"Ölülər" hardan bilsin ki?..

Azərbaycan tarixində Mirzə Cəlil qədər bu xalqı diriltmək istəyən ikinci bir şəxsiyyət yoxdur
"Mirzə Cəlil də deyirdi, yazırdı, başa salırdı ki, ey Şəhriyar, eyibinizin üstünü örtməklə, yalançı daqqalıqla, saxta eqoizmlə, mənasız təəssübkeşliklə irəli gedə bilməyəcəksən"


İndi də Cəlil Məmmədquluzadənin üzərinə tökülüşüblər. Rəhmətlik «Ölülər»dəki kimi «xortlayıb» qəbirdən çıxsa, «niyə məni döyürsünüz, ay müsəlmanlar…» deyib haray çəkər. Kim atır bu mövzuları ortaya, kim çatır tüstüsü yalnız özümüzü kor edəcək tonqalı? Dəyərlər sisteminin başı aşağı kəndirə keçirilmiş zamanındayıq. Yazıq bizlərə. Yerindən qalxan klassiklərə, xalqın illərlə öyrəndiyi və öyrətdiyi əsərlərə və onların müəlliflərinə dil uzadırlar. Həm də bir cümləsinin, bir sətrinin tarixdə qalıb-qalmayacağı bilinməyən kəslər. Günlərdir Cəlil Məmmədquluzadə ilə bağlı KİV-də, sosial şəbəkələrdə müzakirələr açılıb. Hər kəs öz düşüncə tərzinə uyğun, ağlının yetdiyi qədər danışır və özündən qat-qat yüksəkdə dayanan birisini ittiham edir. Niyə bu insanlar Mirzə Cəlili ittiham etmək kimi bir haqqa sahib olduqlarını fərz edirlər, anlamaq çətindir. Mirzə Cəlili ittiham edənlərə tutarlı, daşdan keçən cavablar da verilib. Və hələ veriləcək də, yəqin. Amma «ittihamçıların» məramı, məqsədi xeyli qaranlıq görünür. Həqiqətən də, hər kəs özünü ağıllı sayır. Millətsevər, vətənsevər hesab edir və öz ağıllarınca, guya, Mirzə Cəlilin xalqı aşağıladığını zənn edirlər. Sabir demiş, «bu ayinədə əyri göründüklərinin»sə fərqində deyillər.

Bu hücumlar Mirzə Cəlilə də gülməli gələrdi. Və söz yox, şaqqanaq çəkib gülərdi və şübhəsiz iti bir felyeton yazardı. Hardan tapaq Mirzə Cəlil dühasında daha birini?!.

Fazil Mustafa: «Azərbaycan tarixində Mirzə Cəlil qədər…»

Mirzə Cəlilə ittihamlara şair Şəhriyar del Gerani, yazıçı-publisist Həmid Herisçi başlanğıc verdi. Ardınca da rəylər, polemikalar başladı. Həmid Herisçi Cəlil Məmmədquluzadənin öz əsərlərində Azərbaycan xalqını aşağıladığını, nihilist olduğunu deyib, tənqidi fikirlər səsləndirib. Şəhriyar del Gerani isə Mirzə Cəlil hekayələrinin ədəbiyyat dərsliklərindən çıxarılmasını təklif edib.
Fərqli fikirləri təqdim edirik.

Millət vəkili Fazil Mustafa Kult.az-a açıqlaması ilə müzakirələrə qoşuldu:

- Hesab edirəm ki, Mirzə Cəlil Azərbaycan xalqını həqiqətən də müəyyən məqamlarda aşağılayıb. O, cəhalətin daşıyıcısı, xurafat virusunu yaşadanları tənqid atəşinə tutub və bunu da haqlı olaraq edib.
Mirzə Cəlil üslubu Azərbaycanda tənqidi realizmin əsas aparıcı xəttidir, yeni ədəbi məktəbdir. Bu məktəbə qarşı fərqli fikirlər ola bilər, amma bu, başqa alternativləri ortadan qaldırmır. Mirzə Cəlil karikatura ilə xalqın gerçəklərini çatdırırdı. Fikrimcə, Mirzə Cəlil xalqın cahil nümayəndələrini aşağılamaqla düz edib. Xalqın naqis cəhətlərini diqqətə çatdırmaq lazımdır. Bunu siyasətçi və ya dövlət xadimi edə bilməz, bunu yazıçı etməlidir. O, şahidlik etdiyi neqativ məsələləri gündəmə gətirməlidir. Biri gedib başını yarır, biri mərsiyə oxuyur. Bunlar ciddi problemlərdir. F.Mustafanın sözlərinə görə, "Ölülər” əsərinə görə C.Məmmədquluzadəni "nihilist” adlandırmaq doğru deyil:

- "Ölülər” əsərində Kefli İsgəndər cəhalətin daşıyıcısı olan xalqa üzünü tutub deyir ki, tfu sizin üzünüzə. Əslində, buna aşağılamaq kimi baxıla bilər, amma nə deməlidir? Bu gün mən də kiminsə cəhalətin daşıyıcısı olduğunu görəndə başqa nə ifadə işlədə bilərəm? Mirzə Cəlili nihilizmdə ittiham etmək yanlışdır. O, filosof deyil ki, cəmiyyətin inkişaf dinamikasını dəqiq göstərsin. Mirzə Cəlil yazardır, dərdi təsvir edə bilər, amma bunun ardı, çözüm yolunu düşüncə adamları, filosoflar etməlidir.
Sonda onu deyim ki, Azərbaycan tarixində Mirzə Cəlil qədər bu xalqı kötəkləyərək, istehza edərək diriltmək istəyən ikinci bir şəxsiyyət yoxdur.

Mehriban Vəzir: "Mirzə Cəlili millətçilik kontekstində dəyərləndirmək olmaz. O, millətçi deyildi və ola bilməzdi"

Yazıçı Mehriban Vəzir də Mirzə Cəlil tənqidçilərinin sırasında yer alanlardandı. Və onun hətta Azərbaycan Xalq Cümhuriyyətinin düşmənləri ilə yanaşı dayandığını iddia edir. M.Vəzir Lent.az-a açıqlamasında bunları deyib:

- Mirzə Cəlilə Yusif Vəzirin məktubu var. Bu məktubun canı ondan ibarətdir ki, sən başqa xalqları tanısaydın, Avropanı gəzib görmüş olsaydın və ya xalqların təbiəti və məişəti haqda bir şey bilsəydin, öz xalqına belə yanaşmazdın. Yusif Vəzir Mirzə Cəlilin xalqa qarşı qeyd etdiyiniz münasibətini onun dünya görüşünün məhdudluğu ilə bağlayır. Mən Yusif Vəzirə haqq verirəm.

M.Vəzir «Poçt qutusu» hekayəsinin dərslikdən çıxarılmasının tərəfdarıdır: «Məhdud bir dünya görüşün məhsulu dərsliklərdə olmamalıdır. Bu, zərərlidir».
M.Vəzir əlavə edir:

- Mirzə Cəlili millətçilik kontekstində dəyərləndirmək olmaz. O, millətçi deyildi və ola bilməzdi. Xalq içindən çıxmış, daima ermənilərlə yanaşı yaşamış, dostluq etmiş insanlar millətçi olmurlar. Və qeyd etdiyim kimi, onun dühası milli təəssüb çəkəcək qədər deyildi. O, özünün bildiyi, müşahidə etdiyi, eyni zamanda son dərəcə əhəmiyyətli sahələrlə ilgilənirdi. Geridəqalmışlıqla öz bildiyi kimi mücadilə aparırdı. Bu, əhəmiyyətli mübarizə idi.

Səfər Alışarlı: «Mirzə Cəlili redaktə etmək olmaz»

Yazıçı-publisist Səfər Alışarlı Mirzə Cəlil ittihamçılarına cavab yazıb:

«Mirzə Cəlil böyük yazıçıdır. Onu redaktə etmək olmaz. Sadəcə, olmaz, vəssalam! Ümumiyyətlə, heç bir yazıçını redaktə etmək olmaz. Əgər yazıçı əsərinin çapından yüz il yox, bircə saat sonra da ideoloji redaktəyə yatırsa, o, yazıçı deyil. 90-nın ortalarında latın qrafikasına keçiriləndə Azərbaycanın hansı yazıçılarının, xüsusilə erməni-rus məsələlərində necə redaktə olunduğunu mən görmüşəm. Bağışlayın, Mirzə Cəlil onlardan deyil. Ən azı, o mistik həqiqətə görə ki, əlyazmalar yanmır. Yandırılması lazım olan bütün əlyazmalarını sovet hökumətinin neft paytaxtında Mirzə Cəlil soyuq evini qızdırmaq üçün özü yandırıb. Özündən qat-qat səviyyəsiz, üzü arxasından qırmızı adamların qarşısında ermənilik etmədiyinə görə acından ölməyi üstün tutub o saxta gurultu və zırıltılarla dolu 1932-ci ildə. Mirzə Cəlil öldü, ancaq özünü, eləcə də əsərlərini redaktə etmək imkanını bu dünyada heç kimə vermədi.
Bəli, erməni uşağı gəlib məktubu atır poçt qutusuna və rahatca çıxıb gedir, Novruzəli ata bilmir. Bəli, Usta Zeynal erməni küpəsində gətirilmiş su ilə gəc qarışdırdığına görə özünü murdarlanmış sayır və işi yarımçıq atıb çıxıb gedir. Bəli, Qurbanəli bəy alkaş rus yığınağına deyir ki, mən sizin ayağınızın heç tozu da ola bilmərəm. 

Bəli, "Ölülər”də farsa, ərəbə obraz reveransları var və s. İndi bütün bunlar Mirzə Cəlilin yaradıcılığından çıxarılıb atılmalı və ora həmin millətləri aşağılayan əvəzləmələrlə doldurulmalıdı? Bu nə məntiqdir? Onda biz Cəfər Cabbarlının, Səməd Vurğunun və bütün Azərbaycan sovet ədəbiyyatının, yumşaq desək, redaktəsini kimə tapşıraq? İndi götürsün Amerika Folkneri redaktə eləsin ki, o, vətəndaş müharibəsində zənciləri daha çox ziyançəkmiş tərəf kimi göstərir? Ya Napoleonla müharibəyə qalxmış dövlətin baş sarayında bir sıra danışıqları fransızca verdiyinə görə Tolstoyu, eləcə də hər zülmə müticəsinə dözdüyünə görə rus xalqının ünvanına dişinin dibindən qopanı deyən Puşkini, Qoqolu, Dostoyevskini, Saltıkov-Şedrini redaktə eləsinlər? Ümumiyyətlə, dünyada islah və tərəqqi naminə öz xalqının, millətinin qüsurlarını tənqid etməyən ciddi bir yazıçı adı çəkmək mümkündürmü?
S.Alışarlı «Poçt qutusu»nu Qafqazda çar üsul-idarəçiliyinə, işğalçı rus hökumətinə çox dərin və böyük məzmunlu ictimai-siyasi İTTİHAM adlandırıb:

- Nəyə görə bunlara toxunmaq, yəni Mirzə Cəlili redaktə etmək olmaz? Çünki bu XIX-XX-XXI əsr Azərbaycan ədəbiyyatında yeganə nəhəngdir ki, müstəmləkə zülmü altında inləyən kobud, köntöy, heç bir mədəni çərçivə tanımayan kölə toplumun real həyat həqiqətlərini bədii təsvir vasitələri ilə ifadə edib, onu böyük ədəbiyyatın halalca malına çevirə bilmişdi. Bunu yalnız dövrünə görə savadlı, fitrətinə görə son dərəcə istedadlı və VƏTƏNPƏRVƏR bir adam eləyə bilərdi. "Molla Nəsrəddin” jurnalı nəşr olunanda da hökumət, senzura, zəngin, kasıb, molla, şilləvuran, üzəduran, polis-molis varıydı bu məmləkətdə. O təpkilərin bircəciyini bizə göstərsəydilər, Allah bilir, nə edərdik!

Mirzə Cəlil böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı böyük ümumbəşəri dəyərlərin daşıyıcısıdır.

Murad Köhnəqala: «Mirzə Cəlil xalqına görə dəli kimi narahat olub»

«Son vaxtlar millətin yeni ziyalısı iddiasında bulunan bir qrup yazar-pozar sosial şəbəkələrdə Azərbaycan maarifçilərinə, xüsusi olaraq, Mirzə Cəlilə qarşı "qara piar” apararaq, onu öz əsərlərində xalqı aşağılamaqda, erməniyə işləməkdə ittiham edirlər. Onların bu fikirlərinə həm sosial şəbəkədə, həm də başqa yazılarımda dəfələrlə münasibət bildirmişəm.

…Mirzə Cəlil demirdi ki, Novruzəli mənəviyyatsızdır, deyirdi, Novruzəli savadsızdır.
Yəni, ey oğul, Mirzə Cəlil də deyirdi, yazırdı, başa salırdı ki, ey Şəhriyar, eyibinizin üstünü örtməklə, yalançı daqqalıqla, saxta eqoizmlə, mənasız təəssübkeşliklə irəli gedə bilməyəcəksən. Neçə ki, xəstəliyinin diaqnozunu gizlədəcəksən, bu halınla müalicə oluna bilməyəcəksən, yalnız ərəb əlifbası kimi daim geriyə, yəni irəlidən arxaya gedəcəksən.

Mən Əkrəm Əylislinin yazdığı əsəri satqınlıq nişanəsi kimi dəyərləndirirəm, çünki Əkrəm həyasızcasına ermənilərin bizdən çox mənəviyyatlı olduğunu yazıb. Ancaq Mirzə Cəlil ermənilərin bir düşmən kimi bizdən dəfələrlə hiyləgər, savadlı və fəndgir olduqlarını göstərirdi. Məkrli düşmənlə üz-üzə qalan avam, savadsız, sadəlövh, cahil xalqına görə dəli kimi narahat olurdu. Ona görə sadəlövh, saf, avam Novruzəli ilə çoxbilmiş erməni dığasını müqayisə eləyir, qarı düşmənin nə qədər çevik olduğunu göstərir, bizi hazırlıqlı olmağa itələyirdi. Bu cür fərqləri üzə çıxarıb, bizə deyirdi: evdə bitlənməyin, cəhalətdən silkinin, elmə tərəf gedin, uşaqlarınızı məktəbə yollayın.

Mirzə Cəlil üslubu isə natamamlıq kompleksi yaratmır, əksinə, səni silkələyib ayıldır. "Molla Nəsrəddin" jurnalının birinci nömrəsinin üz qabığındakı karikaturaya bax, gör, kişi nədən başlayıb? Yatan milləti oyatmaqdan!

Sizin ümumi fikriniz budur ki, guya, Mirzə Cəlil aşırı nihilistdi, öz əsərləri ilə millətdə "kompleks nepolnotsennosti" yaradır. Bəs, o halda sən özün niyə o boyda kişini erməni satqını elan eləyirsən? Mirzə Cəlil də bizim millətdəndi də, niyə ondan tələb elədiklərinizə, yəni, "eyibi üzə demək olmaz” məsələsinə özünüz əməl eləmir, kişinin "satqınlığını” üzünə vurursunuz? Yazıçıdan tələb elədiyiniz həmin etika ilə soruşuram, siz niyə Mirzə Cəlilin bu "eyibini” gizlətmək istəmirsiniz? Qoysanız, yazıçının "satqınlığı” Novruzəlinin avamlığı kimi üstüörtülü qalsın. Fikirləşmirsinizmi ki, məntiqsizliyinizi qaytarıb özünüzə dolayarlar? Sizin ağlınıza qalsaydı, onda ruslar da Saltıkov-Şedrini, Qoqolu, Çexovu topa tutardı. Hələ müasir satiriklərindən danışmıram.

Ancaq mən düşünürəm ki, xətrinə dəysə də, millətin ümumi eyiblərini açıb, üzünə vurmaq lazımdır. Yoxsa, hər tində oturan təsbehli gündə bir fətva icad eləyib, yeni-yeni mentalitet detalı yaradacaq.
Rastıma çıxan bəzi yazılarında yazırsan ki, avazla oxunan ərəb dualarından, azan səsindən duyğulanırsan. Nə oldu sənə birdən-birə? Sən axı, bu düşüncədə deyildin? Xəbərin varmı, sən hazırda Şərqi Avropanın şəhərində yaşayırsan? Bu kimi fikirlərin mənə şəriət əlindən qaçıb Avropa ölkələrinə sığınan ərəb qaçqınlarının yaşadıqları ölkədə yenidən şəriət qanunları tələb etməsini xatırladır.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu