İş yekunlaşmaq üzrədir - Azərbaycanlı girovlarla bağlı qərar yaxın müddətdə elan ediləcək




"Mətbuatda müəyyən məlumatlar yayılmışdı ki, guya Ermənistan rəsmiləri girovluqda saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşməsi təklifi ilə çıxış ediblər. Ermənistan artıq etiraf edir ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarında və bizim AİHM-ə ünvanladığımız ərizədə göstərildiyi kimi, bütün o qanunsuzluqların başında Ermənistan hakimiyyəti və dövləti dayanır”.

Bunu ONA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov deyib ki, girovluqda olan və qanunsuz həbs olunan vətəndaşlarımızın Ermənistan tərəfindən bu cür təcavüzə, qeyri-qanuni hərəkətlərə məruz qaldığını Ermənistan rəsmilərinin etiraf etdiyinə görə çox sevinir: 

"Bu cür bəyanatla Ermənistan dolayısı yolla təsdiq edir ki, həqiqətən qondarma rejim üzərində effektiv nəzarəti onlar həyata keçirirlər. Mən onlara tövsiyə edərdim ki, qohumları dəvət etməzdən öncə bizim girovluqda olan şəxslər keyfiyyətli hüquqi yardımla təmin olunsunlar. Ermənistanda girovluqda saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevə illərdir ki, müvafiq hüquqi yardım göstərilmir. İşğal olunmuş Dağlıq Qarabağda girovluqda olan vətəndaşlarımıza ancaq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan vəkillər hüquqi yardım göstərə bilərlər. Bu illər ərzində Azərbaycan vəkilləri onlara hüquqi yardım göstərə bilməyib. İndi isə Ermənistan rəsmilərinin Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə görüşməsi təklifi ilə guya çıxış etməsi beynəlxalq təşkilatlara hesablanmış bir addımdır, onların gözlərinə pərdə asmaqdan başqa bir şey deyil. Ermənistan həmişə olduğu kimi, toydan sonra nağara çalmaq istəyir, ancaq bu dəfə alınmayacaq”.

Vəkillər Kollegiyasının sədri bildirib ki, Avropa Insan Haqları Məhkəməsi girovluqda olan Azərbaycan vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ədalətli qərarını yaxın vaxtlarda açıqlayacaq: 

"Ermənistan tərəfi bu ilin mart ayına qədər vaxt istəmişdi. Mart ayına qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi. Artıq aprel ayıdır. Mən tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz ədalətli həllini tapacaq”.
A.Bağırov deyib ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir: 

"Çünki işin gedişatı, icraat bunu deməyə əsas verir. İş artıq yekunlaşmaq üzrədir. Əminəm ki, bu iş üzrə bizim ədalətli mövqeyimiz nəzərə alınacaq, Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqları müdafiə olunacaq və ədalətli, doğru qərar qəbul ediləcək”.

A.Bağırov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu