1970-80-ci illərin Azərbaycan mətbuatı

"Azərbaycan təbiəti", "Sovetskaya türkologiya" nəşrləri jurnalistikamızın inkişafına böyük töhfələr verib




(Əvvəli ötən sayımızda)

1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci katib seçilməsi ilə xalqın tarixində yeni dönüş başlandı. Mədəniyyət, incəsənət, elm, təhsil və mətbuat sahəsində milli-mənəvi dəyərlərə qayıdış və tərəqqi müşahidə edildi. Mərkəzlə normal, isti münasibətlər qurmadan respublikanın problemlərini xalqın istəklərinə uyğun şəkildə yerinə yetirməyin mümkünsüzlüyünü gözəl bilən Heydər Əliyev reallıqları nəzərə alaraq ölkənin milliləşmə və iqtisadi inkişaf prosesini ustalıqla həyata keçirdi. Hakimiyyətdə olduğu sovet dövrünü xatırlayan Heydər Əliyev sonralar deyirdi:
"Biz sovet rejimində yaşasaq da, xalq, millət üçün nə edə biləcəyimizi düşünürdük. Əgər rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqa kömək göstərməlisən. Mən də bunu etdim və Azərbaycan o illərdə çox yüksəyə qalxdı”. 1969-cu ildən 1982-ci ilədək ulu öndərin rəhbərliyi ilə sənayenin, kənd təsərrüfatının problemləri deyil, xalqın tarixi, mədəniyyəti, ədəbiyyatı və mətbuatının çətinlikləri araşdırılıb, milli-tərəqqiyə yönələn mühüm qərarlar qəbul edildi. Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafına da xüsusi qayğı ilə yanaşır, yaradıcı insanlarla ünsiyyət qurur, mövcud problemlərin həllinə yönəlik qərarların qəbuluna çalışırdı. O, istedadlı qələm sahiblərini yüksək qiymətləndirir, onların potensialının ortaya qoyulması üçün bütün imkanları yaradırdı. Məhz bu dövrdə H.Əliyevin yaratdığı imkanlar sayəsində mətbuatdakı çətinliklər aradan qalxdı.

"Azərbaycan təbiəti" jurnalının nəşri

Mətbuat tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi, II hissə, 1920-1990-cı illər” kitabında 70-80-ci illərin ölkə mətbuatına geniş yer ayrılıb. Müəllif kitabında vurğulayıb ki, Respublika Təbiəti Mühafizə Cəmiyyətinin təsisçiliyi ilə işıq üzü görən "Azərbaycan təbiəti” jurnalının ilk sayı barəsində "Müxbir” jurnalının 1975-ci il tarixli 11-ci sayında məlumat verilib: "Həmkarlarının iş şəraiti, yaradıcılıq prosesləri ilə yaxından tanış olan "Müxbir"in əməkdaşları redaksiyadan reportaj hazırlayıb, oxucuları maraqlı faktlarla tanış edərək yazırlar: "Azərbaycan təbiəti" jurnalının redaksiyasındayıq. Onun kiçik, lakin işgüzar kollektivi var. Onlarla tanış olun: məsul redaktor Məmməd Araz, məsul katib, şair Məmməd Aslan. Ədəbi işçilər Suliddin Qasımlı və Həmid Nəcəfquliyev". İlk baş redaktoru akademik Həsən Əliyev jurnalın ilk sayında "İlk addım" məqaləsi ilə gələcək fəaliyyət planları barəsində oxuculara məlumat verir. H.Əliyev respublikamızın təbiətini mühafizə etməkdə, nadir incilərini, qiymətli sərvətlərini qorumaq məqsədi ilə yaradılan yeni jurnalın fəaliyyətini ilk addım adlandırır, yaradıcı heyətə uğurlu yol arzulayır, təkliflərini qələmə alır. Jurnalın ilk sayında Əli Vəliyevin "Müqəddəs nemət" məqaləsi işıq üzü görüb. Yazıçı təbiətə canlı qüvvə kimi baxır, onu insansız təsəvvür etmir, insanları təbiətdən xeyirxah məqsədlər naminə istifadə etməyə, xalqın qiymətli sərvətini qorumağa səsləyir. Məsul redaktor Məmməd Araz jurnalın ilk sayında "Yurdumuzun təbiəti" sərlövhəli məqalə ilə çıxış edib. Oxucuya müraciətlə yazılmış məqalədə yeni məcmuənin məqsəd və məramı sadə və şairanə dillə izah olunur. "Respublikamızın dövlət qoruqlarında", "Nadir bitkilərimiz", "Təbiətin möcüzələri", "Dünya təbiət aləmində", "Təbiət ən böyük loğmandır" rubrikaları altında uzun müddət jurnalda zəngin faktlarla dolu maraqlı yazılar, informasiyalar dərc olundu. 1981-ci ildə milli-demokratik mətbuatımızın əsaslarından olan "Molla Nəsrəddin" jurnalının 75 illiyi haqqında qərar qəbul edildi. Azərbaycan milli jurnalistikamızın banilərindən olan Mirzə Cəlil Məmmədquluzadənin şah əsəri olan "Molla Nəsrəddin" jurnalının yubileyinin qeyd olunması ölkə əhəmiyyətli hadisəyə çevrildi”.

Azərbaycan jurnalistlərinin VI qurultayı

Akıf Aşırlı əsərində qeyd edib ki, Azərbaycan jurnalistləri üçün əlverişli şəraitin yaradılması yaradıcılıq imkanlarının artırılması, istirahət imkanlarının genişləndirilməsi üçün də mühüm addımlar atıldı: 

"Heydər Əliyev 1980-ci il oktyabr ayının 29-da jurnalistlər evi yaratmaq haqqında qərar qəbul etdi. 1982-ci ilin yanvarın 27-də Azərbaycan jurnalistlərinin VI qurultayı Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Mixail Andreyeviç Suslovun dünyasını dəyişən günə təsadüf etdi. Sovetlər ölkəsini bürüyən bu qara xəbər Azərbaycan jurnalistlərinin qurultayının lazımi səviyyədə keçirilməsinə problem yaratsa da, tədbir baş tutdu. Mərkəzi mətbuat orqanlarında Azərbaycan KP MK-nın qurultaya ünvanladığı təbrik məktubları, jurnalistlərin qurultay təəssüratları, yaradıcılıq hesabatları dərc olundu. Heydər Əliyevin Azərbaycan jurnalistlərinə ünavanladığı məktubda deyilirdi: "Respublikanın kütləvi informasiya vasitələri həyata daha fəal nüfuz etməli, partiya təşkilati işinin və ideoloji işin qabaqcıl təcrübəsini, zəhmətkeşlərin təşəbbüslərini daha dərindən, hərtərəfli öyrənməli, ümumiləşdirib təbliğ etməli, mövcud nöqsanları ardıcıl surətdə, prinsipiallıqla və əməli tənqid etməli, kommunist əxlaqı və sosialist quruculuğu normalarından sapmaları cəsarətlə ifşa etməlidir". Qurultayı Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri, "Kommunist" qəzetinin baş redaktoru R.Mahmudov açaraq ötən qurultayından keçən dövrü təhlil etdi. R.Mahmudov məruzəsində partiyalı mətbuatın bir çox məsələlərə toxunaraq qeyd edirdi: "Respublika mətbuatının beynəlmiləl ailəsi yeni nəşrlərlə daha da böyüyüb. Respublikanın demək olar ki, bütün nəşrləri və bir sıra rayon qəzetləri yeni binalara köçüb, Bakıda yeni qəzet korpusu istifadəyə verilib. Bir çox qəzet və jurnallar ofset üsulu ilə çap edilir. Televiziya teatrı yaradılıb, yeni televiziya qülləsinin tikintisinə başlanılıb".

Məruzəçi mətbuatın təsirliyi problemi ətrafında da düşüncələrini qurultay iştirakçılarına çatdırıraq qeyd edirdi ki, mətbuatda çap olunan məqalələrin bir çoxu partiya komitələrinin plenumlarında, büro iclaslarında müzakirəyə çıxarılıb.

"Bakı" ("Baku") qəzetlərinin redaktoru Nəsir İmanquliyev çıxışını mətbuatda janrların işlənməsi, rubrikalar mövzusu ətrafında qurdu. Mərkəzi mətbu orqanlarda və televiziyalarda işlənən rubrikaları sadalayan N.İmanquliyev faktlara istinad etdi: "Hazırda "Mehriban ailədə", "Biz sovet vətənpərvərləri, beynəlmiləlçilərik", "Mən SSRİ vətəndaşıyam", "Doğma yurdum Azərbaycan" rubrikaları qəzetlərdə, televiziyalarda ən məşhur rubrikalardır". Çıxış edən jurnalistlər "Qoy ədalət zəfər çalsın" rubrikası altında tutarlı faktlara söykənən yazıların təsirliyini önə çəkərək mətbuatın kəsərli bir silaha çevrildiyini söylədilər. 80-ci illər bir neçə mətbu orqanın yubiley tədbirlərinin qeyd olunması, onların fəxri fərmanlarla təltif olunması ilə də yadda qaldı. İlk sayı 1932-ci ildə nəşr olunan "Təşviqatçı" ("Aqiqator") jurnalının 50 illiyi ilə bağlı yubiley tədbiri keçirildi, jurnal Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olundu.

"Sovetskaya türkologiya" jurnalı

1978-ci ildə Ümumittifaq rəsmi elmi jurnalı olan "Sovetskaya türkologiya" jurnalı fəaliyyətə başladı və bu mətbu orqanın redaksiyası Bakıda, Elmlər Akademiyasında özünə yer tapdı. Çünki bu, SSRİ EA-nın rəsmi nəşri idi. "Sovetskaya türkologiya"ya ilk redaktor Məmmədağa Şirəliyev təyin olundu. SSRİ-də bərpa olunmağa başlayan türklük şüuru Azərbaycanda geniş elmi-publisistik əsaslarla yenidən inkişaf etməyə başladı. Türkçülük milli şüurun oyanışına ciddi təkan verən faktor kimi öncə akademik elmdə yox, ədəbi-bədii jurnallarda, mətbuatda öz əksini tapdı.

Ramiz Rövşən, İsa İsmayılzadə, Səyavuş Sərxanlı, Səfər Alışarlının ədəbi əsərləri, publisistikası "Azərbaycan"da nəşr olundu, oxucuların diqqətini çəkdi. Mirəli Seyidov, Aydın Məmmədov, Kamal Abdulla kimi mütərəqqi dünyagörüşlü türkoloqların məqalələri bu jurnalın səhifələrində işıq üzü gördü.
Azərbaycan mətbuatında milli şüurun oyanış prosesi, açıqfikirliliyə verilən məhdud azadlıqlar partiyanın rəsmi ideoloji orqanlarına da təsir göstərirdi. Artıq partiya həyatı, ideoloji işin təşkilində quru-rəsmi ifadələrdən, şablonçuluqdan uzaqlaşma meyli sezməyə başladı.

 "Azərbaycan kommunisti" jurnalının redaktoru Əfrand Daşdəmirov 1980-ci il 5 dekabr tarixli "Kommunist" qəzetində partiya mətbuatının üslub və dil məsələsinə toxunurdu: "Partiya-siyasi publisistikasının yüksək professional səviyyəsi mətbu təbliğatın ən mühüm ünsürlərindən biridir. Forma məzmundan ayrılmazdır. Qədim dövrün müdrikləri deyiblər ki, yaxşı yazmaq həm də yaxşı düşünmək deməkdir. Pis, maraqsız, "rəsmi dildə" yazılan ən aktual mövzu öz dəyərini itirir. Əksinə, canlı dildə, ehtirasla şərh edilən ideya mətbu çıxışın təsirliyini artırır". İdeoloji təbliğata xidmət edən əsərlər, publisistik yazılar, jurnalist araşdırmaları ilə yanaşı, icazə verilməyən sözün düzünü, həqiqəti deməyi bacaran "Azərbaycan", "Ulduz", xüsusən də "Qobustan" jurnalları müstəqilliyimizin bərpası ərəfəsində məxsusi yer tuturlar. Adları sadalanan bu mətbu orqanlar sovet təbliğatının məqsədinə, xarakterinə uyğun gəlməyən yazıların, publisistik nümunələrin, bədii ədəbiyyatın çapına imkan yaradırdılar. Nəzarətdən keçmək, senzoru aldatmaq üçün sətiraltı ifadələrdən və bədii sözün imkanlarından istifadə etmək bu mətbu orqanların əsas prinsiplərinə çevrildi.
Ziyalıların böyük əksəriyyəti deyilən sözlə, yalançı təbliğatla reallıqlar arasında böyük fərqliliyi görür, mümkün qədər obyektiv olmağa çalışırdılar. Vətənpərvər söz adamları, jurnalistlər vəziyyətdən çıxmaq üçün saxta-ideoloji təbliğat materialı yazmaqdan çəkinir, ya da nisbətən az təbliğat tutumu olan mövzularda yazılar yazırdılar. Anar televiziya ilə çıxışlarının birində qeyd edir ki, "Kommunist" qəzetinin baş redaktorunun L.İ.Brejnevin "Xatirələr"i barəsində yazı yazmağı sifariş versə də, əvvəlcə o bununla razılaşır, vaxt qazanaraq sonra imtina etmişdi. Şair və yazıçılar, peşəkar jurnalistlər yaradıcılıqlarında məmurların etiraz etmədikləri mövzulara konkret olaraq müharibə, əmək, quruculuq, ailə-məişət mövzularına üstünlük verirdilər. 

Bu mövzuda qələmə alınmış yazılarda, publisistik qeydlərdə ya açıq, ya da gizli şəkildə partiyanın yürütdüyü ideoloji istiqamətlərə uyğun gəlməyən məqamlar vardı. 1976-cı ildə Məmməd Araz "Bahar düşüncələri" adlı publisistik düşüncələrində istedadına arxalanaraq üstüörtülü şəkildə milli-mənəvi dəyərlərimizə toxunur, baharı poeziya ilə eyniləşdirir, ideoloji yanaşmalardan uzaq durmağa çalışırdı. Təbii ki, dövrün tələblərinə uyğun şəkildə Məmməd Arazın publisistikasında da partiyanın ideoloji izləri vardır, amma bunlar bir və ya iki cümlədən ibarət quru statlar idi. Milli düşüncəli şairin publisistikasında, xüsusilə də təbiətlə bağlı yazılarında Azərbaycan coğrafiyasına, təbiətinə sevgi duyulurdu...

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu