Deputatlar haqlıdırlar

Qanunların və rəsmi sənədlərin dili qəlizdir
"Hüquq sistemimizi yaradarkən bəzi xarici ölkələrin hüquq sistemlərindən bəhrələnmişik ki, nəticədə tərcümə ilə bağlı qanunlarımızın dilində problemlər yaranıb"


Qəbul olunan qanun layihələrində dilimizə aid olmayan sözlərə, bəzən isə qanunların dilinin qəliz olmasına rast gəlirik. Bu anlaşılmazlıqlar isə bəzən vətəndaşlar, hətta dövlət qulluqçuları tərəfindən də müəyyən narazılıqlarla qarşılanır. Qanunlar aydın və başadüşülən şəkildə tərtib edilmədiyi üçün cəmiyyət tərəfindən narazılıqlarla qarşılanır. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli də o fikirdədir ki, bir sıra qanunların dilini başa düşmək olmur. Bunun üçün də millət vəkili Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac olduğunu düşünür. T.Kərimli deyib ki, keçən dəfə parlamentdə tiblə bağlı bir qanun qəbul edilib: "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə deyib ki, tək Milli Məclisin yox, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar da bəzən çaşqınlıq yaradır. 

Hətta icra hakimiyyətlərinin qəbul etdiyi qanunvericilik aktlarında da dil problemi ciddi şəkildə ortaya çıxır: 

"Bu isə hazırlanan qanunların "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanununa uyğun olmamasına dəlalət edir. Sözügedən qanuna görə, bütün layihələrin 3 məcburi - hüquqi, sui-istifadə halları və linqvistik ekspertizası keçirilməlidir. Bu proseslər fonunda Milli Məclisdə bəlkə də qrammatika şöbəsinin yaradılmasına ehtiyac yoxdur. Tahir Kərimlinin millət vəkili olması bir yana qalsın, bir hüquqşünas kimi onun belə bir təklif irəli sürməsi çox gülməlidir.

Sadəcə olaraq "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanununun işləkliyini təmin etmək lazımdır. Bizdə isə qanunları kobud şəkildə tərcümə edirlər, o formada da qəbul edirlər. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi səhifəsində Əmək Məcəlləsinə dəyişikliklə bağlı 85 səhifəlik material paylaşmışdı. 

Layihə başdan-ayağa "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya qanununa zidd idi. Buna rəğmən həmin qanun layihəsi Hadi Rəcəblinin Komitəsinə göndərilən kimi Komitə sədri o formada da qəbul edib, plenar iclasın müzakirəsinə çıxaracaq”.

Azərbaycan Respublikasının konstitusiyasının 72.3-cü bəndini xatırladan vəkil Rəfael Abbasov da açıqlamasında deyib ki, Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Buna görə də ilk növbədə qanunun dili sadə və anlaşılan olmalıdır ki, cəmiyyətin hər bir üzvü həmin qanunun müəyyən etdiyi normanı aydın başa düşə bilsin və qanunlara əməl etsin: 

"Lakin hazırda qanunlarımızın dili nisbətən qəliz olduğu üçün bəzən anlaşılmazlıqlar yaranır. Düşünürəm ki, bunun səbəbi də ilk növbədə Azərbaycanın yeni müstəqil dövlət olması, müstəqil dövlət kimi hüquq sistemini yeni formalaşdırmasıdır. Heç bir dövlət qanunları sıfırdan yaratmır. Biz də müstəqil dövlət kimi hüquq sistemimizi yaradarkən bəzi xarici ölkələrin hüquq sistemlərindən bəhrələnmişik ki, nəticədə tərcümə ilə bağlı qanunlarımızın dilində problemlər yaranıb. Eyni zamanda, qanun layihələri hazırlanarkən hüquqşünaslar çalışırlar ki, gələcəkdə mübahisələrin yaranmaması üçün qanunların dilində yayğınlıq olmasın. Buna görə də qanunlarda hüquqi terminlərdən daha çox istifadə olunur ki, bu da sadə vətəndaşların qanunları anlamasında çətinliklər törədir".

Vəkilin sözlərinə görə, hüquq sistemimiz inkişaf etdikcə, bu problemlər aradan qalxacaq:

 "Fikrimcə, qanunlarımızın dili ilə bağlı problemlərin aradan qaldırılması üçün yeni qanun layihələri hazırlanarkən hüquqşünaslarla yanaşı, dilçi alimlərə də müraciət etmək daha yaxşı olardı".

Şəymən




Paylaş

Bizi Facebookda izləyin
menu
menu