“Lavrovun görüşdə iştirakı yeni təkliflərdən xəbər verir” - AKTUAL





"XİN rəhbərlərinin Moskva görüşündə daha çox diqqəti cəlb edən məqam görüşün Sergey Lavrovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsidir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib.

Ekspert bildirib ki, Moskva sanki bir tərəfdən Ermənistanın müttəfiqi, digər tərəfdən Azərbaycanın portnyoru olaraq çalışır ki, müəyyən güzəştli qərarlar əldə etsin: "Görüşün ilkin nəticələri açıqlanıb. Bəlli olan odur ki, hər hansı ciddi qərar qəbul edilməyib. Amma Ermənistan əvvəlcədən danışıqlara məhkum idi. Onların müxtəlif bəyanatlar verməsi, üçüncü tərəfin danışıqlara cəlb edilməsi məsələsi artıq arxa plana keçib. İrəvanda anlayıblar ki, nə Azərbaycan, nə də həmsədrlər bu təklifi qəbul edəcək. Burada bir məqama toxunmaq lazım gəlir. Lavrovun görüşdə iştirakı, ola bilsin ki, gündəlikdə yeni təkliflərin oduğundan xəbər verir. Bu təkliflər yenidən ölkə başçılarına təqdim ediləcək və müzakirələr davam edəcək”.

Analitikin sözlərinə görə, real nəticə hasil etməyən danışıqları uzun müddət davam etdirmək də mümkün deyil:

 "Müzakirələrin predmetinin nə olmasından asılı olmayaraq, nəticə əldə olunmursa, danışıqları davam etdirməyin də mənası qalmır. Eskalasiyaya imkan vermədən danışıqların aparılması təklifi məqbuldur. Lakin Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istəyir və bu şərtə əməl edilməyincə eskalasiya təhlükəsi də aradan qalxmır. Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında baş tutan görüşdə münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib. Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair fikir mübadiləsi aparılıb. Lakin gərginliyi azaltmağın yeganə yolu ermənilərin işğal etdiyi əraziləri boşaltmasından keçir”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Bakı ilə İrəvan arasında əldə olunan son razılaşmaların kağız üzərində qalmayacağını deyib: "Bakı və İrəvan bu dəfə razılaşmaların kağız üzərində qalmamasında maraqlıdır. Biz buna yardım edəcəyik. Tərəflər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı bundan sonra da sabitlikdə maraqlı olduqlarını təsdiqləyiblər. Həmçinin, hər iki ölkədə saxlanılan məhbusların yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu