“Qızıl onluq” deyiləm ki, hamı bəyənsin..." - MÜSAHİBƏ

Tural Abbaslı: "İş olan yerdə gərginliyin, qarşıdurmanın olması təbiidir. Bizim üçün əsas olan ümumi məqsədə nail olmaqdır"
"Çalışmalıyıq ki, Hərəkat vahid formada irəliləsin və daha faydalı işlərlə məşğul olsun"


Müxtəlif siyasi təşkilatların birlikdə təsis etdikləri Azərbaycan Xalq Hərəkatının sonuncu iclasları ciddi qarşıdurma fonunda keçib. İclasda iştirak edən tərəflərdən bəziləri bir-birini sərt dillə ittiham ediblər. Sonuncu iclasda AXH-nin dönəm sədri Tural Abbaslı toplantıya gecikib və buna səbəb kimi məhkəməyə getməsini göstərib. T.Abbaslı təşkilatın prosedur qaydasına etiraz edərək iclasa onun deyil, Mirmahmud Mirəlioğlunun sədrlik etməsini düzgün saymayıb. Bundan sonra T.Abbaslı ilə İdarə Heyətinin üzvü Süleyman Kərimov arasında qalmaqal yaşanıb. Kərimov Abbaslını qurumu parçalamağa çalışmaqda günahlandırıb: "Sənin bu çıxışların AXH-nin əleyhinədir və onun parçalanmasına xidmət edir”. T.Abbaslının cavabı isə daha sərt olub: "Xoşunuza gəlmirsə, buranı tərk edin. Gedin, əsasnaməni oxuyun. Bunu kim salıb bura? Danışığını, oturuşunu da bilmir”.

Hərəkat daxilində baş verənlərlə bağlı "Şərq”in suallarını cavablandıran Ağ Partiya sədri Tural Abbaslı son iclaslarda arzuolunmaz gərginlik yaşandığını etiraf edib. Partiya rəhbərinin sözlərinə görə, şəxsi zəmində ortaya çıxan qarşıdurmalar və əsassız ittihamlar ümumi işə ziyan verir...

- Tural bəy, AXH-nin son iclaslarının gərgin şəraitdə keçməsinin və sərt ittihamlar səslənməsinin səbəbi nədir?

- Müzakirələrimiz sərt keçir, bəzən aşırı dərəcədə gərginlik yaşanır. Bir sıra hallarda isə insanlar digərlərinə qarşı öz xarakterlərini biruzə verirlər. Hisslərini, emosiyalarını cilovlaya bilmirlər. Amma əsas odur ki, aramızda şəxsi ixtilaflar olmasın. Əslində hamı işin yaxşı getməsi üçün çalışır. Problem ondadır ki, uzun müddətdir yığılıb qalan məsələlərin müzakirəsi zamanı bəzən emosional davranışlara yol verilir. İş olan yerdə gərginliyin, qarşıdurmanın olması təbiidir. Bizim üçün əsas olan ümumi məqsədə nail olmaqdır. Çalışmalıyıq ki, Hərəkat vahid formada irəliləsin və daha faydalı işlərlə məşğul olsun.

- Gənc olduğunuz üçün Hərəkatda sizə qarşı qərəz və qıcıq olduğunu düşünürsüzmü?

- Açığı, düşünmürəm ki, kiminsə şəxsimə qarşı qıcığı olsun. Bəlkə də var, sadəcə mənim məlumatım yoxdur. "Qızıl onluq” deyiləm ki, hamı bəyənsin, razılaşsın. Təbii ki, sevməyə bilərlər. Kiminsə məndən xoşu gəlməyə, onda qıcıq yarada bilərəm. Ancaq hesab edirəm ki, şəxsi münasibətlər ümumi işə ziyan vurmamalıdır. Problemlər şəxslərin xarakteri, xasiyyəti çərçivəsində yox, Hərəkatın əsasnaməsi çərçivəsində həll olunmalıdır.

- İclasların canlı yayımlanması, mətbuata açıq və ya qapalı olması ilə bağlı da birmənalı fikir yoxdur. Sizin bu barədə düşüncəniz nədir?

- Canlı yayımlar iclasın bir hissəsində faydalı olursa, digər məqamda prosesə ciddi ziyan vurur. Hər işin mətbəxi, gözə görünməyən, pərdəarxası tərəfi var. Səhnə arxasındakı proseslərin ictimaiyyətə olduğu kimi təqdim olunmasının tərəfdarı deyiləm. Son zamanlar AXH-də baş verən proseslər, cəmiyyətdə bu qədər diskusiyaların olması məhz pərdəarxası məqamların canlı yayımlanmasının nəticəsidir. Məsələn, siz hər sabah qəzetin işi ilə bağlı planlaşdırma aparırsınız və daha sonra mövzuları ictimaiyyətə təqdim edirsiniz. 

Cəmiyyət hazır mövzuları görür, ancaq günün planlamasından xəbərsiz olur. İşin mətbəxini insanlara göstərmək faydasızdır. Həm də etiraf edək ki, bəzən canlı yayımlar insanları səmimi olmaqdan yayındırır. İctimai qınağı nəzərə alan siyasətçilər fərqli davranış sərgiləyirlər. Nəticədə iclasda iştirak edənlər səmimi düşüncələrini deyil, insanların eşitmək istədiklərini söyləyirlər. Bu da fəsad yaradır və işin gedişatına mane olur. Bəzi məqamları canlı verə bilərik, amma ümumi iclası yayımlamaq səmərəli deyil.

- Müəyyən problemlər fonunda Hərəkatdan qopmaların, parçalanmanın olacağını ehtimal edirsinizmi?

-Hərəkatda xeyli adam toplanıb. Aramızda müxtəlif ideologiyaya sahib partiyalar, fərqli düşüncələrə malik siyasətçilər var. Hər kəsin özünə görə dünyagörüşü, platforması olur. Ziddiyyətli məqamlarda kimlərinsə Hərəkatı tərk etməsi mümkündür. Hətta parçalanma da ola bilər. İndiki gedişat onu göstərir, bunu istisna etmirəm. Elə əsas məqsədimiz odur ki, hansısa qopmanın, parçalanmanın mümkün qədər qarşısını alaq. Son iki iclası ayrı-ayrılıqda keçirmişik. Çalışmalıyıq ki, bunlar baş verməsin.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu