü təfsir edir. Əgər kitabı oxuyarkən hansısa ayəni başa düşmürüksə, Quranın tam mətninə nəzər salanda mütləq həmin ayənin izahını, davamını görəcəyik. Bu, təfsir deməkdir. İzah isə odur ki, elmi yanaşmalarla Quranı insanlara çatdırmaq deməkdir. Qurandakı bir ayəni götürürəm və onu kimyanın, fizikanın, fəlsəfənin, psixologiyanın, riyazıyyatın və s. elmlər əsasında izah edirəm. Allah buyurur ki, "mənim elmim iki cürdür, birincisini mələklər vasitəsi ilə insanların beyninə, digər elmləri isə insanların qəlbinə yeridirəm”. Qəlbə yeridilən ilahi, beynə yeridilən elmlər isə əqli adlanır. Bunların ikisi də Allahdandır, deməli, birini digəri vasitəsi ilə izah etmək mümkündür. Ayələri müasir insanların başa düşəcəyi tərzdə anlatmaq lazımdır. Məsələn, Quranda buyrulur ki, "sizin əliniz, ayağınız sizin əvəzinizə cavab verəcək, şahidlik edəcək”. Elmdən xəbəri olmayan adam dərhal deyir ki, "əl-ayaq necə danışa bilər?!”. Amma son illərdə bir amerikalı alim bir nəzəriyyə kəşf edib, hətta ona Nobel veriblər. Həmin nəzəriyyəyə görə, bizim hər bir hüceyrəmizin öz yaddaşı var. Hüceyrə üzləşdiyi bütün hadisələri, prosesləri özündə qeyd edir və saxlayır. Təbii ki, zamanı gələndə onları yenidən xatırladır və saxladığı məlumatları ötürür. Bunu belə izah edəndə anlaşılır ki, axirət günündə insanın əl-ayağı danışacaq, yəni topladıqları informasiyaları Allaha təqdim edəcəklər. Yaxud da ölülərin dirilməsi məsələsini götürək. Kibernetika üzrə alimlər deyirlər ki, əgər biz Napoleonun bədəninin hüceyrə kodlarını bilsəydik, onu yenidən canlandıra bilərdik. Adi bir alim kodları bildiyi halda insanı yenidən canlandıracağını iddia edirsə, hər şeyə qadir olan Allah insanı niyə yenidən dirildə bilməsin? Klonlaşma da bunu sübut edir. Bir çox insan Quranda gizli sirləri və müasir elmi bilmədikləri üçün Allahın ayələrini inkar edirlər, ateist olurlar. Halbuki, bilsələr qətiyyən inkar etməzlər, Quranın elmi kitab olduğunu dərk edərlər. Biz də bu reallıqları bilsək, ən üstün ümmət olarıq, kamil insan olarıq.

- Quranın tərcümələrində yanlışlar, ciddi səhvlər olduğu deyilir. Bu amillər sizə problem yaratdımı?

- Mən kitabı yazarkən dörd tərcümədən istifadə etmişəm, yəni onlar arasında müqayisələr aparmışam. Sadəcə bir mənbədən istifadə etmirəm. Məlumdur ki, "Qurani Kərim" ərəb dilində nazil olub və Allah kitabı ərəb dilində oxumağı əmr edib. Söhbət ondan gedir ki, Quranı oxumaqla anlamaq arasında fərq çoxdur. Quran əqli elmlərdən fərqli olaraq həm də səsli oxunuşla insanlara təsir edir, onların emosional sferasında dəyişiklik yaradır. Adamları Allaha doğru istiqamətləndirir. Bu baxımdan Quranın ərəbcə səsli oxunuşu çox müsbət məqamlara malikdir. Hətta oxunan sözün mənasını bilmədən qulaq asmağın belə müsbət tərəfləri var. Tərcümə məsələsinə gəlincə, zaman-zaman çətinliklərlə rastlaşıram. Məndə türk və rus dillərində Quran tərcümələri, eyni zamanda Azərbaycanda nəşr olunan bir neçə tərcümələr var. Onları bir-biri ilə tutuşduranda görürəm ki, bəzi sözlərdə fərqlilik var. Ancaq bütövlükdə ayənin hamısı yanlış verilmir. Sadəcə bir-iki sözün fərqli yazılması ayənin ümumi tərcüməsinə mənfi təsir göstərmir. Yəni əsas qayə ilə ziddiyyət təşkil etmir. Bir məqamı da qeyd edim ki, ərəblərin ərəb dilini yaxşı bilməsi Quranı gözəl və dəqiq anlamaları demək deyil. Qurana ən uzaq olan qövm məhz bədəvi ərəblərdir. Çünki onlar ərəb dilini bildikləri halda Quranı anlamayıblar. Ərəb dilini bilmək bir insanı müsəlman etmir. Mən kitabda bir məsələni izah edərkən Qurandakı bütün ayələrə baxmışam. Əgər yanlışım, günahım varsa, Allah bağışlasın. Əsas odur ki, niyyətim xoşdur, təmizdir.

- Dünyada bu cür izah yazan, ən azından cəhd edən alimlər olubmu? Onların əsərləri ilə tanışsızmı?

- Yazanlar var və onları da qəbul etmirəm. Çünki fəlsəfəni və digər zəruri elmləri bilmədən Quranı izah etmək qeyri-mümkündür. Buna görə də bu işlə məşğul olanların əksəriyyətinin şərhi sintetikdir. Yəni Quranın mənasından fərqli olaraq, öz ehtimal və gümanlarıdır. Mən güman və ehtimalı istisna edərək elmi üsul və metodlarla Quranı izah etməyə çalışmışam. Bu metodlar mənə səhv etməyə imkan vermir. Ancaq gümana qalsa, hər bir ayədən milyonlarla məna çıxarmaq mümkündür. Bu da ziddiyyət və fərqlilik deməkdir. Müsəlmanların bu günə düşməsi bizim Quranın mahiyyətini bilməməyimizdən irəli gəlir.

- Maddi problemlərinizin olduğunu nəzərə alsaq, əsərinizin çap tarixini təxmini demək mümkündürmü?

- Təəssüflər olsun ki, dəqiq zaman deyə bilmərəm. Nobelə bir-iki kitab göndərmişdim, bu il də göndərəcəm. Yeganə ümidim odur ki, oradan müsbət cavab gəlsin. Bundan əvvəl 4 kitab yazmışam. Prezident Aparatına, AMEA-nın Tarix İnstitutuna məktub yazmışam, müraciət etmişəm. Ancaq heç kim kitabların çapı ilə bağlı maddi yardım göstərməyib. Dünya tarixində ilk dəfə olaraq metafizika ilə bağlı iki cildlik əsər qələmə almışam. Lakin maddi imkansızlıqdan çap etdirə bilmirəm. Artıq kiməsə müraciət etmək fikrim yoxdur, çünki nəticəsi olmur. Nə vaxt özümün şəxsi imkanım olarsa, Allah bu kitabın işıq üzü görməsini məsləhət bilərsə, o zaman çap olunacaq.

İsmayıl Qocayev


Paylaş

Bizi Facebookda izləyin
menu
menu