Mərkəzin missiyası Qarabağla yekunlaşmır

"Regiondakı prosesləri təhlil etmək, mövcud geosiyasi və geostrateji durumu dəyərləndirmək, xarici ölkələrlə münasibətləri araşdırmaq Mərkəzin əsas vəzifələridir"


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə təkliflər hazırlayacaq. Təhlil Mərkəzinin fəaliyyət sahəsinə münaqişənin həlli ilə bağlı siyasi, hüquqi və iqtisadi tədqiqat aparmaq da daxildir. Bununla paralel Mərkəz dünyada və regionda cərəyan edən siyasi, ictimai, iqtisadi proseslərlə bağlı proqnozlar verəcək. Həmçinin, xarici ölkələrlə ikitərəfli münasibətlərin vəziyyətinə və inkişaf perspektivlərinə dair tədqiqatlar aparacaq. 

Xatırladaq ki, bundan əvvəl yaradılan və bir müddət fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi özünü doğrulda bilmədi. Ekspertlərə görə, SAM Azərbaycan siyasətinin və iqtisadiyyatının düşünən beyin mərkəzi, görən gözü olmalı idi, lakin bunu bacarmadı. Analitiklərin fikrincə, beyin mərkəzləri 5 addım irəlini görməli, dövlətçiliyimiz üçün faydalı olan işlər görməlidir. Ümumiyyətlə, ölkəmizdə politologiya elminin inkişafı, analitik mərkəzlərin yaradılması və dövlət tərəfindən dəstəklənməsi fikri vaxtaşırı ekspertlər, ziyalılar tərəfindən səslənir, bununla bağlı təkliflər irəli sürülür. Siyasi şərhçilər yeni təsis edilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin verilən missiyanı yerinə yetirəcəyinə və özünü doğruldacağına ümidlə yanaşırlar.

Yeni təşkilatın fəaliyyət istiqamətini "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov hesab edir ki, əvvəlki Strateji Araşdırma Mərkəzinin heç bir iş görmədiyini, tamamilə fəaliyyətsiz olduğunu söyləmək olmaz. Qurumda kifayət qədər təcrübəsi olan siyasi ekspertlər cəmlənmişdilər. Lakin onların gördükləri işlərlə bizim gözləntilərimiz üst-üstə düşməyib: 

"Əgər SAM-ın fəaliyyəti uğursuz olubsa, bunun özü bir nəticədir. Ümid edirəm, bu sahədə ikinci cəhdimiz uğurlu olacaq. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi əvvəlki qurumun çatışmazlıqlarını diqqət mərkəzində saxlayaraq, fərqli tərzdə fəaliyyət göstərməlidir. Bu sahə çox genişdir. Mərkəzin missiyası sadəcə Dağlıq Qarabağ münaqişəsi ilə yekunlaşmır. Regiondakı prosesləri təhlil etmək, mövcud geosiyasi və geostrateji durumu dəyərləndirmək, xarici ölkələrlə münasibətləri araşdırmaq Mərkəzin əsas vəzifələridir”.

T.Abbasovun sözlərinə görə, bizdə proqnozlaşdırma mərkəzləri ilə bağlı düzgün istiqamətləndirmə yoxdur: 

"Araşdırma və beyin mərkəzlərinin əsas vəzifəsi gələcəkdə veriləcək qərarların fundamentini təşkil etməkdir. Hansısa məsələ ilə bağlı qərar verilərkən beyni mərkəzlərinin öncəgörməsi və proqnozları dəyərləndirilir. Əlbəttə, proqnozlar düz çıxmaya bilər, dəqiqliklə reallaşması da labüd deyil. Ancaq proqnozlaşdırma dünya siyasətində XIX əsrdən mövcuddur və zəruridir. Politoloqlarımız qabaqcıl texnologiyalarla ayaqlaşmalı, həm də öz innovativ ideyalarını reallaşdırmalıdır. Əks halda işləmək çətin olacaq və gözləntilər özünü doğrultmayacaq”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu