Hüquq müdafiəçisindən SOS: “...Əhalinin sağlamlığı ciddi təhlükə altındadır”

Əliməmməd Nuriyev:“Mənşəyi məlum olmayan ətlərdən istifadə zamanı insanların qarşılaşa biləcəyi xəstəliklər araşdırılsa, bu zaman əhali daha diqqətli olacaq”

 
"Sanitar qaydaya uyğun olmayan və xəstə heyvan ətlərinin satışını həyata keçirən şəxslər üçün İnzibati Xətalar məcəlləsində müvafiq cəzalar nəzərdə tutulub”.

Bu sözləri "Sherg.az”a açıqlamasında "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, mənşəyi məlum olmayan ətlərin satılması əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir:

"Məlumdur ki, istifadəyə yararsız ətlərin satışı ilə bağlı neqativ hallar tez-tez təkrar olunur. Bu hadisələrin hansı səbəbdən baş verdiyi ciddi araşdırılmalıdır. Bir halda ki, əhalinin sağlamlığı ciddi təhlükə altındadır, bu zaman tam və məsuliyyətli şəkildə bütün yoxlamalar həyata keçirilməlidir. Hesab edirəm ki, QTA-nın bu məsələ ilə bağlı ciddi işlər görməsi lazımdır. Eyni zamanda həyata keçirilən tədbirlərin nəticələri barədə əhali məlumatlandırılmalıdır. Belə olan halda vətəndaşlar hər zaman ehtiyatlanacaqlar.

Əgər mənşəyi məlum olmayan ətlərdən istifadə zamanı insanların qarşılaşa biləcəyi xəstəliklər araşdırılsa, bu zaman əhali daha diqqətli olacaq”.

Ə.Nuriyev QTA-nın vətəndaş cəmiyyəti ilə birlikdə fəaliyyət göstərmədiyini də diqqətə çatdırıb: 

"Fikrimcə, agentlik fəaliyyyətini bu istiqamətdə qurmalıdır. Hazırda vətəndaş cəmiyyəti daha çox məlumat imkanına malikdir. Müxtəlif dövlət orqanları ilə memorandum imzalamaq və onlarla birlikdə fəaliyyət göstərmək yetərli deyil. 

Onsuz da dövlət orqanlar üzərilərinə düşən vəzifəni yerinə yetirməlidir. Elə etmək lazımdır ki, xoşagəlməz hadisə baş verməmişdən öncə tədbirlər görülsün. Yarasız ətlərdən istifadə etmək müxtəlif infeksion xəsətliklərin geniş yayılmasına gətirib çıxara bilər. Cəmiyyətimizi təhlükəli tendensiyadan qorumalıyıq.

Mənşəyi məlum olmayan ətlərin haradan gətirildiyini də dəqiq araşdırmaq lazımdır. Bəlkə bu ətlər ölkədən kənar yerdən gətirilir. QTA yetərincə böyük qurumdur, ona görə də gördüyü tədbirlər barədə əhalini xəbərdar etməlidir. Bu zaman agentlik həm yeni məlumat mənbəsi əldə edəcək, həm də problemin həllində əhali ilə birgə çalışmaq imkanı qazanacaq. Əks halda biz ancaq odu yandırıb kül ilə oyanamaqla məşğul oluruq”.

Qeyd edək ki, Mingəçevir şəhərində aparılan monitorinqlər zamanı istifadəyə tam yararsız 400 kq mal əti aşkarlanıb. Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi "Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid xəstəliyə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan ətlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu