Partiyadaşı Ərdoğana sərt etiraz etdi: “15 günə səsi sayıb bitirməmək, Türkiyə adına ayıbdır”

Səlcuq Özdağ: “Səfalətin əzdiyi xalqın qarşısında kimsə dura bilməz”









İstanbulda bələdiyyə seçkiləri gərginliyi davam edərkən, 2 həftədir bitmək bilməyən təkrar səssayma prosesinə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan sabiq millət vəkili, 15 iyul Çevriliş Cəhdini Araşdırma Komissiyasının sədr müavini Səlcuq Özdağ sərt etiraz edib.

"Sherg.az” Türkiyənin "Sözçü” qəzetinə istinadən bildirir ki, Özdağ "seçkilərin üzərindən 2 həftə keçir, amma hələ də İstanbulun bələdiyyə sədri məlum deyil” – deyə vurğulayıb:

"Bütün Türkiyədə səsvermə qutuları bir gündə sayılırkən, İstanbulda bir ovuc qutudakı bülletenlərin 15 gündə sayılıb bitməməsi demokratiyamız adına da, Türkiyə adına da ayıbdır. Demokratiyada hakimiyyətə gəlməyin də, getməyin də yolu bəllidir. Hər partiya seçkilərlə hakimiyyətə gəlir, seçki yolu ilə də hakimiyyətdən gedir. Hətta getməyi bacarmaq, gəlməkdən daha dəyərlidir. Demokratik inkişaf hakimiyyətə gələrkən yox, gedərkən bəlli olur. Son 15 gündə demokratik inkişafın olduğunu söyləmək mümkün deyil”.

Siyasətdə təmizliyə diqqət çəkən Özdağ – "Təmizsənsə, getmək o qədər də çətin deyil. Amma hüquqdan kənar yollara əl atılırsa, əlindəki imkanlar dost, qohum-əqraba üçün istifadə edilirsə, getmək çətin olur. Arxasında utanc gətirən hallar buraxmayanlar üçün getmək asandır. Bu ölkədə əgər siyasətə hörmət qazandırmaq istəyi varsa, siyasətçilər, ən yüksək postları tərəddüdsüz tərk edə biləcək insanlar arasından seçilməlidir. Çünki, cinayət törədənlər üçün vəzifələri və kresloları eyni zamanda qorunma üsuludur” – deyə sərt sözlər işlədib.

Xalqın alternativlər üzərində dayandığını deyən sabiq deputat, bələdiyyə seçkilərində səs verən bir çox seçicinin əslində normal alternativ namizədləri dəstəklədiyini bildirib:

"Demokratiyamızın gələcəyi fərqli siyasi baxışlara basqıdan, fərqli düşüncəlilərə sərt təzyiq anlayışlarından əl çəkməyimizə bağlıdır. Sadəcə partiyalar deyil, mətbuat da fərqlilik ortaya qoymalıdır. Xalqını aldadan bir media xalqına xəyanət etmiş olur. Vətəndaşın fərqli qaynaqlardan xəbər almaq haqqını əlindən almaq, demokratiyadan və hüquqi dövlət anlayışından uzaqlaşmaqdır”.

Özdağ onu da qeyd edib ki, Türkiyə iqtidarı müxalifətə təşəkkür etməlidir:

"Çox çətin şərtlər altında bu ölkədə hələ də demokratiyanın var olduğunu göstərdikləri üçün iqtidar hər şeyə rəğmən müxalifətə "çox sağ ol” deməlidir. Seçkilərdən sonra bir Almaniya qəzetinin "Türkiyədə hələ demokratiya qalıbmış” şəklində məqalə dərc etməsi, müxalifətin demokratiya naminə nə qədər önəmli olduğunu göstərir. Onu da deyim ki, Türkiyə bir az da demokratiyasını itirdiyi üçün hazırkı iqtisadi böhranı yaşayır. Avtoritarlaşan bir ölkəyə xarici sərmayəçi gəlməz. İqtisadiyyatı dirçəltmək yolunda buraxılan səhvləri vətəndaşın kürəyinə yükləməklə olmur. Öncə Türkiyənin demokratik bir hüquqi dövlət olduğunu isbatlamalısan. Partiyalar demokratiyanın əsas ünsürləridirlər. Hamısı da eyni qanunlara bağlı olaraq qurulublar. Hamısının da məqsədi daha inkişaf etmiş Türkiyədir. Partiyaları dost-düşmən deyə ayırmaq, partiya yetkililərini günahlandırmaq, milli bütünlüyümüzü dağıtmaqdan başqa bir işə yaramaz”.

Türkiyənin hazırda bir böhran yaşadığını qeyd edən Özdağ, "qarşısı alınmayan iqtisadi böhranlar bir anda siyasi böhrana səbəb olur” – deyə bildirib:

"Səfalətin əzdiyi xalqın qarşısında kimsə dura bilməz. Ona görə də yükü vətəndaşın üzərinə qoymaq çıxış yolu deyil. Çox gec olmadan Türkiyə seçki atmosferindən çıxmalıdır. "İstanbulu nə bahasına olur-olsun almalıyıq” deməklə deyil.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində ilkin nəticəyə görə, İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu, hakim AKP-dən olan namizəd, keçmiş baş nazır və parlament sədri Binəli Yıldırıma qalib gəlib. Amma AKP səsvermədə qanun pozuntuları iddiası ilə Yüksək Seçki Qurumuna şikayət göndərib. Şikayət əsasında İstanbulun 2 rayonunda bütövlükdə, qalan rayonlarda isə başqa-başqa seçki məntəqələrində səslərin yenidən sayılması qərarı verilib. Səssayma prosesi hələ ki davam edir. 

Anar Bayramoğlu

Paylaş
Bizi Facebookda izləyin
menu
menu