"Mənim üçün Üzeyir bəy Notr-Damdan yüksəkdədir"

Seyran Səxavət: "Bəs niyə bu «ümumbəşəri dünya» bizim dəyərlərin belə məhv edilməsinə biganə qalır?"



Yazıçı-dramaturq Seyran Səxavətlə son günlərin aktual mövzuları barədə – Qarabağ danışıqları, «xalq diplomatiyası», jurnalitslərin səfərləri və… Parisdəki yanğın barədə danışdıq. Seyran Səxavətin münasibəti həmişəki kimi özəl oldu.

- Azdan-çoxdan televizora baxıram, gördüm kilsə yanır... Düzü, istəməzdim, ümumiyyətlə, nəsə yansın. Kiminsə üzü yanmasın, kimsə özünü yandırmasın, əlyazmalarının yanmasını istəmərəm… Mən Paris Notr-Dam kilsəsini Viktor Hüqodan tanıyıram. Parisdə olmuşam, amma o kilsəyə getməmişdim, Eyfel qülləsinə çıxmışam.

- Nə zaman olmusunuz Parisdə?

- Çoxdan. Camaat Yevlaxa gedə bilməyəndə mən Parisə getmişəm. Deyəsən, 1989-cu il idi. Qayıdanda bir yazı da yazmışdım ki, Parisdən Bakı görünmür.

- Yazdığınız elə doğru çıxıb. Parisdən nə Bakı, nə də ümumiyyətlə, Azərbaycan görünür. Qarabağı nəzərdə tuturam…

- Məsəl var, deyirlər, sayanın quluyam, saymayanın ağası. Mən lap 3 qat deyirəm; saymayanın ağasıyam, ağasıyam, ağası! Paris bizi nə zaman saydı? O ermənipərəstlər nə vaxt dərdimizə şərik oldular? İnsan öz yerini bilməlidir, başqasına da yerini bildirməlidir. Marketdən alınan saqqızın öz qiyməti var, insanın öz qiyməti. İnsanı xərcləmək olmaz.

- Amma Seyran müəllim, bu fikirdə olanlara «ümumbəşəri deyilsiniz» deyib ittiham edirlər…

- Bu, ümumbəşərilik elə bizə qalıb? Bizə qarşı niyə ümumbəşəri olmur dünya?! 2015-ci il mayın 19-u Azadlıq prospektində bina yandı. O binanın yanması, mənim üçün 100 dənə Notr-Dam yanğınından daha dəhşətli idi. İnsanlar yandı orda, nə qədər insan, körpə balalar məhv oldu. Faciə budur. Parisdə kilsə yanıb, ancaq təəssüflənə bilərəm. Yəqin ki, yardım edəcəklər təmirinə. Biz axı həm də küyə gedən xalqıq. Bir dəfə məşhur bir adam vəfat etmişdi. Yazıçılar Birliyində soruşdular, Seyran müəllim, getmirsiz yas mərasiminə? Dedim, yox. O adam mənim hansı yas mərasimimdə iştirak edib? İki qardaş, bir bacı dəfn etmişəm, hansının yasına gəlib? Gərək kiminsə xoş, ya bəd günündə iştirak etmək üçün onunla bir münasibətin olsun da, elə deyil?..

- Arqumentlər adətən bu olur ki, incəsənət əsərləri bəşəridir, bəşəriyyət üçündür, xalqla siyasəti qarışdırmayın və sairə…

- Dövlətin əsasını xalq təşkil edir. Belə deyilir də.
- …
- Yoxsa, bu sözdə də riyakarlıq var? Dövlətin əsasını xalq təşkil edirsə, Fransa prezidenti də, ATƏT-in Minsk Qrupunda təmsil olunan o fransız da Fransa xalqının nümayəndəsidir də. Niyə bizə qarşı ümumbəşəri dəyərlərdən çıxış etmirlər? Yenə deyirəm, bizim başımıza bu qədər faciələr gəldi. İnsanlarımız doğma yurd-yuvasından didərgin düşdü, torpağımız işğal olundu, məscidlərimiz, tarixi eramızdan əvvələ dayanan abidələrimiz məhv edildi. Mənim üçün faciə Üzeyir bəyə, Bülbülə, Xan qızı Natəvana güllə atılmasıdı. Onlar dəyər deyillər? Üzeyir bəy bütün Azərbaycan üçün, ağlı başında olan hər bir insan üçün 1000 dənə Notr-Damdan yüksəkdədi. Üzeyir bəyin «Arşın mal alan» operettası dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub. 

Və insanlar onu ziyarət ediblər. Mənim üçün «Arşın mal alan»ın dünya səhnələrində tamaşaya qoyulması və insanların gəlib o tamaşaya baxması Üzeyir bəyin ziyarəti deməkdir. Üzeyir bəy o yanğınsöndürənlərin paltarı kimi heç vaxt yanmayacaq dəyərdi.

Bəs niyə bu «ümumbəşəri dünya» bizim dəyərlərin belə məhv edilməsinə biganə qalır? Bizə başsağlığı vermək əvəzinə, dərdimizə şərik olmaq və cinayətkarı cəzalandırmaq əvəzinə, əksinə, bizim üstümüzə gəlirlər, bizə qarşı birləşirlər?! Ümumbəşəri dəyər məsələsinin bizə dəxli yoxdu?!. İnsanda ləyaqət hissi olmalıdır. Sən özünə hörmət etməyəndən sonra kimsə sənə hörmət qoymaz. Dünyada daha ümumbəşəri dəyər anlayışı qalmayıb. Hamısı dağılıb. Yox, əgər iddia edirlərsə ki, qalıb, Azərbaycan da dünyanın tərkib hissəsidir, onda qoy bizə də aid olsun. Öz xeyirlərinə olanda, harda ki, dəyərləri gözə soxmaq lazımdı, xalqı nazirdən, məmurdan ayırırlar, «siyasət başqadı, xalq başqa» deyirlər, guya ki, fransız xalqının bizə ürəyi yanır. İnsan öz yerini bilməlidir.

- Seyran müəllim, media nümayəndələrinin Qarabağa səfəri planlaşdırılır. Nə deyirsiz?

- Bildim, xəbərim var. Mən bu cür get-gəlin qəti əleyhinəyəm. Bunlar baş qatmaqdı. Nə dəyişəcək bununla? Bütün dünya Qarabağ məsələsini də bilir, kimin haqlı, kimin haqsız olduğunu da bilir.  Şəhriyarın bir şeiri var e… Ya bir yolluq azad ol, ya tamam yan. Bizim işimiz indi belədir. Güclü ordumuz var. Lap yaxşı, çox gözəl. Daha bizə başqa nə lazımdı? Evimizin içinə giriblər, evimizə soxulublar, bizi təhqir ediblər, indi də biz onları evimizdən vurub çıxarmalıyıq. 30 ilə yaxındı danışıq aparırlar. Nəyin danışığını aparırlar? Fakt göz qabağındadı. Heç peşəkar diplomatiya bir şey əldə edə bilmədi, «xalq diplomatiyası» nə edəcək, ya jurnalistlər nə edəcək?

- Son günlərin bir mövzusu da Musa Yaqubun səhhəti idi…

- Mən ötən dəfə demişdim ki, Musanı sakit buraxmaq lazımdı. Bəlkə də Musanı məndən çox istəyən yoxdu. Dəfələrlə qonağı olmuşam, kəndə getmişəm, ancaq videoya da çəkməmişəm. Bu da son zamanların bir dəbi olub, kim hara getdi, kiminlə danışdı, videoya çəkib yayır. Bu dediyimi belə yazarsan: biz xəstəmizlə, hətta ölümüzlə də özümüzü reklam edənlərik. Musanın da adından bəyanat yaydılar, guya nəsə deyib, kimisə ittiham edib. Belə şeylər yaxşı deyil, olmamalıdı.

- Seyran müəllim, Azərbaycan Yazıçılar Birliyinin qurultayı olmalıdır. Maraqlanırsız?

- Qurultayın mənim üçün heç bir mənası yoxdur. Maraqlanmıram da. Bax bu məsələdə Parisdəki kilsənin yanması mənim üçün daha maraqlıdı.

- Nə qədər kənarda qalmaq istəsəniz də, söz-söhbəti onsuz da eşidəcəksiz. Sədrliyə namizədlik məsələsi yenə ortaya atılıcaq, yeni sədr istəyənlər olacaq…

- O narazıların çoxunun yaşı 40-ı keçib. Hikkələri çox böyük idi. Hikkələrinin altında qaldılar. 

Mənimlə görüşənləri də var. Özlərinə də demişəm ki, danışanda başınızın razmerindən böyük danışırsız.

- İndi nəylə məşğulsuz? Yaradıcılıqda yenilik varmı?

- Tam səmimi deyim ki, indi ancaq özümlə məşğulam. Öz üzərimdə işləyirəm. Yazıçılar Birliyində məsləhətçiyəm. Gəlirəm işimə, etibarlı dostlarım var, onlarla görüşürəm. 50-60 illik dostlarımdı, yığışırıq, gülüşürük, 50 il əvvəlki kimi zarafatlaşırıq. Həə... məni təbrik edə bilərsən; 1 aydı «youtub»a-zada girməyi öyrənmişəm. Videolara baxıram, hərdən.

- Nəvələriniz necədi?

- Yaxşıdılar, nənələrini, babalarını yora-yora böyüyürlər…

Söhbətləşdi: Məlahət Rzayeva


Paylaş
Bizi Facebookda izləyin
menu
menu