"Haqsız yerə adımı hallandırdılar"

Mələkxanım Əyyubova: "Depresiyaya düşmüşdüm. Mən hələ də özümü sakitləşdirməyə çətinlik çəkirəm"
"Emosiyalarımı cilovlaya bilmədim. Tək Valehə görə hamını acıladım. Düzdür, onlar mənim doğmalarımdır, başa düşdülər ki, mən əsəbdən hansısa fikirləri dilə gətirmişəm. Nə Ramalın, nə digərlərinin günahı yoxdu"




O həmişə səhnədəki duruşu, qaməti, şuxluğu, eyni zamanda xatunluğu ilə seçilir. Hər çıxışı maraqla izlənib, fikirləri müsbət qarşılanıb. Onu tamaşaçı adətən təmkinli bir qadın kimi tanıyıb. İfa etdiyi muğam parçalarının bir çoxuna digər xanəndələr müraciət etməyə cəsarət etməkdən çəkiniblər. Təmkinli göründüyü qədər də həssas bir qəlbə sahibdi müsahibimiz. Bir müddət əvvəl də onunla həmsöhbət olmuşduq. O zaman güclü bir qadından söhbət açmışdıq. Bu gün o güclü qadının həm də kövrəkliyi, həssaslığı diqqətimizdən qaçmadı. Danışdıqca dolmuş bulud kimi udqundu, dayandı. Ara verib yenə təmkinlə söhbətə davam etdi. «Şərq»in bu dəfə qonağı Xalq artisti Mələkxanım Əyyubova oldu.

- Necəsiz, Mələk xanım?

- Şükür Allaha. Yaxşıyam. Muğam müsabiqəsinə start veriləndən daha çox vaxtımı müsabiqəyə sərf edirəm. Eyni zamanda pedaqoq olaraq fəaliyyətim davam edir. Vacib olan odur ki, mən hər zaman öz sahəmdə fəaliyyətimi davam etdirirəm.

- Bir müddət əvvəl adınızın xoşagəlməz olayla hallanması düşünürük ki, sizi çox narahat etdi. Həmişə çox təmkinli olan Mələk xanım o zaman emosiyalarını gizlədə bilmədi…

- Bu barədə qətiyyən danışmaq istəmirəm. Çünki həqiqətən haqsız yerə adımın hallanması mənə ağır gəldi. Depresiyaya düşmüşdüm. Mən hələ də özümü sakitləşdirməyə çətinlik çəkirəm. Əslində mən o dönəmlərdə bir anlıq mətbuatdakı yazılardan təsir altına düşdüm. Emosiyalarımı cilovlaya bilmədim. Tək Valehə görə hamını acıladım. Düzdür, onlar mənim doğmalarımdır, başa düşdülər ki, mən əsəbdən hansısa fikirləri dilə gətirmişəm. Nə Ramalın, nə digərlərinin günahı yoxdu. Sadəcə o qədər pis olmuşdum ki, hamıdan incik qaldım.

- Bəs ailəniz necə qarşıladı bu durumu?

- Həyat yoldaşım hər zaman mənə dəstək olub. Bu dəfə daha çox dəstək oldu, hətta o əsəblərini sıxdı ki, mən sakit olum. Heç kim başına nə gələcəyini bilmir. Mən sadəcə onu deyirəm ki, kim günahkardı, cəzasını alacaq. Amma mənim adımı səbəbsiz hallandırdılar. (Kövrəlir. Göz yaşına hakim ola bilmir. Bir anlıq müsahibəni dayandırmalı olduq. Sonra yenidən söhbətə başladıq). Bəlkə söhbəti burda bağlayaq. Bu barədə danışmaq istəmirəm.

- Sizi tanıyanlar bilir ki, siz qardaşınızın, bacılarınızın qayğısına qalan olmusuz...

- Mən heç vaxt onlara biganə, laqeyd olmamışam. Hər zaman yanlarında olmuşam. İstər bibi kimi, istər xala kimi, istərsə də bir sənətkar kimi çalışmışam onlara yardım edim, məsləhətlərimi əsirgəməyim. Demişəm ki, mən bu yaşa qədər sənətimlə xalqın sevgisini qazanmışam. Elə edin ki, məni utandıracaq bir addım atmayın. Onların istedadlı olduqlarını görmüşəm deyə heç zaman köməyimi əsirgəməmişəm. Mən onları öz balalarımdan ayrımamışam.

- Danışırsız hazırda, yəni o vaxtdan sonra sizinlə əlaqə yaratmağa çalışıblar?

- Hamı bilir ki, həssas bir dönəmdən keçirəm. Ona görə mənim sakit olmağımı gözləyirlər. Ramal mənə mesaj yazmışdı. Deyir, bibi, mənim nə günahım var? Əslində haqlıdır. Hər kəs özünə cavabdehlik daşıyır. Valeh əgər nəsə edibsə belə, Ramalı suçlamaq doğru deyil. Mən sadəcə o qədər pis oldum ki, hamıdan incik qaldım. Təbii ki, onların günahı yoxdu.

- Bir müddət əvvəl sizinlə müsahibəmizdə belə bir fikriniz oldu ki, sizə qarşı zaman-zaman haqsızlıqlar olsa da səbr və təmkin nümayiş etdirmisiz.

