Kəramət Böyükçöl: “...Birdən almazlar, pərt olaram” – MÜSAHİBƏ

“Kitab satdığım oxucuların heç birini şəxsən tanımıram. Onlar xalis oxuculardır”
“Bunu başqa təbiətli yazıçı etsə, onda alınmayacaq”



"Nazirlikdə, Milli Məclisdə işləyənlər, şəxsi bizneslə məşğul olanlar da kitab aldılar”

"Xeyli borclarım var idi. Kitabları satdıqdan sonra axşam evə gedəndə həmin borclarımı qaytarıram”

"Leyli və Məcnun” adlı yeni bir romanım və hekəyələr kitabım var. Hələ ki çap olunmayıblar. Bu kitabları da maraqlı aksiya ilə satmağı düşünürəm”



Yazıçı-publisist Kəramət Böyükçöl kitablarının satışı üçün maraqlı təşəbbüs həyata keçirib. Üç gündür ki, yazıçı günorta saat 12-dən axşam saat 8-ə kimi metronun "Elmlər Akademiyası” stansiyası yaxınlığındakı parkda "Pozğun” adlı kitabını şəxsən özü satır.

"Sherg.az” olaraq yazıçı ilə əlaqə saxlayıb məlum təşəbbüs və başqa məsələlərlə bağlı onun fikirlərini öyrəndik: "Çarəsiz adamın ağlına hər şey gəlir. Bu yaxınlarda əvvəlcə kitablarıma, sonra isə maddi vəziyyətimə baxdım. Zaman-zaman Feysbukda yazılarımı paylaşıram. Həmin yazıları bəyənənlər və oxuyanlar var. Düşündüm ki, bəlkə kitabımın satışını təşkil etsəm, onların etibarlı oxucular olub-olmadığını bilərəm. Düzünü desəm, əvvəl narahat idim ki, birdən almazlar və pərt olaram. Amma başqa insanların yanında yox, öz-özlüyümdə pərt olacağımdan qorxurdum. Buna baxmayaraq təşəbbüs çox maraqla qarşılandı.

-Proses nə vaxta kimi davam edəcək?

-Artıq 3gündür ki, satışlar gedir. Həftənin sonuna qədər davam edəcək

-Bu müddət ərzində nə qədər satış olub?

-1-ci gün 36 kitab satdım. 2-ci gün 49, bu gün isə hələ ki, 3 kitab satmışam. Hazırda oturub digər satışların olmasını gözləyirəm. Amma mənim üçün çox maraqlıdır. Həm oturub çay içirəm, həm də kitabları satıram. İnsanlar ənənəvi təqdimatlardan yorulub. Hansısa şair ya da yazıçı kitab təqdimatı edir, qələm dostları və həmkarları gəlir və 3-5 nəfər kitab alıb gedir. Kitab satdığım oxucuların heç birini şəxsən tanımıram. Onlar xalis oxuculardır.

-Sizcə, başqa yazarlarımız da belə təşəbbüslə çıxış etsələr, uğurlu, effektiv nəticə əldə edə bilərlərmi?

-Ümumiyyətlə, belə təşəbbüslərin ömrü uzun olmur. İşə başlayırsan, sonra pik nöqtə, daha sonra eniş nöqtəsi olur və məsələ yekunlaşır. Çünki Azərbaycan cəmiyyətində oxucu potensialı güclü şəkildə deyil ki, bu prosesin ömrü uzun olsun. Başqa gənc yazarlar da bu təşəbbüslə iştirak edə bilərlər. Hətta Əsəd Qaraqaplan artıq işə başlayıb. Düşünürəm ki, başqa yazarlar mənim kimi effektiv nəticə əldə edə bilməyəcəklər. Belə aksiyaları kimin etməyindən də çox şey asılıdır. Bu aksiya mənim xarakterimə, cəmiyyətdəki davranışlarıma, yazılarıma, üslubuma və həyat tərzimə uyğundur. Bunu başqa təbiətli yazıçı etsə, onda alınmayacaq.

-Yəqin, oxucular arasında gənclər üstünlük təşkil edir ?

-Bəli doğrudur, amma bir neçə nəfər yaşlı oxucu gəlmişdi. Onlar sovetin yadigarlarıdır. Nazirlikdə, Milli Məclisdə işləyənlər, şəxsi bizneslə məşğul olanlar da kitab aldılar. Hətta yarızarafat olaraq onlara dedim ki, kitab oxumayın yoxsa biznesinizi batıracaqsız (gülür). Çünki kitab oxuyan adamların durumu göz önündədir. Düzünü desəm, belə maraq olacağını gözləmirdim. Hətta Feysbuk səhifəmdə də yazmışam ki, "məni əməlli-başlı qudurtdunuz”.

-Ətrafınızda olanlardan bu təşəbbüsü dəstəkləməyənlər oldumu?

-Qohum-əqrəbalarım, yaxınlarım artıq məndən əllərini üzüblər. Onlar bilirlər ki, mənim işlərimə qarışmaq olmaz. Qəbul ediblər ki, mən bu şəkildə yaşamaq istəyirəm. Təbii ki, buna yaşamaq demək olarsa. Fikrimcə, bu təşəbbüsdə pis heç nə yoxdur. Azərbaycan konstitutsion ölkə olmağına baxmayaraq, adət-ənənə ölkəsi olaraq qalıb. Azərbaycanda bu təşəbbüsün təcrübəsi də var. Məhəmməd Hadi də öz kitablarını küçələrdə satıb. Mən ondan artıq deyiləm ki ?! Məhəmməd Hadi sata bilirsə, mən də sata bilərəm. Xeyli borclarım var idi. Kitabları satdıqdan sonra axşam evə gedəndə həmin borclarımı qaytarıram.

- Ola bilərmi ki, digər kitablarınızı da bu formada satasınız ?

-Bir dəfə də belə aksiya ilə kitablarımı satmışdım. Aksiya 100 manatlıq kitab kampaniyası adlanırdı. "Çöl” adlı romanımı 100 manata satmağa başlamışdım. O zaman 9 günə 4550 manatlıq satış etmişdim. Kampaniya 100 manat olsa da, elə kitab var idi ki, bir nəfər 700 manat, bir nəfər isə 200 manat vermişdi. Kitabları satışa qoyurdum. Elə kitab da olurdu ki, 200 manat 90 qəpiyə satırdım. İndiki aksiya isə bir növ əvvəlkinin davamıdır. Növbəti dəfə də belə bir kampaniya etmək istəyirəm. "Leyli və Məcnun” adlı yeni bir romanım və hekəyələr kitabım var. Hələ ki çap olunmayıblar. Bu kitabları da maraqlı aksiya ilə satmağı düşünürəm”.

Söhbətləşdi: Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu