Heç kim qoca görünmək istəməz

Məşhurların, sənət adamlarının, hətta siyasətçilərin dərilərinə qulluq etməsi normal qarşılanmalıdır



Səhnə gözəllik tələb etdiyi üçün səhnədə olanların hər zaman formada olması vacibdir. Əvvəllər yalnız səhnədə olan xanım sənətçilər gözəlləşmək, yaşlanmamaq üçün müxtəlif prosedurlar qəbul edirdilərsə, bu gün artıq kişilər də dərilərinə qulluq etmək, cavan görünmək üçün müxtəlif prosedurlardan, plastik əməliyyatlardan istifadə etməyə üstünlük verirlər. Artıq Azərbaycanda da kişi sənətçilər arasında bu prosedurlardan istifadə edənlərin sayı çoxalıb. Amma bizdə bəzən kişi sənətçilər plastik əməliyyat keçirmələri, üzlərinə botoks vurdurmaları, cavanlaşmaq üçün prosedurlardan istifadələri birmənalı qarşılanmır.

Xalq artisti Səməd Səmədov botoks etdirən kişi məşhurlara söz atıb. Müğənni "5/5" verilişində qonaq olan zaman bildirib ki, ona da dəfələrlə botoks təklif edilib: "Saçlarımı bir dəfə əkdirdim. Boya da qoyuram saçlarıma. Burada nə var ki? Tamaşaçının qabağına formada çıxmalıyıq. Botoks etdirənlər də var. Biz də bilirik onlar kimlərdir. O saat bilinir.

Mənə dəfələrlə deyirlər ki, gedək həkimə, gözünün altına əməliyyat etdirək. Deyirəm ki, kişi bir az meymundan fərqli olsa bəsdir".

Kişi müğənnilərin cavan qalmaq üçün botoks və digər prosedurlardan istifadə etməsinə məşhur stilist Anarın münasibətini öyrənməyə çalışdıq. Dünyaca məşhur stilistimiz Anar Ağakişiyev «Şərq»ə açıqlamasında mövzuyla bağlı maraqlı açıqlama verdi. «Səhnə həqiqətən gözəllik, estetika, dinamika və şarm tələb edir. Ona görə də səhnədə olan hər kəs baxımlı olmağa məcburdu. Fərqi yoxdu səhnədə olan şəxs kişidir, ya qadın. Bu, dünyada da normal qəbul edilir.

 Dünyanın məşhur simaları, məşhurları, sənət adamları, hətta siyasətçiləri belə cildlərinə qulluq etdirir, cavan görünüş əldə etmək üçün bir çox prosedurlardan istifadə edirlər. Mən bunu çox normal qəbul edirəm. Hesab edirəm ki, müəyyən yaşdan sonra xüsusilə səhnədə olan şəxs, bu prosedurlardan istifadə etməlidir. Sadəcə qədərində, yəni cizgilərini dəyişmədən, peşəkar kosmetoloq-həkimlərə müraciət etməsi normaldır. Niyə bunu tənqid edirlər anlamıram. Əslində heç kim qocalmaq istəmir, heç kim yaşlı üz cizgisinə sahib olmaq istəmir. Bu gün əgər qismən də olsa yaşlanmağın qarşısını ala biləcək üsullardan, prosedurlardan istifadə etməklə cavan görünüşə sahib olmaq mümkündürsə, niyə də bundan istifadə etməyək. Mən də zaman gələr bu prosedurlardan istifadə edə bilərəm. Səhnədə olan, üzdə olan insanların görünüşü önəmli faktorlardan sayılır».
Tahirə

Paylaş

Bizi Facebookda izləyin
menu
menu