İnformasiya təhlükəsizliyi ciddi məsələdir

Xarici ölkə TV və radio dalğalarının ölkəmizdə icazəsiz yayımının qarşısı alınmalıdır
"Xüsusən də torpaqları işğalda olan, müharibə şəraitindəki dövlətin ərazisində zərərli təbliğat yolverilməzdir"

İnformasiya mühitinin təhlükəsizliyi önəmli məsələdir. Xüsusən də Azərbaycan kimi işğala məruz qalmış, haqq səsini dünyaya çatdırmağa çalışan dövlətdə. Bu sahədə televiziyalarımız üzərinə düşən vəzifəni, yaxşı-pis, yerinə yetirir. Analitik proqramlar, siyasi şərhlər, politoloqların izahları, gündəm mövzularının efirə daşınması müsbət haldır. Narahatedici məqam xarici televiziyaların ölkə ərazisində bəzən sərbəst yayımlanmasıdır. Məlumdur ki, Azərbaycanın inkişafına qərəzli mövqe tutan, dövlətimizin güclənməsini istəməyən qüvvələr mövcuddur. Bir tərəfdən də Qarabağ münaqişəsi kimi hələ də çözülməyən problemimiz var. 

Belə şəraitdə ölkə əhalisinin xalqımıza və dövlətimizə düşmən mövqedə dayanan hansısa qrupların əlindəki informasiya resurslarına sərbəst çıxışı anlaşılan görünmür. Məsələn, deyək ki, Rusiyanın hansısa telekanalında yayımlanan bir proqramda erməni politoloqu Qarabağ münaqişəsindən danışır və təbii ki, Ermənistanın maraqlarını müdafiə edir. Bunu, xüsusilə də şimal bölgəmizdə yaşayan azərbaycanlı bir ailə ekran qarşısında əyləşib izləyirsə, fikirlərin qarışmayacağı nə məlum?

Yaxud, cənub qonşumuz İranda, güneydə yaşayan soydaşlarımızın da qəzəbinə səbəb olmuş bəzi teleproqramlar, filmlər nümayiş etdirilib. İran dövləti televiziyalarının bəzi hallarda yaydığı zərərli informasiyaları cənub bölgələrimizin sakinləri rahat izləyirsə, artıq burada informasiya təhlükəsizliyinin təmini zəruri hal alır.

«Qonşu ölkələrin teledalğalarının sərbəst yayımı ziyanlıdır»

Xatırladaq ki, bəzən sosial şəbəkələrdə Vətənimizin güneyi ilə bağlı qəlbimizi qürurla dolduran məlumatlara da rast gəlirik. Eyni zamanda qulağımızı yağır edən başqa xəbərlər də alırıq. Bu da əsasən ölkə ərazisində maneəsiz yayılan İran radiosu «sayəsində» baş verir.
Məlumdur ki, İran radiosu Azərbaycan, xüsusilə də cənub regionunda maneəsiz yayımlanır və nəticədə yalan informasiyalar, təxribat xarakterli məlumatlar yayılır. Qərb bölgələrimizdə də Ermənistan televiziya və radiosu. Bu problem isə hələ də həllini tapmayıb.

«Türküstan» qəzetinin baş redaktoru Aqil Camal «Şərq»ə açıqlamasında illərdir Azərbaycan insanını narahat edən bu problemin çözüm yolunun olduğunu dedi:

- Milli Məclisdə "Rabitə haqqında" qanuna dəyişikliklər edilərkən də bu məsələ millət vəkilləri tərəfindən qaldırıldı. Azərbaycanın efir məkanında qonşu ölkələrin dalğalarının özünə yer etməsi artıq ciddi məsələ kimi ortalıqdadır. Problem ondadır ki, Azərbaycan qonşu sarıdan bəxti gətirməyən ölkələrdəndir. Ətrafımızda qərar tutmuş ölkələrin əksəriyyəti Azərbaycana qarşı ənənəvi neqativ mövqedə duran ölkələrdir. Ermənistanın düşmənçiliyi isə bəllidir.
Təəssüf ki, bu gün şimaldan, cənubdan, qərbdən ölkəmizin efir məkanına soxulan radiodalğaların əksəriyyətində anti-Azərbaycan təbliğatı, milli təhlükəsizliyimizi təhdid edən çağırışlar var.
Azərbaycanda informasiya təhlükəsizliyinə, efir məkanımızın qorunmasına cavabdeh olan dövlət qurumları bu yöndə təcili tədbirlər görməlidir. Həmin dalğaların qarşısını alan texniki avadanlıqlar müvafiq yüksəkliklərdə yerləşdirilməlidir.

«İnformasiya müharibəsi bütün dünya üzrə aparılır»

İnformasiya müharibələrinin spesifik xüsusiyyətləri var. Müharibə şəraitində sosial media istifadəçilərinin, jurnalistlərin, media qurumlarının rolu aydın şəkildə bilinməlidir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz açıqlamasında cəbhədə əldə etdiyimiz uğurlar, informasiya siyasətinin də mühüm əhəmiyyət kəsb etdiyini göstərib:

- Müasir müharibələr yalnız aktiv döyüş bölgəsində aparılmır. Əgər aktiv döyüşlər yalnız cəbhə bölgəsində gedirsə, informasiya müharibəsi bütün ölkə üzrə, hətta bütün dünya informasiya mühitində aparılır.

Görürük ki, ön cəbhədə nəsə bir irəliləyiş, dəyişiklik baş verdikdə, dərhal Azərbaycana qarşı digər bir cəbhədə, informasiya mühitində də müharibə güclənir. Əvvəlki döyüşlər zamanı belə hallar elə də qabarıq gözə çarpmayıb. Ermənistan tərəfi və onlara dəstək verənlər son günlərdə, informasiya silahından istifadəyə daha ciddi diqqət yetirməyə başlayıb. Onların sosial media fəaliyyətləri, onların mövqeyini müdafiə edən xarici informasiya resurslarının fəaliyyəti bunu deməyə əsas verir. Məqsəd isə təbii ki, uğursuzluqlarını ört-basdır etmək, daxildə baş verən ictimai-siyasi gərginliyi başqa müstəviyə transfer etmək, Azərbaycanda çaşqınlıq yaratmaq, diqqəti əsas məsələlərdən yayındırmaq, beynəlxalq ictimai rəyi dəyişməkdir.

«İnformasiya müharibəsinin əsgərləri jurnalistlərdir»

O.Gündüz hesab edir ki, Ermənistan və Rusiya tərəfi Azərbaycana qarşı informasiya müharibəsinə ciddi diqqət yönəldiblər və bu işə böyük investisiyalar yatırırlar:

- Düşünürəm ki, indiki şəraitdə hər birimiz özümüzə hesabat verməliyik ki, görəsən bu gün mən belə bir aqressiya ilə, informasiya hücumu ilə qarşılaşdımmı? Biz bilməliyik ki, bizdəki müharibəni beynəlxalq aləm də izləyir. Və imkan verməməliyik ki, bizim haqq işimiz, ədalətli müharibəmiz başqa aspektdə dünya ictimaiyyətinə çatdırılsın. Bunun üçün ciddi informasiya işi aparılmalı, alternativlər təşkil edilməli, alternativ informasiya mənbələri olmalıdır. Real müharibəni aparanlar əsgərlər və zabitlərdirsə, informasiya müharibəsinin əsgərləri jurnalistlər, sosial media istifadəçiləri, ekspertlər, müəllimlər, biznesmenlər, bütün internet istifadəçiləridir. Onların fəaliyyəti, istehsal etdikləri informasiya, onların ictimai nüfuzu, real vəziyyətin, real qələbələrin, hadisələrin dəyərləndirilməsində, ictimai rəyin formalaşdırılmasında mühüm rol oynayır.

Manipulyasiyanın, yalanlar və dezinformasiyanın qarşısını alan effektiv mexanizmlər hazırlanmalıdır. Bu sahədə dövlət qurumları və media quruluşları aktiv fəaliyyət göstərməlidir. Sosial media resursları, internet resurslara diqqət yönəldilməlidir.

Ümumiyyətlə, media qurumları, sosial media daha çox rəsmi informasiyalara istinad etməlidir.
İnternet media, sosial media informasiya təxribatlarının qarşısının alınmasında, real vəziyyətlə bağlı doğru informasiya mühitinin yaradılmasında mühüm rol oynayır. Bu, yaxşı haldır. Amma görünən də budur ki, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarşısını almaq, bu istiqamətdə uğur əldə etmək üçün zəruri informasiyalar heç bir halda yetərli sayıla bilməz.

Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində xarici informasiya resursları, xüsusən Rusiyanın informasiya resursları da iştirak edir.

Bu baxımdan düşünürəm ki, vacib olan dəqiq, faydalı informasiyaların, düşmən və xarici media orqanlarından daha tez sosial şəbəkələrə yerləşdirilməsinə diqqət etməsi faydalıdır. Qloballaşan dünyada təcrübə göstərir ki, kim informasiyanı ilk verirsə və hansı formada təqdim edirsə, ictimai rəyi də elə o formalaşdırır. Sonradan informasiyanın təkzib edilməsi və ya təsdiqi vaxt aparır və o qədər də əhəmiyyət kəsb etmir.

«Xarici telekanallara etibar etmək olmaz»

- Əlbəttə, jurnalist informasiyanı yayımlamaqda müstəqildir, eləcə də vətəndaşlar sosial mediada fikirlərini bölüşməkdə sərbəstdirlər. Sosial şəbəkələr açıq bir informasiya mühitidir. Bu fəaliyyətə hər hansı qadağa qoymaq düzgün deyil. Biz həmişə bu sahənin inkişafına diqqət yönəltmişik. Amma nəzərə alaq ki, biz müharibə şəratiində olan ölkəyik. Bu məqamda davranışın da öz qanunları var. Həm də unutmaq lazım deyil ki, internet elə KİV-dir. 

Bu, bizim qanunvericilikdə də nəzərdə tutulub. Yəni KİV-ə qoyulan tələblər burada da olmalıdır. Azərbaycan İnternet Forumu olaraq düşünürük ki, sosial media istifadəçiləri, informasiya yayan və paylaşan jurnalistlər bu məqamda daha diqqətli olmalıdır. Yaxşı olardı ki, hansısa məlumatı hazırlayanda, paylaşanda rəsmi mənbəyə də istinad edilsin. Düşünürəm ki, müharibə gedən şəraitdə jurnalistlər və sosial media istifadəçiləri daha aktiv olmalı, doğru, düzgün informasiya üçün, müxtəlif dillərdə olan alternativ informasiya mənbələri yaratmalıdır. Hər şeyi də dövlət qurumlarının üzərinə atmaq doğru olmaz”.

Son hadisələr bir daha göstərdi ki, bir sıra xarici TV kanallara, xüsusilə də rus TV kanallarına etibar etmək olmaz. Onlar birtərəfli qaydada, Ermənistan tərəfinin mənafeyini güdən təbliğata üstünlük verirlər. Düşünürəm ki, indiki halda Ermənistanın maraqlarından çıxış edərək məqsədyönlü şəkildə, birtərəfli bu cür mövqe sərgiləyən bütün xarici TV kanalların Azərbaycan ərazisində yayımının dayandırıla biləcəyi gündəmə gətirilməlidir və dərhal da bu tip informasiya silahlarının müəyyən müddət ölkə ərazisində məhdudlaşdırılması mexanizmləri hazırlanmalıdır. 

Hazırda Kabel TV operatorlarımız, həm də provayderlərimiz (İP TV) onlarla rus tv kanallarının siyahısı daxil olan paketlər təqdim edirlər və bu kanallar sərbəst formada ölkə ərazisində retranslyasiya olunur. Milli Teleradio Şurası bununla bağlı monitorinq aparmalı və müharibə şəraitində bu tip TV-lərin milli təhlükəsizliyimiz üçün təhdid ola biləcəyini müzakirə etməlidir. 

Monitorinqlərin və müzakirələrin nəticəsindən asılı olaraq milli təhlükəsizliyimiz üçün təhdid yaradan xarici TV kanalların siyahısı elan olunmalı və dərhal da kabel operatorların və provayderlərin paketlərindən bu kanallar çıxarılmalıdır.

Rusiya-Gürcüstan və Rusiya-Ukrayna müharibələrində, daha doğrusu, bu müharibələr zamanı aparılan informasiya müharibələrində də məhz belə olmuşdu. Məsələn, Ukraynanın müvafiq dövlət qurumunun qərarı ilə bu ölkənin ərazisində 15 rus TV kanalının retranslyasiyası qadağan edilib.

Hətta Azərbaycan peyki üzərindən yayımlanan, məqsədyönlü formada Azərbaycanla bağlı yalanlar tirajlayan, Azərbaycan əleyhinə təbliğat və dezinformasiya yayan xarici TV kanalların "Azərkosmos" və MTŞ tərəfindən monitorinq edilməsini, milli maraqlarımız baxımından tədbirlər görülməsini vacib hesab edir.

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu