Deputatların əsəbi tarıma çəkildi

Cəza olmayanda özbaşınalıq ayaq tutub yeriyir
Həvva Məmmədova: "Milli Teleradio Şurasına əlavə səlahiyyətlər verilməlidir"


Millət vəkilləri Milli Televiziya və Radio Şurasına əlavə səlahiyyətlər verilməsini istəyir. Deputatlar Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclasında bu təkliflə çıxış ediblər. Buna təklifdən daha çox tələb demək olar. Çünki deputatlar əsbiləşmiş kimi görünürlər. Millət vəkili, yazıçı Hüseynbala Mirələmov, xanım deputat Elmira Axundova özəl telekanallarda yayımlanan əksər proqramların əttökən, şit, bayağı olduğunu deyiblər, MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bu fikirlərlə həmrəylik nümayiş etdirib və «özəl kanallar artıq öz proqram siyasətlərinə yenidən baxmalıdırlar» söyləyib. Təkliflərdən biri də bu olub ki, MTRŞ-nin səlahiyyətləri artırılsın. MTRŞ-nin elə səlahiyyəti olsun ki, bəzi özəl telekanalları bağlaya bilsin. Çünki buna artıq ehtiyac yaranıb.

Məsələ ilə bağlı «Şərq»ə danışan sabiq millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova MTRŞ-yə xüsusi səlahiyyətlər verilməsi təklifini dəstəklədiyini bildirdi:

- Milli Teleradio Şurasına əlavə səlahiyyətlər verilməlidir. Çünki cəza olmayanda özbaşınalıq ayaq tutub yeriyir. Amma bununla da iş bitmir. Tutalım, hansısa telekanal cəzalandı, yaxud qapandı. Başqa birisini yenidən açacaqlar, eyni səviyyəsiz, bayağı, şit, xalqımızın əsrlərlə qoruyub saxladığı dəyərlərimizi təhqir edən, milli dəyərlərə təcavüz edən proqramlar yenə başlayacaq yayımlanmağa. O qədər belə hallar olub ki. 

Hansısa telejurnalist, aparıcı bir kanaldan uzaqlaşdırılıb, gedib başqa bir telekanalda proqram açıb, «layihə rəhbəri» olub və yenə başlayıb köhnə peşəsi ilə məşğul olmağa. Telekanallara çəki-düzən vermək üçün birinci növbədə gərək telekanal rəhbərləri də müzakirələrə dəvət edilsin, onlar da dinlənilsin, bəlkə bu insanların deyəcəkləri bir söz var, bir təklifləri var. Görək, onlar bu bayağılıqla bağlı hansı arqumentləri səsləndirirlər. 

Deməsinlər ki, reytinqli proqramdı, guya millət səviyyəsiz müğənniləri tələb edir, filan. Hamımız da yaxşı bilirik ki, şit, səviyyəsiz verilişlərə dəvət edilən bayağı müğənnilər, yalançı ekspertləri telekanal və proqram rəhbərləri özləri dəvət edirlər. Tamaşaçıya da onları zorla alqışladırlar. Televiziyalara televiziya məkanını bilən peşəkarlar dəvət edilməlidir. Qoy xarici telekanallardan örnək alsınlar. 

Türkiyənin ATV telekanalında insan talelərindən bəhs edən proqram var. Bütün dünya türkləri ona baxır, izləyir. Niyə bizim telekanallarda bölgələrdə yaşayan əməksevər, zəhmətkeş insanlarımız, Qarabağ müharibəsinin iştirakçıları, Aprel döyüşlərinin şəhidləri, onların ailələri, anaları, bacıları göstərilmir? Niyə verilişlərə tanınmış, dünyaca məşhur ekspertlər, analitiklər dəvət edilmir. Axı biz nə qədər eyni simaları görəcəyik? Telekanal rəhbərləri zəhmət çəkib kabinetdən çıxsınlar, bölgələrə getsinlər, əhalinin arasında olsunlar, görsünlər camaatın televiziyalardan tələbi, istəyi nədir. Televiziyalar təkcə Bakı əhalisi üçün nəzərdə tutulmayıb axı. Regionlardan bəhs edən proqramlar var, amma çox azdır. Hər şey elə bil paytaxt üçündür. Televiziya kütləvi yayım vasitəsidirsə, burada bütün təbəqələrin marağı nəzərə alınmalıdır.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu