"Ağaoğlu ilə Rəsulzadə arasında ideoloji qarşıdurma vardı"

Solmaz Tohidi: "Əhməd bəyin fəaliyyətinin yeni araşdırılmasına ehtiyac var"




Məlum olduğu kimi, Prezident İlham Əliyev mütəfəkkir, hüquqşünas, şərqşünas-alim və publisist Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib. Eyni zamanda milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb, elmi-nəzəri irs yaradıb. Məhz buna görə də ictimaiyyət nümayəndələri, ziyalılar Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı verilən qərarı yüksək dəyərləndirirlər. Tarixçilərin fikrincə, Sərəncam Azərbaycan və Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə geniş imkanlar yaradacaq. 



Görkəmli mütəfəkkirin zəngin ömür yolunu dəyərləndirən tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi "Şərq”ə müsahibəsində Ə.Ağaoğlunun Azərbaycanın ictimai-fikir tarixində mühüm yerə sahib olduğunu vurğulayıb. Professorun fikrincə, Əhməd bəy Ağaoğlunun adının əbədiləşdirilməsi hamımızın vicdan borcudur...

- Solmaz xanım, Prezidentin Əhməd bəy Ağaoğlu ilə bağlı Sərəncamını necə dəyərləndirirsiniz? Hansı məqamlara görə dövlət başçısının qərarı xüsusi əhəmiyyət kəsb edir?

- Sərəncamı çoxdan gözləyirdik. Əhməd bəy Ağaoğlu bir çox ilklərə imza atmış dahi şəxsiyyət olub. XX əsrin əvvəllərindən etibarən Azərbaycanın ictimai-fikir tarixini, ictimai həyatını, mətbuat tarixini onsuz təsvir etmək mümkün deyil. Əhməd bəy ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınların qarşısının alınmasında mühüm rol oynayıb. Qanlı hadisələrin mətbuatda işıqlandırılmasında, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna xidmətlər göstərib. İki ay Peterburqda qalaraq Azərbaycanın lehinə çalışıb. 





Həmin dövrdə Rusiyanın ictimai-fikri tamamilə Azərbaycanın əleyhinə formalaşmışdı. Əhməd bəy çoxsaylı məqalələri ilə rus ictimaiyyətini Azərbaycan həqiqətləri və erməni yalanları ilə tanış edirdi, "Kaspi” qəzetində ardıcıl yazılar yazırdı. Fransanın məşhur Sarbonna Universitetini bitirən ilk azərbaycanlı ziyalımız da məhz Əhməd bəy olub. Bir çox sahələri və mətləbləri özündə birləşdirən böyük mütəfəkkir, gözəl qələm sahibi Əhməd bəy Ağaoğlu həm də kəskin və aydın mövqeyə malik idi. O, çox gərgin dövrdə fəaliyyət göstərmiş "Difai”nin qurucusu idi. Bilirsiz ki, partiyalar əvvəlcə nəzəriyyəni və ideyanı formalaşdırır, daha sonra siyasi fəaliyyətə başlayır. Amma "Difai” sırf fəaliyyət partiyası idi. Bu təşkilat əzilən, zülmə məruz qalan azərbaycanlıların yaşama haqlarını müdafiə edirdi. Xalqımız məhz "Difai” fonunda "biz də varıq” mesajını verirdi. Əfsuslar olsun ki, Qafqazda ən çoxsaylı xalq olsaq da, bizi görməzdən gəlir, hüquqlarımızı tapdalayırdılar. 


Əhməd bəy Ağaoğlu bu qərəzli yanaşma ilə sərt mübarizə aparır, digər böyük mütəfəkkirlər - Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovla birgə aktiv fəaliyyət göstərirdi. Ə.Ağaoğlu Əli bəy Hüseynzadə ilə birlikdə gələcəkdə Azərbaycan istiqlalının özəyini təşkil edəcək ideoloji şüarın əsasını qoyublar – "Türkləşmək, müasirləşmək və islamlaşmaq”. Onlar "Avropa libaslı, türk düşüncəli, islam əxlaqlı” insan tipinin axtarışında idilər. Bu iki dahi şəxsiyyət təkcə Azərbaycan və Qafqazda deyil, Rusiya imperiyasında yaşayan bütün müsəlman xalqlar arasında siyasi türkçülüyün əsasını qoyublar. Rusiya müsəlman qurultaylarının ən fəal üzvləri olublar. Əhməd bəy həm də qəzet redaktoru kimi fəaliyyət göstərib, "İrşad”, "Kaspi”, "Tərəqqi” və başqa qəzetlərdə işləyib. Bir neçə qəzetin əsasını qoyub. Həmçinin, özündən sonra gələn gənc nəslə, Üzeyir bəy Hacıbəyov kimi şəxslərin yetişməsinə böyük töhfə verib. 1909-cu ildə isə Əhməd bəy Türkiyəyə, ozamankı Osmanlı dövlətinə gedib. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə birlikdə yenidən Azərbaycana qayıdıb. Nuru Paşanın müşaviri olub...

- Əhməd bəy Ağaoğlu ilə milli hökumət nümayəndələri arasında ortaya çıxan ziddiyyətlər nəylə bağlı idi? Bu məqam zaman-zaman müzakirə mövzusuna çevrilir...

- Əhməd bəyin fərqli görüşləri, baxışları olub. Xüsusən Türkiyəyə gedəndən sonra "böyük türk dünyası” ideyasını daha çox mənimsəyib. Amma o dövr üçün artıq Məhəmməd Əmin Rəsulzadə siyasi səhnədə idi. Rəsulzadə və ətrafı reallığı daha yaxşı başa düşürdülər və görürdülər ki, "türk dünyası” adlı ümumi məkanın içində ayrı-ayrı türk xalqlarının özünü dərk etmə, milli varlıq kimi formalaşma prosesi gedir. Həmin ərəfədə Əhməd bəy Ağaoğlu ilə M.Ə.Rəsulzadə arasında ideoloji baxımdan qarşıdurma var idi. 1918-ci ilin iyun ayında yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncəyə gələndə müəyyən siyasi böhran ortaya çıxdı. Həmin prosesdə Əhməd bəyin çox aktiv rolu oldu. Amma daha sonra Azərbaycan Parlamentinin üzvü seçildi və Sülh Konfransı üçün Parisə gedən nümayəndə heyətinin tərkibində yer aldı. Daha sonra fəaliyyətinə görə, bir müddət Malta adasına sürgün edildi. Sürgün həyatından sonra Əhməd bəy bütün həyatını Türkiyə Cümhuriyyətinə həsr edib. Türkiyədə ən yüksək mənsəbə çatmış şəxs kimi Atatürkün yaxın silahdaşı və müşaviri olub. Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Həqiqətən də unikal bir şəxsiyyət idi. Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması Azərbaycanın öz tarixinə, keçmişinə və gələcəyinə yeni bir baxışdır.

- Zəngin fəaliyyətə və yaradıcılığa malik Əhməd bəy Ağaoğlu barədə indiyədək dərindən araşdırılmayan məqam varmı?



- Əhməd bəy Ağaoğlunun fəaliyyətini tədqiq edən tarixçilərimiz var. Vilayət Quliyev Əhməd bəy haqqında maraqlı kitablar və məqalələr yazıb. Aydın Balayevin çox qəşəng monoqrafiyası çıxıb. Yəni Ə.Ağaoğlunun siyasi-ictimai fəaliyyəti və baxışları ümumən araşdırılıb və kitablar çap olunub. Şübhəsiz, bunlar kifayət deyil, çünki Əhməd bəy Ağaoğlunun fəaliyyəti çox geniş və şaxəlidir. Həmçinin, ziddiyyətli məqamlar da çoxdur. Ona görə də yeni araşdırmalara ehtiyac var. Şərqşünas alim kimi Əhməd bəyin fəaliyyəti o qədər genişdir ki, onu 10-15 istiqamətdə tədqiq etmək mümkündür. Ə.Ağaoğlunun İran və türk dünyasına filosof kimi fərqli baxışları mövcuddur. Onun haqqında bilgilərimiz ümumidir. İran inqilabi, erməni məsələsi, türkçülük baxışları, mətbuat tarixi və s. Bunların hamısı ayrıca tədqiqat mövzusudur.

- Tarixçi-alim kimi Əhməd bəy Ağaoğlunun yubileyinə hər hansı töhfə verməyi düşünürsüzmü?

