Rusiyadakı Azərbaycan nəşrləri muzeyə təqdim olunub – Fotolar





Yazıçı-publisist Ramin Məmmədov "Şərq” qəzeti redaksiyasının qonağı olub.

"Sherg.az" xəbər verir ki, redaksiyamıza əlidolu təşrif buyuran jurnalist Rusiyada dərc olunan Azərbaycan qəzetlərinin bir neçə nümunəsini və qələmə aldığı kitablarını redaksiyada yaradılan Mətbuat Tarixi Muzeyinə hədiyyə etdi.

"Соотечественньики”, "В поисках родных”, "Узы дружбы”, "Нащи соотечественньики в Тюменской области”, "Дружбе нет альтернативы”, "Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı kitablarının ərsəyə gəlməsi üçün çox böyük əziyyət çəkdiyi söyləyən müəllif qeyd edib ki, bu əsərlərin yazılması üçün Rusiyanın ən azı 100 şəhərini gəzib:

" Bəzən olurdu ki, vağzallarda yatırdım. Amma əsas odur ki, faktları əldə edə bilirdim”.

"Birlik”, "Millətin qəzeti”, "Azərbaycan Diasporu”, "Dərbənd”, "Qolos Azerbaycana”, "Azərros”, "Azerbaycanskiy konqress” qəzet nümunələrini muzeyimizə təqdim edən yazıçı onu da diqqətə çatdırıb ki, bu qəzet nüsxələri Azərbaycanda çox azdır, bəlkə də, yoxdur:

"Ölkəmizdə çox böyük çətinliklə tapılır. Bunları saxlamışam, başqa sayları da var. Müəyyən yazılar üçün istifadə edirəm, faktları götürürəm. Onları da muzeyinizə hədiyyə edəcəm”.

Sonda Mətbuat Tarixi Muzeyini yaratdığına görə, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya minnətdarlıq ifadə edən R.Məmmədov vurğulayıb ki, hər bir muzey bir zəngin arxiv deməkdir:

"Sağ olun ki, belə bir arxiv yaratmısınız. Çox böyük və dəyərli iş görmüsünüz. Burada sərgilənən bütün sənədlər, eksponatlar gələcəyimiz üçün, milli mətbuatımızın inkişafı üçün olduqca vacibdir. Əldə etdiyiniz bütün sənədlər çox qiymətlidirlər. Bunun üçün sizə minnətdaram”.

A.Aşırlı isə öz növbəsində qonağımıza muzeyə verdiyi qiymət və hədiyyə etdiyi sənədlər üçün təşəkkürlərini bildirdi:

"Siz də çox böyük işlər görmüsünüz. Sağ olun ki, müzeyimizə dəyərli tarixi əsərlərinizi təqdim etdiniz. Bu kitab və qəzet nüsxələrini muzeyimizdə sərgiləyəcəyik. Məxsusi olaraq deyim ki, "Rusiyada Azərbaycan Mühacirət Mətbuatı” kitabınız zəngin mənbə rolunu oynayır. Bu kitab məlum sahədə yazılan ən sanballlı əsərlərdən biridir. Kitabda çoxsaylı faktlar yer alıb. 

Faktoloji baxımından böyük bir səlnamədir. Burada toplanan məlumatlar , bəlkə də, heç bir kitabda yoxdur. "Rusiyada Azərbaycan Mühacirət Mətbuatı” həmçinin bir doktoruluq işidir. Bu əsər real faktlara əsaslandığı üçün Rusiyada Azərbaycan mühacirəti ilə bağlı yazılan kitablar sırasında çox dəyərlidir”.

Qeyd edək ki, yazıçı-publisist Ramin Hüseyn oğlu Məmmədov 1957- ildə Qəbələ rayonunun Bum qəsəbəsində doğulub. Ali təhsil almaq arzusu ilə Rusiyaya yollanıb, uzun illər orada hüquq sistemində çalışıb, həmçinin müxtəlif mətbuat orqanlarında dərc olunan yazıları ilə Azərbaycanın zəngin mədəniyyətini təbliğ edib.

Yeganə Bayramova


Paylaş

Bizi Facebookda izləyin
menu
menu