Polşada AXC-nin xatirəsinə lövhə qoyuldu

"Bu ölkə hər zaman Azərbaycana dost münasibəti göstərib"



Polşada Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı olub. Açılış mərasimində Polşaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Polşanın xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.

Tədbirdə çıxışı zamanı E.Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edib. Həmçinin E.Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan hökumətinə teleqram ünvanlayaraq, Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. O, 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasında mövcud bağların bu gün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib. Polşa xarici işlər naziri Yaçek Çaputoviç də öz növbəsində iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirib.

"Şərq”ə açıqlamasında lövhə qoyulmasını tarixçi-alim Dilavər Əzimli də yüksək qiymətləndirərək bildirib ki, Polşa ilə əlaqələr hələ I Şah Abbasın dönəmindən başlayıb və yaxşı inkişaf edib:

 "Polşa həmişə Azərbaycanın dostu olub, onu müdafiə edib. Bu gün də bizə dost ölkələrdən biridir. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Polşa Universitetində Azərbaycan tarixi bölməsi fəaliyyət göstərir. Bizim tarix institutu ilə əlaqələri genişdir. Polşa səfiri ilə dəfələrlə görüşüm olub. Azərbaycanı çox sevirlər. Azərbaycanın müstəqilliyini, bağımsızlığını həmişə müdafiə edirlər. Dağlıq Qarabağ məsələsində hər zaman yanımızdadırlar. Hesab edirəm ki, bu məsələ çox ciddi məsələdir. Sevindirici və təqdirəlyiq haldır”.

Bu cür işlərin digər ölkələrdə də həyata keçirilməsinin mümkünlüyünü vurğulayan tarixçi-alim Azərbaycan səfirlərini güclü işləməyə çağırıb: 

"Ölkələrə göndərilən səfirlərin seçilməsi məsələsinə ciddi yanaşılmalıdır. Onlarda milli təəssübkeşlik, vətənə bağlılıq, sevgi güclü olmalıdır. Bəzi səfirlər Azərbaycanın maraqlarını müdafiə etmək üçün göndərildiyini unudur, öz maraqlarını güdür, biznesini inkişaf etdirir. 

"Siyasətdə dost-düşmən yoxdur, yalnız maraqlar var”- fikri mövcuddur. Biz bu məsələdən ciddi istifadə etməliyik. Öz maraqlarımızı müdafiə etməklə, təqdim etməklə yanaşı, dostlarımızın sayını da artırmalıyıq. Dövlətlərin əksəriyyəti Azərbaycanda gedən proseslərdən xəbərdardırlar. Azərbaycana qarşı loyal münasibətdə olan dost dövlətlər, bir də əks mövqedə olan dövlətlər var. Polşa kimi dövlətlər birbaşa dost ölkələr sırasına daxildir. İstək olsa, hər şey etmək olar”.

Sevda Ulutau

Paylaş
Bizi Facebookda izləyin
menu
menu