Zeynəb Xanlarovanın qətli şayiəsi Türkiyəni silkələyib

Qəzet və dərgilər müğənninin türkçü kimi siyasi cinayətə qurban getdiyini yazıb


Türkiyədə nəşr olunan «Azərbaycan» Aylıq Türk Kültür Dərgisinin 1970-ci il 201-ci sayında «Səs sənətkarı Zeynəb Hanlaroğlu»nu kommunist ruslar öldürübmü?» başlıqlı yazı dərc edilib. Bu o zamanlar idi ki, Türkiyə ilə SSRİ münasibətlərində bir qədər yaxınlaşma, istiləşmə hiss olunurdu. Və SSRİ də kommunist rejiminin qayəsinə uyğun qonşu dövlətlərlə əlaqələri möhkəmləndirməyə çalışırdı. Dövlətlərarası münasibətlərin möhkəmlənməsi kontekstində ən birinci iş də sənət adamlarının, müğənnilərin qastrol səfərlərinin təşkili olurdu. Məlumdur ki, Xalq artisti Zeynəb Xanlarova SSRİ dönəmində Azərbaycanın səsini dost, qardaş ölkələrə çatdıran sənətkarlar arasında xüsusi yer tuturdu. Zeynəb xanım sevilirdi, dinlənilirdi. Əsl mədəniyyət səfiri, sənət elçisi idi. 

Qardaş Türkiyədə isə Zeynəb xanıma sevgi sonsuz idi. Türkiyə növbəti qastrol səfərlərindən birində, adətən olduğu kimi Zeynəb Xanlarova yenə türk millətinə məhəbbətini izhar edib, çağırışlar səsləndirib. Sovetlərə qayıtdıqdan sonra bir müddət Zeynəb Xanlarova barədə susqunluq yaranıb. Qardaş Türkiyədə isə belə bir məlumat dolaşmağa başlayıb ki, guya, Zeynəb Xanlarova millətçi meylinə görə öldürülüb.

Türkiyədə nəşr olunan «Azərbaycan» dərgisində bu hadisəyə yuxarıda qeyd etdiyimiz başlıq altında məqalə dərc olunub.

Məqalədə bildirilir ki, dəyərli sənətkar Zeynəb Hanlaroğlunun kommunist ruslar tərəfindən öldürüldüyünə dair xəbərlər mətbuatda geniş reaksiyalara yol açıb.

«Ankara və istanbulluların yakınen tanıdıkları büyük ses sanatkarının genc yaşta bir siyasi cinayete kurban gittiyi haberi, Ankara, İstanbul, İzmir, Manisa, Adana, Amasya, Sivas, Erzurum və Kars illerində büyük tepkilerle karşılandığı, Dışişleri Bakanlığına, Türk-Rus kültür anlaşması çerçevesi dahilində Sovyet hükümetinin dikkatinin çekilməsi hususunda telefon, telgraf və mektublarla müracaat edildiği bize intikal ettirilen haberlerden anlaşılmaktadır».

Dərgi daha sonra yazır ki, bütün çabalara rəğmən bu siyasi cinayət əməli barədə sovetlərdən hələ də bir açıqlama, izahat alınmamışdır. Bu cür hərəkətlər kommunist rus imperiyasından gözləniləndir. Zeynəb Xanlarovanın sentyabr ayı ərzində Türkiyədə verəcəyi konsertlərin də ləğv edilməsi də siyasi cinayətin bir başqa məqsədini də ortaya qoyur, o da bundan ibarətdir ki, rus kommunist imperiyası əsarətdə saxladığı Azərbaycan və digər türk xalqlarının Türkiyəyə ilə yaxınlaşmasına mane olmaq, türk mədəniyyətinin əvəzinə rus mədəniyyətini təbliğ etmək. 

Zeynəb Xanlarovanın bir siyasi cinayətə qurban getdiyi, daha doğrusu, kommunist çekistlər tərəfindən öldürüldüyü xəbəri Ankara sənət çevrələrində, mədəniyyət ocaqlarında bomba təsiri yaradıb. Bu da «sempatik» gənc sənətkarın Ankara sənət çevrələrində nə qədər dərin izlər buraxdığını göstərir.

Dərgidə Zeynəb Xanlarovanın «qətli» az qala milli matəm kimi qarşılanır və bu ağır itki kədərli, ürəkağrıdan sözlərlə anılır:

«Zeynep Hanlarova, ölmemiş, daha doğrusu, öldürülememişdir. Türk sanat ve töresini, Azerbaycanda temsil eden, milli duyqu və şuuru dünyaya tanıtan büyük bir sanatkardı. Türkdü və türkçü idi. Bu inanışı şarkıları və plakları (valları) ilə nesillere aktarıyordu. Sözleri, davranışları və mimikleri ilə türklük sevgisini dile getiriyor, bülbül sesi ilə ruhalar doluyor ve havada sallanan mendillər, daha sonra buğulanan göz yaşlarını siliyordu. Sanatın müesir gücü apacıq görülüyordu. Hiç bir eser və konferans bu gücü gösteremezdi».

Qars senatoru Zeynəb Xanlarovanın siyasi cinayətə qurban getməsi ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyindən açıqlama tələb edib.

Dərginin 1973-cü il 206-cı sayında isə məlum olur ki, Zeynəb Xanlarovanın qətli xəbərinin doğru olmadığı üzə çıxıb. Bu şayiələr Moskva və təbii ki, Bakıya da gəlib çatdığından Zeynəb Xanlarova Türkiyəyə – «Baxın, ölməmişəm, Sovetlər çox sevir məni» mesajını göndərir.
Elə bu cavab da Əhməd Qaracanın 1972-ci ilin 21 may tarixində «Zeynəb Hanlarovaya cevab» şerini yazmasına səbəb olur. Şerdə belə misralar var;

Ürkək bir maralın bakışı sənsin,
Büllur bulaqların akışı sənsin,
Azərbaycanımın nakışı sənsin,
Aldatma kendini, səni sevməzlər…

Hazırladı, Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu