"Son vaxtlar televiziyaları izləmirəm" - MÜSAHİBƏ

"Mütaliə ilə məşğulam, bəzən kitabları bir neçə dəfə oxuyuram"
Cəmil Quliyev: "Nəyinsə qarşısını almağın yolları var, üsullar var. Amma mən intriqalardan uzaq adamam. Xahiş edirəm, məni düzgün anlayın. Mənim nəsə deməyim artıqdı"


Televiziyalarımızın bugünkü bərbad durumu, kinomuzun tənəzzülünü düşünəndə tutarlı, əsaslı sözə ehtiyac yaranır. Kim danışa bilər, problemlər barədə? Əlbəttə ki, ziyalı. Sözünün çəkisi olan adam. Tapdıq beləsini: Cəmil Quliyev! Əməkdar incəsənət xadimi.

Tanıtımı çox geniş olacaq. Onu tanıyanlar onsuz da tanıyır. Qısaca, bir neçə kəlmə ilə də Cəmil müəllimin kimliyini açmaq mümkündü. İctimai Televiziyanın sabiq baş direktoru. Niyə İTV-nin adını çəkdik, çünki televiziya kütləvidi. C.Quliyevi tanımayan vardısa da, İTV-yə direktor təyin ediləndə tanıdı. Cəmil Quliyev kino sahəsində də geniş fəaliyyət göstərib. Kino da kütləvidi. Televiziya kimi. Amma bu gün Azərbaycan insanı ekran qarşısında əyləşib, öz maraqlı kinomuza baxa bilmir. Varsa da, göstərmirlər. MTRŞ sədri Nuşirəvan Məhərrəmli dediyi kimi, «bayağı, şit proqramlar, seriallardı».

Bunları Cəmil müəllimlə müzakirə etmək istəyirik. Məlumat üçün onu da deyək ki, C.Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir. Kinorejissordur, «Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Azərbaycan Dövlət Film Fondunun direktoru işləyib, «Mədəniyyət kanalı»nın baş direktoru olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.

- Cəmil müəllim, hazırda nə işlə məşğulsunuz?

- Düşünmürəm ki, mənim bugunkü fəaliyyətim kimlər üçünsə maraq kəsb etsin… Hazırda ictimai əsaslarla işləyirəm. Bilirsiniz ki, cənab Prezident Kinematoqrafçılar İttifaqına vəsait ayırdı. İndi layihələr üzərində işləyirik. Fond yaratmışıq…

- Cəmil müəllim, sizə də məlumdu ki, hazırda əksəriyyət sovet illərində çəkilmiş Azərbaycan filmlərinin həsrətini çəkir. Nə zaman telekanallarda Azərbaycan filmləri nümayiş olunursa, necə deyərlər, əhali ekrana yaxın əyləşir. Niyə indi maraqlı filmlər azdır? Çəkilənlər də nümayiş olunmur.

- İndi biz yeni kinonun konsepsiyasını hazırlayırıq. Kinonun təbliği, maarifləndirici xüsusiyyətinin önə çəkilməsi, bununla bağlı proqramın hazırlanması, Kino İttifaqında kurslar açılmasını planlaşdırırıq, master-klasların təşkil olunması və sair belə işlər nəzərdə tutulur.

- Yəni, bu layihələr ümumilikdə kinomuzun inkişafına yönəlib.

- Bəli. Kinematoqrafiya sahəsinin inkişafı yeni konsepsiyada əksini tapacaq. Yeni Kino Mərkəzinin yaradılması da bir layihədir. Bunlar hamısı kino sahəsindəki mövcud boşluqların aradan qaldırılmasına yönəlib.

- Dərs deyirsinizmi yenə?

- Əlbəttə.

- Vaxt ayıra bilirsiniz tələbələrə?

- Mən həmişə tələbələrimə vaxt ayırmışam. Hansı işdə, hansı vəzifədə olsam da. 1987-ci ildən bu gün də daxil, müəllim kimi çalışıram. Dərs demək, müəllimlik mənim üçün bir sevgidir, məhəbbətdir.

- Cəmil müəllim, hazırda fəaliyyət göstərən özəl telekanallar çox tənqid olunur. Milli Teleradio Şurası da dəfələrlə bəyan ehdib ki, özəl kanalların səviyyəsi aşağıdır, bayağı proqramlar hazırlanır, keyfiyyətsiz teleseriallar nümayiş olunur. Sizcə bunun qarşısını almaq mümkün deyil?

- Yaxşı olar ki, siz bu sualı o sahədə çalışanlara ünvanlayasınız.

- Cəmil müəllim, siz kinoşünas, peşəkar televiziyonçusunuz…

- Mənim cavabım birmənalı qəbul olunmaz. Bu suala cavab verməyim doğru olmaz. Təbii ki, nəyinsə qarşısını almağın yolları var, üsullar var. Amma mən intriqalardan uzaq adamam. Xahiş edirəm, məni düzgün anlayın. Mənim nəsə deməyim artıqdı.

- Bəs, İTV-nin fəaliyyəti sizi qane edir?

- Mən İTV ilə sıx əməkdaşlıq edirəm. İTV mənim doğma televiziyamdı.

- Rəhbər dəyişikliyi olandan sonra sizin proqrama qonaq qismində dəvət olunmağınız həm müsbət qarşılandı, həm də, doğrusu, çoxlarına təəccüblü gəldi.

- Niyə təəccüb edirlər? İTV mənim üçün çox əzizdi. Rəhbərlik tərəfindən dəvət olunuram və ora böyük məmnuniyyətlə gedirəm. Layihələrdə ekspert kimi iştirak edirəm. Orada hazırda professional rəhbərlik var. Onlara dərin təşəkkürümü bildirirəm.

- Ümumiyyətlə, telekanalları izləyirsiniz?

- Açığı, son vaxtlar televiziyadan uzaqlaşmışam. TV-ləri izləmirəm. Mütaliə ilə məşğulam. Bəzən kitabları bir neçə dəfə təkrar oxuyuram.

- Mütaliə etdiyinizi dediniz. Hansı kitabları oxuyursunuz?

- Əsasən Amerika yazıçılarını oxuyuram. Ernest Heminquey, Kurt Vonnequt. Con Dos Passos… Və klassik musiqi dinləməyi sevirəm.

- Cəmil müəllim, məşğul vaxtınızda bizə zaman ayırdığınız üçün çox sağ olun.

- Yox, o nə deməkdi?! Siz sağ olun.

Məlahət Rzayeva


Paylaş
Bizi Facebookda izləyin
menu
menu