Təbii qazın limitinin ləğvi mümkündür

Tarif Şurası Allah deyil ki, yazdığına pozu olmasın
"Bir ölkə adı çəksinlər ki, orada təbii qaza limit tətbiq olunur"


Təbii qaza tətbiq edilən limitin artırılması getdikcə daha çox aktuallıq qazanır. Son günlər bu mövzu əsas müzakirə predmetinə çevrilib. Ekspertlər rəy bildirir, iqtisadçılar iqtisadi təhlillər aparır. Ümumi fikir bunun üzərində cəmləşir ki, hazırda təbii qaza tətbiq edilən 1700 kub.metrlik limit çox azdır, qısa müddətdə sərf olunub bitir, əlavə istehlaka görə qiymətin artıq hesablanmasından isə əhali, xüsusilə də aztəminatlı ailələr əziyyət çəkir. Məsələ Milli Məclis tribunasından da səsləndirilib. Milli Məclisin ötən toplantısında deputat Fazil Mustafa əhaliyə verilən təbii qaza tətbiq olunan limitin iki dəfə artırılmasını təklif edib.

Millət vəkili deyib ki, həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər:

"Onlar, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”. 

Qaza tətbiq olunan limitin ləğvi ilə bağlı iqtisadçı Vüqar Bayramov iqtisadi analiz aparıb. İqtisadçı məsələnin bütün tərəflərini araşdırıb və gəlinən nəticə bu olub ki, ölkəmizin iqtisadi qüdrəti təbii qaza tətbiq edilən limitin nəinki qaldırılması, yəni 1700 kub.metr əvəzinə, daha artıq – məsələn, 3000 kub.metr limit təyin olunmasına, hətta limitin ümumiyyətlə ləğvinə imkan verir.

Bu ailə büdcəsi üçün əlavə xərc deməkdir

Vüqar Bayramovun sözlərinə görə, vətəndaşların əksəriyyəti qış mövsümündə fərdi kombi istilik sistemindən istifadə etdiyi üçün onların aylıq mavi qaz ödənişləri tətbiq olunan limiti əksər hallarda keçir və bu da ailə büdcəsi üçün əlavə xərc deməkdir:

- İqtisadi və Sosial İnkişaf Mərkəzi mavi qaza tətbiq edilən limitin ləğvi məsələsini araşdırıb. Qeyd edim ki, elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edirik. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-cu il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə aydan sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrin büdcələri üçün əlavə xərc deməkdir. Qiymətləndirmələrimiz göstərir ki, qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılmasının iqtisadi əsasları var.

Azərbaycanda mavi qaz hasılatının artması da bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Bununla bağlı konkret statistik göstəricilər mövcuddur. Statistik rəqəmlərdən görünür ki, ötən il Dövlət Neft Şirkəti istehsalını əvvəlki illə müqayisədə 6,7 faiz artırıb. Qarşıdakı illərdə qaz hasilatında artımın davam edəcəyi proqnozlaşdırılır ki, bu da daha çox gəlir əldə olunması deməkdir və məntiqi olaraq bu da limitlərin ləğvini mümkün edir.

Manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması da SOCAR üçün valyuta riski problemini aradan qaldırır. Kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu, limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.

Limitin ləğvi sosial baxımdan əhəmiyyətlidir

V.Bayramov qeyd edib ki, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır:

- Bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan verir. Qaz satışından əldə edilən gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğum rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb. 

Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitinin ləğvi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Çünki limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik.

Limit ərzaq məhsullarının qiymətini də bahalaşdırır

«Azəriqaz» İB-nin sabiq rəisi Nüsrət Qasımov da «Şərq»ə açıqlamasında təbii qaza tətbiq edilən limitin ümumiyyətlə, ləğvinin tərəfdarı olduğunu dedi:

- Mən heç nədən çəkinmirəm və açıq danışıram. Təbii qaza limit tətbiq edilməsi cənab Prezidentin yürütdüyü humanist sosial siyasətə qarşıdır. Sanki kimlərsə bunu bilərəkdən edir, narazılıq yaratmağa çalışırlar. Limitin ləğvinin ideya müəllifi mənəm. Fikrimi də bir ekspert kimi əsaslandırmışam. Təbii qaza limit tətbiq edilməsi bazar iqtisadiyyatı qanunlarına ziddir. Dünyanın heç bir ölkəsində belə hal yoxdur. Bir ölkə adı çəksinlər ki, orada təbii qaza limit tətbiq olunur. Nahaq yerə deputatlar qaza tətbiq olunan limitin artırılmasını təklif edir. 

Limit ümumiyyətlə, ləğv olunmalıdır. Bu, bazar iqtisadiyyatının tələbidir. İstehlakçı özünə lazım olduğu qədər qaz sərf edəcək.

 Heç kəs büdcəsinin qənimi deyil ki, lazım oldu-olmadı, qaz plitəsini açıq saxlaya, lazım olduqda qazı yandıracaq, ehtiyac olmadıqda söndürəcək. Bu qayda istehlakçıya da sərfəlidir, istehsalçıya da. İstehlakçı sərf etdiyi təbii qazın dəyərini ödəyəcək, istehsalçı da, məhsulunu satacaq. Təbii qaza limit tətbiq edilməsi ilə sosial ədalət prinsipi də pozulur. Birinin imkanı var, hündürmərtəbəli binada mənzil alıb, istilik sistemi mövcuddur, mənzil 4 yandan qapalı, pəncərələri 2 taylı, qapısı, döşəməsi möhkəm olduğu üçün təbii qaz itkiyə getmir. 

Belə ailələr illik limiti keçmirlər. Amma bölgələrdə, paytaxtda fərdi həyət evlərində, qrunt sularının üzərində, nəmişlik, rütubətli evlərdə yaşayır, evin altı su olduğu üçün otaqları isidə bilmir, külək pəncərədən vurub qapıdan çıxır, əlbəttə, bu ailələr illik limiti qısa zamanda bitirir, çünki təbii qaz belə yerlərdə itkiyə gedir. Limitin tətbiqi təsərrüfatla məşğul olan kəndliyə, fermerə də ziyandır. 

Limit keçildikdə təbii qazın kubu 20 qəpikdən hesablanır. Fermer də bu qiymət əlavəsini məcbur olub becərdiyi məhsulun qiymətinin üzərinə gəlir. Belədə bazarda məhsulların qiyməti də bahalaşır. Bundan da ümumilikdə əhali ziyan çəkir. Baxın, idxal olunan bananın qiyməti 2 manatdır, amma yerli məhsul pomidorun qiyməti 4 manat 50 qəpik. Bunun səbəbi həm də təbii qaza tətbiq edilən limitdir. Ona görə də hesab edirəm ki, təbii qaza tətbiq edilən limit birdəfəlik qaldırılmalıdır. Tarif Şurası, əstəğfurullah, Allah deyil ki, yazdığına pozu olmasın. Eksperiment etdilər, limit tətbiq edildi, indi görürlər ki, əhaliyə ziyandır, buyurub, ləğv etsinlər.

Məlahət Rzayeva


Paylaş

Bizi Facebookda izləyin
menu
menu