- Bəli, mən təmkinli insanam. Hətta məni tanıyanlar, bir necə rəfiqəmə də hər zaman məsləhətim o olub ki, səbrlə hərəkət edin. Söz deyəndə tələsməyin. Amma həyat sənə bəzən haqsızlıqlar göstərir, susa bilmirsən.

- Bir müddət əvvəl dövlət başçısı və Mehriban xanımla sənət adamlarının görüşü oldu. Siz o görüşdə yox idiz. Bunu da özünüzə qarşı haqsızlıq hesab etmək olar?

- Bəli, mən efirdən sənət adamlarının, incəsənət xadimlərinin prezidentimizlə görüşlərini izlədim. Mən dəvət olunmamışdım. Əlbəttə haqsızlıq idi. Mən niyə ora dəvət olunmamalıydım?

- O görüşə dəvət olunmadığınız üçün təsirləndiniz yəqin. Axı illərdir muğam sənətində varsız. Sizdən sonra səhnəyə gələnlər o görüşə dəvət olunsa da, Mələkxanım Əyyubovanı görə bilmədilər?

- Əlbəttə təsirləndim. Bu, sözün böyük mənasında tarixi bir görüş idi. Prezidentimizlə sənət insanlarının budəfəki görüşü tarixi bir hadisə idi. Təbii ki, mən də o görüşdə iştirak etmək istərdim. Buna mənim haqqım çatırdı, buna mənim sənətim imkan verirdi. Mən 30 ildən artıqdır səhnədəyəm. Muğam sənətini təbliğ edirəm. İlk xanım muğam ifaçılarından sayılıram ki, səhnəyə milli geyimdə, əlimdə dəflə çıxıb oxumuşam. Mən eyni zamanda pedaqoq kimi fəaliyyət göstərirəm. Mən o görüşdə olmaq istərdim. Kim istəməz ki? Bəlkə mənim də cənab prezidentimizə sözüm var idi? O siyahını kim tərtib edib bilmirəm, amma məni dəvət etməmişdilər. Bu məni bir sənətkar kimi həm təsirləndirdi, həm də ağrıtdı. Bu mənim sənətimə qarşı haqsızlıq idi.

- Mələkxanım bu il solo-konsert verməyi nəzərdə tuturmu?

- Konsert vermək istəyim var. Amma konsert üçün ciddi hazırlıq lazımdır. Konsert vermək sənətçidən məsuliyyət tələb edir. Onun üçün hazırlıq lazımdır. Hələ ki, muğam müsabiqəsində iştirak edirəm deyə zamanımı bura xərcləyirəm. Amma inşallah konsert verməyi nəzərdə tuturam.

- Siz bir dəfə Alim Qasımovla Opera və Balet Teatrında «Leyli və Məcnun» operasında Leyli olaraq çıxış etmisiz. Konsertdə Operadan bir pərdə istifadə etmək niyyətiniz varmı? Tamaşaçılar Mələk xanımı konsert proqramında Leyli partiyasında bir də görə bilərlərmi?

- Bəli, mən bir dəfə Xalq artisti Alim Qasımovla «Leyli və Məcnun» tamaşasını təqdim etmişik. Opera səhnəsində olmaq çox məsuliyyətlidir. Sən həmişə məşqlərdə olmalısan. Mən opera səhnəsində olmaq istəmədim. Buna zamanım yetməzdi. Düşünürəm ki, sərbəst şəkildə daha çox işlər görə bilmişəm. Bir çox muğam və təsniflərimizi lentə aldırmışam. Simfonik orkestrlə muğamlarımızı lentə aldırmışam. Amma budəfəki konsertimdə Leyli partiyasından bir parça təqdim etməyi düşünürəm.

- Səhnədə olan xanım xanəndəyə təkcə səsinin olması bəs edirmi?

- Səhnə estetikanı, gözəlliyi sevir. İnanın səmimiyyətimə, bu sözü adi qəbul etməsinlər. Xüsusilə də xanım sənətçidən səhnədə daha çox estetik gözəllik, görünüş, səhnə duruşu, səhnə mədəniyyəti tələb olunur. Xanəndə xanımdırsa, onun səhnəyə gəlişi artıq tamaşaçını ovsunlamalıdır. Yerişi, oturuşu, qavalla rəftarı, musiqiçilərlə göz təması, ünsiyyəti, bunlar ifaya qədər lazım olan ən vacib elementlərdi. İnsanıq da. 

Heç kim özünü tam sığortalaya bilməz ki, konsert günü səsində problem olmayacaq, soyuqlamayacaq. Səs təbii ki, lazımdır, vacibdir. Amma oxuyana qədər tamaşaçının diqqətini çəkmək daha vacibdi. Əgər sənin səsin həmin gün yerində belə deyilsə, gəlişinlə, tamaşaçı ilə təmasını qurarkən elə etməlisən ki, tamaşaçı səni oxuyana qədər qəbul edib sevə bilsin. Əgər bunu bacardınsa, sonra ifasında xırda qüsurlar olsa belə dinləyici, tamaşaçı onu qəbul edəcək. Ona görə də muğam ifa edən xanım sənətçi libası, görünüşü, səhnəyə gəlişi ilə seçilməyi bacarmalıdır.

Tahirə Məmmədqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu