“Lavrov planı”nın reallaşması bir halda mümkündür

5 rayon azad edildikdən sonra Şuşa və Laçın əhalisinin öz torpaqlarına qaytarılması prosesinə başladılsın



Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ortaya atılan "Lavrov planı” yenidən müzakirə edilməyə başlanıb. Rusiyanın tanınmış politoloqu Aleksandr Duqin iddia edib ki, Rusiyanın dəstəklədiyi bu plan reallaşarsa, Qarabağ heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Duqinin sözlərinə görə, "Lavrov planı”nı Rusiya Prezidenti Vladimir Putin də dəstəkləyir. Rus ideoloq vurğulayıb ki, indi hər iki dövlət hərbi qarşıdurma vəziyyətindədir və Qarabağda hər hansı sülhdən söhbət gedə bilməz: "Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən Ermənistanla tərəfdaşlıq edir.

Bu gün sürətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün əlverişli deyil. 

Azərbaycan üçün durumun qəbuledilməzliyini söyləməyə isə ehtiyac yoxdur. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini heç bir ölkə qəbul etməyəcək”. Rusiyalı analitikin fikrincə, bu gün Qarabağ ətrafında qüvvələr nisbətindəki balans dəyişdiyindən münaqişənin nizamlanmasına şərait yaranıb. "Lavrov planı” məhz bu dönəmə hesablanıb: "Azərbaycanda bu planı ziyanlı sayanlar çoxdur. Onlar sadəlövhlüklə "Lavrov ermənidir” deyib planın önünü kəsmək istəyirlər. Lavrov dövlət adamıdır və onun hadisələrə real baxışları var. Bundan başqa, bu, Lavrovun şəxsi planı deyil”.

Rusiyalı ekspertin açıqlamasını "Şərq”ə şərh edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Duqinin "Lavrov planı”nı ilə bağlı bəyanatı başımızın altına yastıq qoymaq cəhdidir. Analitikin sözlərinə görə, Rusiya 5 rayonun geri qaytarılmasından sonra Dağlıq Qarabağda uzunmüddətli sülhməramlı qüvvə statusunu almaq niyyətindədir:

 "Bununla Qarabağı de-fakto işğal edən qüvvə regionda qalmaq üçün hüquqi status almış olacaq. Duqinin təhlilinə görə, Ermənistanın Dağlıq Qarabağ üzərində hər hansı hüquqi status almaq şansı sıfıra bərabərdir. Deyir heç bir ciddi ölkə Dağlıq Qarabağı Ermənistanın tərkibində tanımayacaq. Belə olan təqdirdə Rusiya hərbi birləşmələrinin Dağlıq Qarabağda yerləşməsi üçün uzunmüddətli hüquqi status alması uğrunda canfəşanlıq etməsi başadüşülən deyil. "Lavrov planı”nın gerçəkləşməsi o zaman mümkündür ki, 5 rayon azad edildikdən sonra Şuşa və Laçın əhalisinin öz torpaqlarına qaytarılması prosesinə başladılsın və regiona yerləşdiriləcək sülhməramlı qüvvələr proporsional şəkildə bir neçə dövlət arasında bölüşdürülsün. Bu dövlətlərdən ikisinin Avropa ölkəsi, digər ikisinin isə Türkiyə və Pakistan olması vacibdir. Bundan sonra isə planda nəzərdə tutulan iqtisadi, logistik və siyasi əlaqələr yaradılmalıdır. Dağlıq Qarabağın keçid statusu müəyyən edilməlidir”.

Siyasi şərhçi xatırladıb ki, 2015-ci ilin dekabrında AŞ PA Dağlıq Qarabağ ətrafı 7 rayonun qaytarılmasını ilkin şərt olaraq irəli sürüb: 

"O zaman Rusiya xarici işlər naziri Lavrov bu qətnaməyə qarşı kəskin reaksiya verərək öz etirazını bildirmişdi. Rusiya eyni davranışı sərgiləyir. Görünür, Rusiya tərəfi hələ də münaqişənin həll olunmasının tərəfdarı deyil. Bu görüşdə hər hansı qərarın və ya razılığın əldə olunması ehtimalı perspektivsiz görünür. Lakin görünən odur ki, Azərbaycan tərəfi diplomatiya nöqteyi-nəzərindən Ermənistanı və Rusiyanı sıxışdırmağa nail olub. Duqin Moskva görüşünü təhlil edərkən Prezident İlham Əliyevin məharətli xarici siyasətini bəyəndiyini etiraf etdi. 

Hazırda Azərbaycan Avropa İttifaqı ilə aktiv iş aparır. Masanın üstündə tərəfdaşlıq istiqamətində imzalanması gözlənilən sənədlər mövcuddur. Bu əlaqələr isə Rusiyanın istəyindən asılı olmayaraq, Azərbaycanı Avropa ailəsinə daha bir addım yaxınlaşdıracaq. Rusiya isə Azərbaycanı öz yanında görmək istəyir. Bu, mümkündür. Lakin bundan ötrü Rusiya tərəfi kiçik bir addım atmalıdır və işğal edilmiş torpaqlarımızın qaytarılması prosesinə start verməlidir”.

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu