Ən ağıllı yol düşüncələri paylaşmaqdır

Qarabağ reseptini 3-4 məmurun qafasından çıxan cızmaqara yazı ilə başa düşən olmayacaq
Siyasi qüvvələrin, ictimai güclərin, düşüncə adamlarının dövlətin moderatorluğu altında problemləri açıq müzakirəsinə ehtiyac var


"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edən XİN sözçüsü bildirib ki, əgər Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını Xankəndi şəhərində keçirirsə, deməli, Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır: "Qarabağ erməniliyi” fikrini səsləndirən baş nazir söz oyununa son qoyaraq Dağlıq Qarabağda yaşayan ermənilərin "xalq” yox, erməni icması olduğunu dilə gətirir. 

Bir daha təkrar edirik ki, münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib; 1992-ci il Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub. Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti Təhlükəsizlik Şurasının iclasını Qarabağda keçirməklə diplomatiya baxımından kifayət qədər kobud səhvə yol verdilər. Qarabağın işğalının siyasi etirafını bu addımla bəyan etmiş oldular. Parlament üzvünün fikrincə, burada məqsədləri Qarabağ ermənilərində inam yaratmaqdır ki, biz heç vaxt bu torpaqları geri verməyəcəyik: 

"İşğal olunmuş bütün ərazilərdə ermənilər yollar salıb, evlər tikir, qəsəbələr inşa edirlər ki, bizi bir az da ruhdan salsınlar. Həm də onlara himayəçilər təminat verir ki, narahat olmayın, Azərbaycan psixoloji cəhətdən yenidən dirçələ bilməyəcək. Bunlar gözlənilən, proqnozlaşdırılan davranışlardır, onsuz da biz dəvəsi ölmüş ərəb kimiyik, dəvəmizin dərdini bir tərəfə qoyub yenidən dirçəlişin istiqamətlərini doğru təyin etməkdən başqa alternativimiz qalmayıb. Bu halda isə ən ağıllı yol bütün sahələrdə ölkənin güclənməsi üçün düşüncələrimizi paylaşmaqdır. 

Azərbaycanda siyasi qüvvələrin, ictimai güclərin, düşüncə adamlarının dövlətin moderatorluğu altında problemləri açıq müzakirəsinə ehtiyac var. Qarabağ reseptini 3-4 məmurun qafasından çıxan cızmaqara yazı ilə aptektə oxuyub başa düşən olmayacaq. İllərdir siyasətdə olsam da, dövlət adına hələ kimsə soruşmayıb ki, sənin Qarabağla bağlı düşüncən, təklifin nədir? Əminəm ki, mənim kimi yüzlərlə azərbaycanlıdan da bu sual soruşulmayıb. 
Ona görə müzakirələrə zərurət var ki, Qarabağın taleyi, ölkənin gələcəyi ilə bağlı bu dövlətin, bu Vətənin, bu millətin məsuliyyətini daşıyan insanlar düşüncələrini ortaya qoysunlar. Bəs ermənilər növbəti təhlükəsizlik yığıncağını Şuşada keçirsələr nə olacaq? Əgər özümüzə aid olan zəruri addımları atmağa tələsmiriksə, bizim üçün bayramlarını, iclaslarını harada keçirmələri fərq edərmi?”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Ermənistan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə öz problemlərini ört-basdır etməyə çalışır: 

"Paşinyanın son vaxtlar atdığı addımlar qeyri-adekvatdır. Münaqişə baş verəndən indiyə qədər heç vaxt Ermənistan Təhlükəsizlik Şurasının hər hansı yığıncağı Ermənistandan kənarda keçirilməyib. Bu dəfə isə Paşinyanın rəhbərliyi ilə Şuranın toplantısı Dağlıq Qarabağ ərazisində, Xankəndində keçirildi. Paşinyanın bu addımı sadəcə olaraq həm daxili, həm də xarici siyasətə hesablanmış gedişlərdir. Çünki aprel ayında Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam olur. 

O, həm daxili, həm də xarici siyasətlə bağlı çıxış etməlidir. Məlum məsələdir ki, sabiq prezident Robert Koçaryanın həbsi, ölkə iqtisadiyyatının tənəzzüldən də ağır bir nöqtəyə çatması və digər məsələlər Paşinyanı çıxılmaz vəziyyətə salır. Belə olan halda baş nazir nə ilə hesabat verə bilər? Deməli, yenə oynanılan Dağlıq Qarabağ kartıdır. Paşinyan və komandası bu kartdan istifadə edərək həm öz vətəndaşlarını, həm də qondarma rejimi sakitləşdirməyə çalışır”. Ekspertin fikrincə, burada bir sıra məqamlar da var: "Bu yaxınlarda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatının dəyişməz olduğunu bəyan etməsindən sonra Ermənistan rəhbərliyi məsələni müzakirə etmək üçün Dağlıq Qarabağ ərazisinə gedib. 

Bundan başqa, Paşinyan dəfələrlə bəyan edib ki, o, Ermənistanın baş naziridir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin heç bir nümayəndəsi icazə verməz ki, onların adından çıxış etsin. Ona görə də guya bununla bağlı mandatı almaq üçün Xankəndinə səfər edib. Yaxşı, bəs necə olur ki, Dağlıq Qarabağ ərazisində Ermənistan əsgərləri hərbi xidmət keçirlər, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirirlər? Əgər Paşinyanın dediyi kimi olsaydı, Ermənistan əsgərləri də Dağlıq Qarabağ ərazisindən çıxmalı idi". Politoloq qeyd edib ki, Azərbaycan daim öz ərazi bütövlüyünü təmin etməyə çalışacaq və münaqişənin həlli istiqamətində danışıqları davam etdirəcək.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu