Ekspertdən ÇAĞIRIŞ: “Feysbukda profil məlumatlarınız oğurlana bilər”




"Son günlər Feysbuk və İnstaqramda baş verənlər rəhbərliyin işi deyil. Profillərin yoxlanılması üçün gerçəkləşən bu cür tədbirlər normalıdır. Çünki Feysbuk özü baxır, izləyir, müəyyən hesablarda paylaşımlar çox gec-gec olur və yaxud da olmur. Həmin hesabın özünə "inbox”dan mesaj göndərilir ki, sizin "account”unuz (profil hesabı) çox passivdir. Və aktivliyinizi sübut edin. Bu mənada söhbət təkcə nöqtə, vergüldən getmir, hər hansı bir status paylaşanda orda minimum 30-40 bəyənmə, rəy yığmalıdır ki, onun saxta profil olmadığı isbat edilsin”.

Bu barədə "Sherg.az”a açıqlamasında internet-media eksperti Səbuhi Abbasov bildirib.

Onun sözlərinə görə, baş verən bütün halların Feysbuka heç bir aidiyəti yoxdur. Yəni onlar sırf ajiotaj, qorxu, sosial şəbəkələrin nüfuzdan salınması məqsədi daşıyır: 

"Feysbuk sosial şəbəkəsi hər il irimiqyaslı profilaktik işlər aparır. Bu işlərin aparılmasının əsas səbəbi adıçəkilən sosial şəbəkə rəhbərliyinin ABŞ senatında, eyni zamanda Avropa Parlamentində verdiyi hesabatla bağlıdır. Onun qarşısında qoyulan əsas məsələ sosial şəbəkələrdə, xüsusilə Feysbuk  və Instaqramda saxta profillərin kütləvi hal alması, insanların şəxsi həyatına müdaxiləsi ilə bağlıdır. Bu problemləri qaldırdıqdan sonra Feysbuk elə həmin hesabat dönəmində təxminən yarım milyondan çox "account”u deaktiv edir”.

Ekspert bildirib ki, son günlər baş verən proseslər profilaktik tədbirlərlə bağlıdır:

"Çox təəssüflər olsun ki, bəzən bu profilaktik tədbirlər zamanı profillər kiber hücumlara məruz qalır. Və bir növ rus dilində, ingilis dilində, bəzən Azərbaycan dilində müxtəlif mesajlar göndərilir ki, bu mesajı 25 nəfərə göndərməsəniz filan vaxt profiliniz bağlanacaq və s. Bütün bunlar sırf profillərin ələ keçirilməsi məqsədi güdür. Burda təhlükəli məqam odur ki, insanlara müəyyən sorğular göndərilir. Hansısa hissənin doldurulması tələb olunur. Guya bu yolla öz hesabınızı qoruya bilərsiniz. İnsanlar bu linklərə tıkladığı zaman avtomatik olaraq profil məlumatları oğurlanır. Profil adı, şifrəsi və digər şəxsi məlumatlar üçüncü bir şəxsə göndərilir. Beləliklə insanlar nə baş verdiyini başa düşmür və fikirləşir ki, "Facebook”da müəyyən proseslər gedir. Ona görə bu, məsələdə diqqətli olmaq lazımdır”.

Feysbuk hesabının qorunması məsələsinə gəlincə, S.Abbasov diqqətə çatdırıb ki, bu sosial şəbəkənin özündə ayarlar(settings) bölməsində məlumat guşəsi var. Əgər istifadəçilər şərhlə, paylaşımla, Feysbukda adət halını almış gündəlik tətbiqlə bağlı problem yaşayırsa, hər hansı bir texniki məhdudiyyət varsa, birmənalı şəkildə ancaq və ancaq Feysbukun ayarlar bölməsinəki məlumat bürosunda həmin problemi təsvir etməli, yeri gəldikdə bu problemin "screenshot”unu əlavə etməlidirlər:

"Problemin geniş təsvirini rus və ya ingilis dilində Feysbuk  mərkəzi bazasına göndərməlidirlər. Göndərildikdən 24 saat sonra sorğu göndərən şəxsə cavab gələcək. Həmin mərkəzi bazadan gələn məlumat yeganə düzgün və təhlükəsiz məlumatdır. Digər profillərdən, istifadəçilərdən və şəxslərdən gələn məlumatların üzərinə tıklamaq güvənsizliyin pozulmasına səbəb olur və "account”u təhlükə altına atır".

Sevda Ulutau


Paylaş

Bizi Facebookda izləyin
menu
menu