Sosial şəbəkələrdəki şantajçıları necə üzə çıxarmaq olar ? - Sabiq MTN zabiti yolunu göstərdi





Daxili İşlər Nazirliyi sosial şəbəkə izləyicilərinə ehtiyatlı olmağı, saxta səhifə və profillərdən istifadə etməməyi məsləhət görüb.

"Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir. Bildirilir ki, həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

"Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik" - deyə DİN vurğulayır.

Məlumat üçün bir daha xatırladılır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri 2 ildən artıqdır ki, fəaliyyət göstərir.
Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", "Instagram ", "Twitter" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud göstərilən linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilər.

Sabiq MTN zabiti İlham İsmayıl «Sherg.az»a açıqlamasında sosial şəbəkədə saxta səhifə və profillər yaratmağın çətin olmadığını dedi:

- Məlumdur ki, internet aləmində bir sərbəstlik hökm sürür, saxta səhifə yaradanlar da var, saxta profillər də. Amma müraciət edən şəxs bir qədər diqqətli olsa ən azından ayırd edər ki, bu həqiqi səhifədir, yoxsa uydurma. Cavabların səviyyəsindən, cümlə quruluşundan, sualın qoyuluşundan, bundan əlavə, «Google» axtarış sistemi mövcuddur, axtarışa verib o səhifənin formaca eyni, məzmunca fərqli olanını tapa bilər və saxtanı əsildən ayırd edər. İşə ciddi yanaşan adam bunu biləcək.
İ.İsmayıl hesab edir ki, DİN-nin bu məsələ ilə xəbərdarlığı da böyük əhəmiyyət daşıyır:
- Məncə, DİN-nin bu xəbərdarlığı kifayətdir, bu, cəmiyyəti yanlışdan uzaqlaşdırmağa yönəlib.
Bəs, sosial şəbəkələrdə müxtəlif məzmunlu, şantaj xarakterli, vətəndaşları təhdid edən videoların müəlliflərini üzə çıxarmaq çətindirmi?

İ.İsmayıl suala cavabında bunun heç də çətin olmadığını bildirdi:

- Niyə çətin olsun ki! O adamları tapmaq asandı. Birincisi, DİN-nin öz mütəxəssisləri var, onlar provayderlərlə məsələni həll edə bilər. Videolar kim tərəfindən, hansı provayder tərəfindən yayılır, bunu bilmək çətin deyil. Mütəxəssislər bu işin yollarını, üsullarını yaxşı bilir. Əgər yayılan video şantaj xarakterli və cinayət tərkiblidirsə, həmçinin, sorğu olduqda «youtube» saytı özü də rəsmi məlumat verir. Şəbəkənin belə bir öhdəliyi var. Bununla cəmiyyətimizi təhdid edən videoların yayılmasının qarşısı alınar. Videoları yayanlar qanunla cəzalandırılmalıdır. Hər şey qanun çərçivəsində olmalıdır ki, başıpozuqluq yaranmasın. Üstəlik, cəzalananlar haqqında məlumat da verilməlidir ki, cəmiyyət xəbərdar olsun. Hesab edirəm ki, bu, bir növ cəmiyyət üçün profilaktik tədbir xarakteri daşıyacaq.

Məlahət Rzayeva


Paylaş
Bizi Facebookda izləyin
menu
menu