Cəza mütləq olmalıdır

"Pis vərdişlərə səsləyən musiqilərin, meyxanaların əleyhinəyik"
Mehman Əhmədli və Vasif Əzimov gündəmin mövzusundan danışdılar


Bu gün ictimai həyatımıza bir çox amillər təsirini göstərir. Təbii ki, gənclər bu təsirə daha tez düşmüş olurlar. Mahnıların, meyxanalı musiqilərin mətnlərində olan sözlərin də, gənclərin mənəvi dünyasına təsiri danılmazdı. 

İctimaiyyətdə böyük qınağa və rezonansa səbəb olan məlum 3 qızın görüntülərindən sonra isə mahnıların mətnləri bizləri düşünməyə vadar edir. Bu kimi musiqilərin təsiri barədə düşünməyə səbəblər tapırsan. Belə ki, 3 qızın spirtli içki qəbul edərək ifa etdikləri mahnının da təsiri altına düşdüklərini söyləmək mümkündür. Bəzən şüuraltı insan beyninə bu və ya digər şəkildə mənfi təsiri olan məqamlar olur. 

Musiqilərin mətnlərində olan sözlər də psixoloji amillərin yaranmasına əsas yaradır. Xatırlayırsınızsa, bir neçə il öncə Türkiyənin məşhur ifaçılarından olan Murad Kekillinin ifasında məşhur olan «Bu axşam ölürüm, bəni kimsə tutamaz» mahnısının efirlərdə səslənməsinə qadağa qoyuldu. Səsəb isə sadə idi. Bu mahnının təsirinə düşüb depresiyaya qapılanlar arasında intihara əl atanlar da oldu. 

Ona görə də mahnının ictimai yerlərdə səslənməsinə məhdudiyyət qoyuldu. Son günlər ifa etdikləri meyxanalı mahnılara görə həbs edilən müğənnilər, meyxanaçılar da oldu ki, onların tutulmasına ictimaiyyətin münasibəti fərqli oldu. Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Rüzgar ləqəbi ilə tanınan reper Aydın Hüseynov həbs olunub. Buna səbəb onun "Mal mal” adlı mahnısıdır.

Reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər.

Onu da bildirək ki, eyni səbəbdən bir müddət əvvəl "Kazbekə şey basım” meyxanasını oxumaqla tanınan Vüqar Səda ləqəbli Vüqar Abdullayev də 30 gün müddətinə həbs edilmişdi.
Bəs tanınmış meyxanaçıların bu məsələyə münasibəti necədir?

Tanınmış meyxanaçı, hətta bəzilərinin ustad olaraq qəbul etdiyi Mehman Əhmədli «Şərq»ə açıqlamasında maraqlı fikirlər dilə gətirdi: 

«Təbii ki, gəncləri, uşaqları narkomaniyaya, pis vərdişlərə səsləyən mahnıların, meyxanaların səslənməsinin tam əleyhinəyik. Biz uzun illərdir çalışırıq ki, meyxana sənətini daha yüksəklərə qaldıraq. Bu gün dövlət tədbirlərində belə qədim folklor janrı olan meyxanaların səslənməsinə imkan yaradılır. Ulu öndərimiz Heydər Əliyev meyxana sənətkarlarına dəyər verirdi, onların çıxışlarını izləyirdi. Biz də çalışırıq ki, meyxana sənəti professional səhnədə səslənsin.

 Meyxanaya əvvəllər münasibət birmənalı deyildi. Amma zamanla dəyərli ustad meyxanaçılarımız oldu ki, vətənpərvərlik hisslərini aşılayan, mənəvi dəyərlərimizin qorunub saxlanmasına təsir edən, azərbaycançılıq ənənələrini təbliğ edən, sevginin ilahi bir hiss olduğunu aşılayan meyxanalar yaratdılar. 

Çox təəssüf ki, bunlarla yanaşı, mətnlərində qeyri-etik ifadələr olan, söyüş və pis vərdişləri aşılayan meyxanalara, mahnılara da rast gəlirik. Əlbəttə ki, biz bunların əleyhinəyik. 

Hətta bu gün kişi toylarına dəvət alanda belə, biz maksimum dərəcədə çalışırıq ki, qeyri-etik ifadələrdən istifadə etməyək. Çünki toyda kənardan o meyxanaları uşaqlar, qadınlar da izləmiş olurlar.

 Qaldı pis vərdişləri, narkomaniyanı təbliğ edən meyxanaların, replərin səslənməsinə məhdudiyyətin qoyulması, əgər səslənərsə, buna görə həmin şəxslərin qanun qarşısında cəzasına müsbət baxıram. Bir necə ifaçı buna görə cəza alsa, belə mahnıların ifası azalacaq, gənclər belə mətnləri ictimai yerlərdə səsləndirməkdən ehtiyat edərlər».

Müğənni, eyni zamanda meyxana ustası Vasif Əzimov da «Şərq»ə açıqlamasında bu kimi mahnı mətnlərinin ictimai yerlərdə səslənməsinin əleyhinə olduğunu vurğuladı: 

«Bilirsiz, hər kəs öz daxili dünyasını, mənəvi tərəflərini, əxlaq və dəyərini yaradıcılığında da göstərmiş, hiss etdirmiş olur. Mən başqalarının yerinə danışa bilmərəm. 

Amma sənətə gəldiyim ilk gündən çalışmışam ki, ifa etdiyim, bəstələdəyim, yazdığım mahnılarda, meyxanalarda mənfi fikirlər, əxlaqımıza, mənəvi dünyamıza zidd olan kəlmələr, ifadələr işlətməyim. İfa etdiyim hər mahnının mətnində mənəvi yük var. İnsanlarda anaya, ataya, vətənə, qadına, sevgiyə olan dəyərin vacibliyini vurğulamağa çalışmışam. 

Biz çalışırıq ki, meyxana üslubunda olan musiqilər peşəkar səhnədə yer alsın. Bunun üçün də mahnıların mətnlərinə xüsusi diqqət yetirmək vacibdir. Tanınmaq, məşhurlaşmaq məqsədilə ifa olunan mahnı mətnlərində primitiv küçə sözlərindən, əxlaqımıza zidd kəlmə və ifadələrdən, gəncləri pis vərdişlərə səsləyən cümlələrdən uzaq olmaq vacibdir. 

Bunun üçün əgər ifaçıların mətnlərinə məhdudiyyət qoyulursa, bunu da alqışlamaq lazımdı. Təbii ki, qanun çərçivəsində buna nəzarət olunsa, cəzalar tətbiq edilsə, onların qarşısı alınsa, belə mahnıları ifa edənlərin də sayı azalar».

Tahirə


Paylaş

Bizi Facebookda izləyin
menu
menu