Kamran Əsədov Elina ilə bağlı faktları hardan və necə əldə edir ? – Özü açıqladı

“Orta məktəblərin 90 faizində etibarlı məlumat mənbələrim var. Onlardan baş verən bütün hadisələrlə bağlı məlumat alıram”
“Məndə demək olar ki, hər bir məktəb, məktəb direktoru, təhsildə olan şəxslə bağlı məlumat var və bunların hamısı da qanunvericiliyə uyğun olaraq toplanılıb”

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı günlərdir danışılır, sosial şəbəkələrdə müxtəlif rəylər, fikirlər bildirilir. Əsas müzakirə mövzularından biri də hadisə ilə bağlı yayılan videolar, səs yazılarıdır. Rəylərdən birində təhsil eksperti Kamran Əsədovun da adı keçir. Sosial şəbəkə izləyicisi Əli Məmmdov yazır: 

"Mənim isə ağlımdan çıxmayan: videoları, səs yazısını sosial şəbəkəyə kim ötürür, istintaq materialları cinayət işi araşdırılarkən necə yol tapır? Kamran Əsədov faktların onun ortaya qoyduğunu iddia edir, faktlar onda hardandır ki? Məktəbdə çəkilən videoları o əldə edib dostlar vasitəsilə?

Sualı K.Əsədova ünvanladıq. Ekspert "Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:

- İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.

Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu məlumatın əldə edilməsi internet informasiya ehtiyatları vasitəsilə; rəsmi nəşrlərlə; kütləvi informasiya vasitələrinin yayılması ilə; kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə; qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla, yollarla təmin edilir.

Mənim ölkədə fəaliyyət göstərən 4472 orta məktəbin demək olar ki, 90 faizində etibarlı məlumat mənbələrim var. Onlardan baş verən bütün hadisələrlə bağlı məlumat alıram.
Əldə etdiyim məlumatları araşdırdıqdan, təhsil etdikdən sonra Təhsil Nazirliyi və digər qurumlara müraciət edirəm.

Kifayət qədər məktəb var ki, orda çox biabırçı vəziyyət hökm sürür.

Bu hadisə ilə bağlı gördüm ki, ilk günlər vəfat edən uşağı, valideyinlərini ittiham edirlər. Ona görə də əslində vəziyyətin necə olması ilə bağlı əlimdəki faktları ortaya qoydum. Burda da qadağan olunmuş heç bir informasiya yoxdur. Məndə demək olar ki, hər bir məktəb, məktəb direktoru, təhsildə olan şəxslə bağlı məlumat var və bunların hamısı da qanunvericiliyə uyğun olaraq toplanılıb.
Nə istəyirlər? Susaq ki, əsl günahkarlar kənarda qalsın, cəzasız qalsın? Mən işin obyektiv araşdırılması üçün çalışıram. İstəyirəm günahkar cəzasız qalmasın.

Məlahət

Paylaş

Bizi Facebookda izləyin
menu
menu