- Erməni məsələsini araşdırarkən Parisdə Əlimərdan bəy Topçubaşovun arxivində bir məktub tapdım. Məlum oldu ki, 1905-ci ildə Ə.Topçubaşov və Əhməd bəy Ağaoğlu "Azərbaycan” adında qəzet buraxmaq istəyiblər. Bu, çox mühüm hadisədir və yeni məsələdir. Mən Topçubaşovun məktubunu çap etdirdim. Sonuncu kitabımda Cümhuriyyətə Azərbaycan adının verilməsi məsələsində həmin məktubu və "Azərbaycan” adlı qəzet təşəbbüsünü xüsusi vurğuladım. Rusiya imperiyası 1905-ci ildə "Azərbaycan” adlı qəzetin nəşr olunmasına və Ə.Ağaoğlu ilə Ə.Topçubaşovun qəzetin təsisçiləri olmasına icazə verməyib. Çünki həmin dövrdə hər iki şəxsiyyətimizə "panislamist” və "pantürkist” damğası vurulmuşdu. Əlimərdan bəy Topçubaşov qəzet çıxarmağa icazə alsa da, onun adının "Azərbaycan” olmasına nail ola bilməyib. Topçubaşov məcburən qəzetin adını "Həyat” qoyub. "Şərqi Rus”dan sonra Azərbaycanda neçə illərdir qəzet çıxmadığına görə, "Həyat” qəzeti çox maraqla qarşılandı. Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə "Həyat” qəzetinin redaktorları oldular. Şərqşünaslıq İnstitutu olaraq Ə.Ağaoğlunun 150 illik yubileyi ilə bağlı müəyyən hazırlıqlar görülür. Şəxsən mən də iranşünas alim kimi Əhməd bəyin İran türklərinə fərqli baxışlarını araşdırmağı nəzərdə tuturam. Yəqin ki, o istiqaməti işləyəcəm.

- Tarixi şəxsiyyətlərin yubileyi zamanı onların adının əbədiləşdirilməsi ilə bağlı müxtəlif təkliflər gündəmə gəlir. Bu barədə görüşləriniz nədir?

- Əhməd bəyin adı mütləq əbədiləşməlidir. Əgər Cümhuriyyət liderlərinin məzarı Azərbaycana gətirilərsə və burada eyni məkanda, yan-yana torpağa verilərsə, onların içində Əhməd bəy Ağaoğlu da olmalıdır. Əhməd bəy Cümhuriyyəti quranlardan biri idi. Xalqımızın Əhməd bəy kimi şəxsiyyətlər qarşısında mənəvi borcu, öhdəliyi var. Yaşadığımız Azərbaycan Respublikası AXC-nin varisidir. Onları layiqincə yad etmək hamımızın vicdan borcudur. Ümid edirik, bu il arzuladığımız addımlar atılacaq.

- Ə.Ağaoğlunun fəaliyyətinin mühüm hissəsi Türkiyə ilə bağlıdır. Azərbaycan və Türkiyənin yubileylə bağlı ortaq fəaliyyətinə, hansısa tədbir keçirməsinə ehtiyac görürsüzmü?

- Əlbəttə, bu, mütləqdir. Əhməd bəy Ağaoğlu Azərbaycanın olduğu qədər Türkiyənin də böyük siyasi şəxsiyyəti, görkəmli dövlət xadimidir. Onun ailəsi Türkiyə cəmiyyətində böyüyüb və çox mühüm adamlar olublar. Qızı Sürəyya xanım Türkiyənin ilk qadın vəkili, hüquqşünası idi. Behbud xan Cavanşirə sui-qəsd təşkil edən Torlakyanın məhkəməsində vəkil qismində çıxış edib. Atatürk Sürəyyə xanım Ağaoğluna çox böyük qiymət verirdi. Oğlu Samed Ağaoğlu böyük alim olmaqla yanaşı, həm də baş nazirin müavini olub. Yəni Ağaoğlular ailəsinin Türkiyədə böyük irsi var. Bu ailə türk dövlətinə və ictimaiyyətinə böyük töhfə verib, iz buraxıb. Ona görə də Ağaoğlularla bağlı Türkiyə ilə ortaq çalışma zəruridir. Qardaş ölkə ilə sıx elmi əlaqələrimiz var. Bildiyimə görə, Əhməd bəyin qardaşı nəvəsi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar xanım Axundova da Moskvada Ə.Ağaoğlunun yubileyi ilə bağlı tədbir keçirməyi planlaşdırır.

İsmayıl Qocayev

Paylaş
Bizi Facebookda izləyin
menu
menu