Hamının yolunun üstündə təhlükə var

Heyvansevərlər əsəbiləşməsin, o heyvanlar heç bir uşaqlardan qiymətli deyil



Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bir neçə gün əvvəl quduz it dişləməsi səbəbi ilə xəstəxanaya yerləşdirilmiş 4 yaşlı uşağın vəziyyəti yaxşıdır.

Bu barədə 1 saylı Tibbi Kliniki Xəstəxananın üz-çənə cərrahiyyə şöbəsindən məlumat verilib. Bildirilib ki, cərrahiyyə əməliyyatı nəticəsində uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.
Məlumatda hazırda xəstənin vəziyyətinin normal olduğu bildirilir: "Profilaktik olaraq müalicə davam edir".
Qeyd edək ki, hadisə aprelin 18-də paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş vermişdi.
Sahibsiz it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.

Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, ona quduzluq əleyhinə zərdab vurulub.
Uşağın müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Səhiyyə Nazirliyi də məlumat yaydı

Hadisə ilə bağlı Səhiyyə Nazirliyi də dünən məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində isə 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb: "Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.

Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100 faiz ölümlə nəticələnir".

Quduzluğun epidemioloji xüsusiyyətləri bunlardır:

İnsanların yoluxmasında əsas mənbə itlərdir; xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur; xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi; insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.

Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir. Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Sosial şəbəkələr də «itlərdən danışır»

Son zamanlar it dişləmələri, sahibsiz itlərin əhaliyə, uşaqlara hücumu sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Müzakirələrə qoşulanlar sahibsiz itlərlə bağlı ciddi tədbir görülməli olduğunu vurğulayır, bu məsələyə cavabdeh olan İdarənin öz işinin öhdəsindən gəlmədiyini bildirirlər.
Pediatr Vaqif Qarayev də it dişləmələri ilə bağlı şəxsi feysbuk səhifəsində narahatlığını ifadə edib:
- Son vaxtlar sahibsiz itlər yenə hücuma keçib. Az qala hər gün it dişləməsi barədə məlumatlar yayılır. Ən son məlumat - Sulutəpə qəsəbəsindəndi. Küçə iti 4 yaşlı uşağın sifətini parçalayıb, şəkli paylaşmadım. Təki faciə bununla bitsin. Quduzluq başlamasın. Bu problemin öhdəsindən gəlmək çox da çətin deyil axı. Dövlət idarəsi var, QHT-lər var…

Heyvansevərlər də əsəbiləşməsin. Uşaqları(mızı) qorumalıyıq da... Sizin heyvana sevginiz heç bir uşaqdan qiymətli deyil!

«Teleqraf» Media Qrupunun rəhbəri Aynur Camalqızı da müzakirələrə qoşulub: Az qala hər gün küçə itlərinin hücumuna məruz qalanlar barədə xəbər alırıq. Zərərçəkənlər arasında azyaşlıların, uşaqların olması isə bir ayrı dərddir. Təhlükə yolumuzun üstündədir. Sahibsiz itləri küçələrdən yığmaq lazımdır...

Jurnalist Elnurə Abuşova da yaşadığı ərazidə sahibsiz itlərin qorxu saçdığını yazıb və foto da paylaşıb:

- İtlərdən söz düşmüşkən, bu da Rəsulzadə qəsəbəmizin itləridi. Üz tutduqları məkan da keçmiş Məhkəmənin binası. Biz və digər sakinlər hər gün dayanacağa bu yolla gedib-gəlirik. Yaxınlıqda məktəb də var. Valideynsiz gedib-gələn uşaqlar da az deyil. Mən özüm də işimlə əlaqədar bəzən axşam 8-dən sonra Allahı çağıra-çağıra qayıdıram evə. Yəni heç birimiz o zavallı uşağın yerində olmaqdan sığortalanmamışıq

Vətəndaşlar da sosial şəbəkələrdə müzakirələrə qoşulublar.

Aişə Sultanzadə: Dövlət sahibsiz itlərə sığınacaqlar təşkil edib, müalicə edib sığınacaqda saxlamalıdırlar. Yəni bu məsələ humanist yolla həll olmalıdır. Avropa ölkələrində olduğu kimi.

Kəmalə Gözəlova: Əsəbiləşən heyvansevərlər aparsın evində saxlasın camaatın uşağına hücum edən heyvanları!

Elman Cəfərli: Doktor, bəlkə onlar acdırlar, yemləmək lazımdır?

Zakir Ocaqverdi: Sahibsiz küçə itləri insanlara ciddi problem yaradır. Ya Avropada olduğu kimi, onları insanlardan təcrid etmək, ya da məhv etmək lazımdır.

Məhluqə Qaramanlı: Heyvansevərlər heyvanları yığsalar yaxşı olar. Uşaqların parçalanması olmaz. Günahdı.

Mahinur Cəmilova: Hazırda gecə saat 1-di. «28 may» küçəsində, şəhərin mərkəzində 8 sahibsiz it dalaşır - elə bil çölün düzündəyik.

Vazeh Mehdiyev: Yeni Günəşlidə küçə itlərinin sayı hər gün artır. Sanki kimsə onları azdırmaq üçün qəsəbəmizə gətirir.

Sosial yazışmalardan aydın olur ki, paytaxtın əksər hissələrində sahibsiz itlər dolaşır və əhaliyə ciddi təhlükə törədirlər. Sahibsiz itlərin zərərsizləşdirilməsi ilə Sanitariya və Texniki Təmizlik İdarəsi məşğul olmalıdır. Amma bu idarənin əməkdaşları çox zaman lazımi vasitələrin olmadığından gileylənir. 

«Şərq» qəzeti bu problemə dəfələrlə toxunub və Suraxanı rayonu Qaraçuxur qəsəbəsində, Kərpic zavodu adlanan ərazidə xeyli sayda sahibsiz itlərin dolaşdığını və ətrafda məskunlaşmış əhaliyə ciddi təhlükə törətdiyini yazıb. Lakin problem hələ də həllini tapmayıb. Bəlkə bu problemlə Fövqəladə Hallar Nazirliyi ciddi şəkildə məşğul olsun?!.

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu