“...Azərbaycan münaqişənin həllini digər vasitələrlə əvəz edə bilər” – AKTUAL





"Paşinyan özünü qeyri-adekvat aparır, bildirir ki, guya Ermənistanla Dağlıq Qarabağ arasında heç bir əlaqə yoxdur. Ona görə də separatçılar adından danışa bilməz”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitikin sözlərinə görə, Ermənistan sadəcə Dağlıq Qarabağın təhlükəsizliyinə qarant verdiyini iddia edir:

"Paşinyan bu sözlərin ardınca oğlunun Qarabağda hərbi xidmət keçdiyini bəyan edir və onunla selfi çəkərək paylaşır. 

Eyni zamanda Azərbaycan rəhbərliyi ilə rəsmi görüş keçirmək niyyətində olduğunu vurğulayır. Əlbəttə, bu cür davranışlar, ziddiyyətli açıqlamalar heç bir məntiqə sığmır. Paşinyanın əsas məqsədi danışıqlar prosesini mümkün qədər uzatmaq və əlavə vaxt qazanmaqdır. 

Ancaq məsuliyyəti üzərindən atmağa cəhd göstərən Paşinyan Azərbaycanın artıq dolub daşmaqda olan səbrini də nəzərə almalıdır. Hesab edirəm ki, rəhbərliklər arasındakı ilk rəsmi təmasdan sonra İrəvanın mövqeyi konkretləşməlidir”.

Siyasi ekspert bildirib ki, Paşinyan publikaya çox gözəl oynayır. Lakin o başa düşmür ki, real siyasətlə məşğul olmaq publikaya işləməkdən çox fərqlənir:

"Ermənistan KİV-ləri və müxalif partiyalar münaqişə ilə bağlı danışıqlarda Paşinyanı hansısa faktları gizlətməkdə günahlandırırlar. Həqiqətən də baş nazirin münaqişə ilə bağlı fikirlərində müxtəlifliklər var. Hər bir halda Azərbaycanın əsas istəyi bəllidir. İlkin mərhələdə ətraf rayonlar qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağın statusuna Azərbaycan daxilində aydınlıq gətirilməlidir. Əgər bütün bunlar Ermənistan tərəfindən realizə olunmazsa, o zaman Azərbaycan münaqişənin həllini digər vasitələrlə əvəz edə bilər”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu