“Yazıçılarımız var ki, pis durumdadırlar, amma...”

Əsəd Cahangir: "... bunu açıqlamaq istəmirlər. Bəziləri qüruruna sığışdırmır, bəziləri isə utanır”
"Ona görə də yazıçılar üçün pulsuz xəstəxananın açılması təklifini irəli sürdüm"


Tanınmış ədəbi tənqdiçi Əsəd Cahangir yazıçıların pulsuz müalicə olunması ilə bağlı feysbuk hesabında status paylaşıb. Həmin statusu təqdim edirik:

"Prezidentdən xahiş etmək lazımdır ki, yazıçılar üçün pulsuz xəstəxana açılsın! İndiki qiymətlər şəraitində yazıçının pulla müalicə olunmaq imkanı yoxdur”.

Daha ətraflı məlumat üçün Əsəd bəylə əlaqə saxladıq. Tənqidçi "Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün ən vacib amillərdən biri insanların fiziki sağlamlığıdır.

Onun sözlərinə görə, müasir dərmanların və müalicə prosesinin qiyməti ilə müqayisədə alınan maaşlar yetərli deyil:

"Xarici ölkələrdə bu problemin qarşısını almaq üçün əhalinin tibbi sığortası həyata keçirilir. Onların maaşı yüksək olduğu üçün hər il sığortalanmış şəxsin maaşından tutulan faiz böyük məbləğ olur. Bu faizlərindən ciddi məbləğ alınır ki, bu da çox pul tələb edən xəstəliklərin müalicəsində sığortalanmış şəxslərin problemlərini həll edir. 

Amma bizdə maaşlar yüksək deyil, hətta tibbi sığorta həyata keçirilsə belə ordan alınan faizlər cüzi bir məbləğin yığılmasına gətirib çıxaracaq. Bu da çoxlu pul tələb edən müalicələrin həyata keçirilməsində yetərli deyil. Bəziləri fiziki sağlamlıq probleminin həllini sığortalanmaqda görür. Azərbaycanın indiki gerçəkliyində tibbi sığortanın həyata keçirilməsi belə bu problemi həll edə bilməz. Ona görə də, başqa modellər axtarmaq lazımdır. Elə bir model ki, tibbi sığortanın həyata keçiriləcəyi vaxta qədər heç olmasa, əhalinin fiziki sağlamlıq probleminə köməklik olsun.

Bəziləri məni qınadı ki, niyə ancaq yazıçılar üçün pulsuz müalicə edən xəstəxanaların açılması fikrini irəli sürürəm. Təbii ki, maddi imkanı olmayan bütün əhali üçün güzəştlər olmalıdır. Amma mən yazıçı olduğuma görə, çevrəmdə olan insanların problemlərinə daha yaxşı bələdəm. Ona görə də ilk olaraq yazıçılara pulsuz müayinələrin edilməsi fikrini irəli sürdüm”.

Ə.Cahangir bildirib ki, bir sıra istedadlı qələm adamları məhz sağlamlıqlarını itirdikləri üçün yaradıcılıqla məşğul ola bilmirlər:

"Onların bəziləri dünyanı vaxtsız tərk edib. Çünki yazıçıların heç bir gəlir mənbəyi yoxdur. Etiraf edək ki,qəzet, jurnal və televiziyalar yazıçılara qonorar vermir. Sağ olsunlar ki, verilişlərə dəvət edirlər, amma qonorar almırıq. Yalnız AYB-nin bir neçə orqanı qonorar verir, amma bu da indiki xərclər müqabilində çox cüzidir. Ona görə də, belə bir təkliflə çıxış etdim ki, yazıçılar üçün pulsuz xəstəxananın açılması məqsədi ilə Prezidentə müraciət edək. 

Pulsuz müalicəmizin həyata keçirilməsi üçün ölkə başçısına məktub yazmalıyıq. Bu günün ən aktual problemlərindən biri əhalinin fiziki sağlamlığı və müalicəsidir. Kimlərsə fərdi qaydada tez-tez vəzifəli adamlara müraciət edirlər. Bu müraciətlərın ardı-arası kəsilmir. Bütün bunlardansa, birdəfəlik dövlət xəstəxanası kimi fəaliyyət göstərən tibb ocağının açılmasına cəhd etmək lazımdır. Bütün qələm adamlarını, yazıçıları, jurnalistləri bu ideyanı dəstəkləməyə çağırıram”.

Ə.Cahangirin sözlərinə görə, bəzi yazıçılar öz xəstəlikləri barədə danışmağa utanırlar:

"Elələri var ki, xəstəliyini cəmiyyətə açıqlayır, müəyyən ictimai rezonans doğurur. Qələm dostumuz olan Kənan Hacı ağır xəsətliklə üz-üzə qalmışdı. Bununla bağlı Elçin Əfəndiyevə müraciət etdik. Sağ olsun Elçin müəllim dövlət səviyyəsində müalicə üçün göstəriş verilməsinə nail oldu. Yazıçılarımız var ki, pis durumdadırlar, amma onlar bunu açıqlamaq istəmirlər. Bəziləri qüruruna sığışdırmır, bəziləri isə utanır”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu