Tərəflər təxribata uymayacaq: Keşikçidağ Məbədi ilə bağlı süni gərginlik yaradılır

Gürcüstandakı millətçilər və xüsusilə də ermənilərin hazırladıqları senari ilə hərəkət edənlərin, erməni dezinformasiya şəbəkəsinə uyanların qarşısını rəsmi Tiflis almalıdır










Gürcüstan-Azərbaycan sərhədiylə bağlı məsələ yenidən gündəmə gəlib. Söhbət sərhədlərin delimitasiyasında mübahisəli qalan Keşikçidağ Məbədi ilə bağlıdır.

Gürcüstan informasiya agentlikləri bu günlərdə xəbər verdilər ki, Azərbaycan əsgərləri Məbədi nəzarətə alıb, oranın ziyarətinə qadağa qoyublar. Bundan sonra Gürcüstanda millətçi təşkilatların nümayəndələri Azərbaycan əleyhinə təxribatçı çağırışlar edirlər. 

Məsələn, Gürcüstanın sabiq naziri İrakli Okruaşvili "Azərbaycan Gürcüstan ərazilərini işğala başlayır” kimi həqiqətəuyğun olmayan informasiyalar yayır, "Borçalıları buradan çıxaraq” kimi təxribatçı, şovinist çağırışlar edir. Belə çağırışa qoşulan gürcülər, görünür, iki ölkə arasında gərginliyin yaranmasında maraqlıdırlar. Əks təqdirdə bu süni gərginlik nəyə lazımdır?
Bir az araşdırma apardıqda hər şey ortaya çıxır. İki ölkə arasında münasibətlərin korlanmasında hansı qüvvə maraqlı ola bilər? Əlbəttə ki, regionda hər zaman qonşu dövlətlərə əsassız ərazi iddiaları ilə çıxış edən, Azərbaycan torpaqlarının 20 faizini 30 ildir işğalda saxlayan Ermənistan...

Erməni mediasının "canfəşanlıq” edərək, gürcülərin "halına yanması”...


Gürcüstanda siyasi proseslərin istiqamətinə baxanda məsələ ilə bağlı yaradılan süni gərginliyin "Gürcü arzusu” iqtidarına qarşı siyasi rıçaq kimi istifadə edildiyi, gürcü müxalifətinin millətçilik kartına yatırım edərək, ictimai rəydə üstünlük qazanmağa çalışdığı görünür. 

Keçmiş müdafiə naziri İrakli Okuruaşvilinin sərsəm bəyanatı da buna hesablanıb. Bu baxımdan, sərhəd məsələsində gərginliyin yaradılmasına Gürcüstan daxilində iqtidar-müxalifət qovğası olaraq baxmaq olardı. Amma prosesin inkişafı məsələnin görünməyən tərəfindən ciddi təxribatın hazırlandığına dair ehtimalları gücləndirir.

"Azərbaycan sərhədçiləri turist və zəvvarları məbəd kompleksinə buraxmır” – iddiası, müzakirələrin aparıldığı vaxt peyda oldu və sürətlə tirajlandı. Zamanın seçilməsi təsadüfi sayıla bilməz, çünki bütün xristianlar üçün müqəddəs olan Pasxa bayramında məbədə girişin məhdudlaşdırıldığı xəbəri narazılıq doğuracaqdı.

İnformasiyanın Gürcüstan mediası ilə yanaşı, Ermənistan və regionda erməniyönümlü media tərəfindən tirajlanması baş verənlərin pərdəarxasını anlamağa imkan verir. Hətta erməni mediasının "canfəşanlıq” edərək, gürcülərin "halına yanması” xüsusi diqqət çəkir.

Süni gərginlik yaranmasında oxlar Ermənistanı göstərir


Erməniyönümlü "eadaily” saytı "Zurabişvilinin siyasətinin nəticələri: Azərbaycan gürcü monastrını bağladı” sərlövhəli məqalə ilə məsələni böhrana çevirməyə cəhd edir və iddia edir ki, "Zurabişvilinin Bakıya səfərindən sonra problem böyüdü, çünki gürcü prezident sərhədin delimitasiyasının sürətli həlli haqqında danışırdı”.

Sayt bu iddianı tirajladığı 25 aprel tarixindən iki gün sonra – 27 apreldə yayımladığı "Sərhəddə monastr: Azərbaycan-Gürcüstan dostluğuna "Qareci maneəsi” sərlövhəli məqaləsində tarixə "baş vurur” və iki ölkə arasında gərginlik yaratmaq niyyəti ilə iddialar ortaya qoyur. Eyni informasiya təbliğatı Ermənistanın "aravot”, "yerkramas” və digər şovinist nəşrlərində də tirajlanır və proses süni şəkildə şişirdilir.

Təbii ki, informasiya axını, oxları Ermənistana yönəldir və aydın olur ki, düşmənin məqsədi sərhədin delimitasiyası ilə bağlı aparılan müzakirələrin yönünü dəyişmək, mümkünsə Bakı və Tiflis arasında hazırda problem olaraq görünən məsələnin həll edilməsinin qarşısını almaqdır.

Zurabişvilinin "təcili həll” istəyinə rəsmi Bakı "tezliklə həll etməyə hazırıq” cavabı verdi


Xatırladaq ki, hələ aprelin əvvəlində rəsmi Tiflis Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etdi. Bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66 faiz sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədilə danışıqlar davam edir. Gürcüstan Prezidenti Salome Zurabişvili isə təxminən 10 gün əvvəl Azərbaycanla həmsərhəd zonaya səfəri zamanı yenidən bu mövzuya toxunub. 

Gürcü sərhədçiləri ilə görüşündə o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Prezident deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Zurabişvilinin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. 

Nazirliyin mətbuat katibi Leyla Abdullayeva qeyd edib ki, Keşikçidağ Məbəd kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür:

 "Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası, beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".

Gürcülərin "David Qareci” adlandırdığı Keşikçidağ Məbədi...


Keşikçidağ Məbədi, hansı ki, gürcülər "David Qareci” Monastrı adlandırırlar, Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

Keşikçidağ Məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə, Keşikçidağ Məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə Məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

Azərbaycan tarixçilərinə görə, Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə ziyarət edilməyə başlayıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilib ki, Keşikçidağ Məbədi də o dövrdə tərk edilib.

Məbədə gürcü iddiasının arqumentləri də az deyil. "David Qareci” həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərsə də, qeyd etdiyimiz kimi, yalnız gürcü tarixinin ən parlaq dövrü olan "Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastr gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilib.

SSRİ dağılıb, dövlətlər müstəqillik əldə etdikdən bu yanadır ki, Keşikçidağ Məbədi məsələsi Azərbaycan-Gürcüstan arasında mübahisəli ərazi olaraq qalmaqdadır.

Okruaşvili "sabah "Qırmızı körpü”də 500 min qaçqın qəbul edəcəksiniz” deyən təxribatçıdır


İctimaiyyət nümayəndələri, süni gərginliyin yaradılmasının zərərli olduğunu, bu təxribatların sonucda mənfi nəticələrə gətirib çıxaracağı qənaətindədirlər.

"İrakli Okruaşvilini xatırlayırsınızmı? Keçmiş Daxili İşlər, Müdafiə və İqtisadiyyat naziri. O qərara gəldi ki, Bidzina İvanişviliyə ağıl öyrətsin. Və 2005-ci ildə Azərbaycanın Daxili işlər naziri ilə Candar gölündə, təmtəraqlı açılmış süfrədə necə görüşdüyünü, məsələnin öz xeyrinə həll olunmayacağı təqdirdə, üç günə sərhəddə 500 min qaçqın qoyacağı barədə hədə-qorxu gəldiyini danışdı”. 

Bu sözləri Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev, "Keşikçi Dağ Məbədi gərginliyi” ilə bağlı danışarkən deyib. S.Mirzəyev Gürcüstanın sabiq naziri İrakli Okruaşvilinin Azərbaycanla sərhəd məsələsində danışdıqlarını xatırladıb: 

"Daha konkret desək, Okruaşvili demişdi - "Azərbaycanlı həmkarıma dedim, əgər sabah bu problemi bizim xeyrimizə həll etməsəniz, daha üç stəkan içəcəyəm və səhər "Qırmızı körpü”də 500 min qaçqın qəbul edəcəksiniz. Bilirsən ki, bunu edə bilərəm..."... Yəni Okruaşvili birbaşa qeyd etdi ki, Gürcüstanda yaşayan azərbaycanlıları bir gündə vətənimdən alıb sərhədə qoyacağam. Həqiqətən vətəndən...Çünki azərbaycanlılar əsrlərdir Gürcüstanda yaşayır və Gürcüstan öz vətənidir. Azərbaycanlılar gürcü torpağında yad deyillər və ölkəni gürcülərdən az sevmirlər. Azərbaycanlılar Gürcüstanın inkişaf etməsinə gürcülərdən daha çox öz töhfəsini verməyə çalışırlar. Azərbaycan kəndlərində mövcud olan qədim qəbir daşları əsrlərdir mövcuddur. Bizim əcdadlarımız Gürcüstanda doğulurdular, Gürcüstan üçün yaşayırdılar və Gürcüstan üçün ölürdülər. Okruaşvilinin bəyanatı isə separatizmin birbaşa ifadəsidir...”.

Deputat daha sonra qeyd edib ki, Şalva Natelaşvili olmayan qığılcımdan atəş çıxartmağa cəhd etdi və hakimiyyədən BMT-nin Təhlükəsizlik Şurasını dəvət etməyi tələb etdi: "Natelaşvili və hər kəs bilməlidir ki, Azərbaycan heç bir zaman Gürcüstana qarşı aqressiya həyata keçirməyəcək və heç bir zaman onun ərazisini işğal etməyəcək. 

Necə ki Gürcüstan heç bir zaman Azərbaycana qarşı aqressiv olmayacaq və heç bir zaman ərazisini işğal etməyəcək. Niyə? Çünki bu iki qonşu dövlət arasında qardaşlıq əsrlər boyu var və bir çox əsr olacaq. Bəli, hər bir azərbaycanlı fəxr edir ki, Gürcüstan öz vətənidir, burada yaşayan hər bir azərbaycanlı Gürcüstanın kədərinə üzülür və Gürcüstanın uğuruna sevinir. Bunu heç kim silə bilməz və dəyişə bilməz. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bu qürurlu ölkənin qürurlu övladlarıyıq”.

"Münasibətlərə xələl gətirmək istəyən qüvvələr müxtəlif təxribatlara əl atırlar”


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin, Qardabani rayonunun bələdiyyə sədrinin müavini Rəfi Orucov məsələyə münasibət bildirərkən "Şərq”ə deyib ki, gürcü və azərbaycanlılar arasında dostluq münasibətləri əsrlərdir ki, davam edir: 

"Təbii ki, bu fakt bir çox qüvvələrin xoşuna gəlmir. Həm ölkələrimiz, həm də xalqlarımız arasında bu isti münasibətlərə xələl gətirmək istəyən qüvvələr müxtəlif təxribatlara əl atırlar. Keçmiş hakimiyyətin dövründə müdafiə naziri vəzifəsində olan, İrakli Okuraşvili kimi insanın bu günlərdə paylaşdığı fikiri, millətimizə qarşı olan hörmətsiz mesajı elə keçmiş hakimiyyətin iç üzüdür. Kim olursa olsun, bu tip mesajları verməklə ciddi səhvə yol verir, vəziyyəti gərginləşdirməyə çalışır”.

Orucov vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşlarıdır:

 "Bizim bu ölkənin suverenliyi, müstəqilliyi və inkişafı naminə əməyimiz, qatqımız tarix boyu öz sübutunu tapır. Biz vətənimizin müdafiəsi uğrunda yüzlərlə can qurban vermişik, bununla da fəxr edirik. Hər zaman da ölkəmiz uğrunda hər cür fədakarlıq etməyə hazırıq. Gürcüstanın zənginliyi onun çoxmillətli olmasıdır, burada yaşayan azərbaycanlılar isə bu ölkənin əsrlər boyu sadiq və layiqli vətəndaşıdır. Bunu dəfələrlə ölkə rəhbərliyi də çıxışlarında vurğulayır. Heç kəs bu cür təxribatlara uymamalıdır, diqqətli olmalıdır. Ölkədə ayrıseçkilik salaraq şəxsi prinsiplərini yürütmək istəyənlərə imkan vermək olmaz. Keşikçidağ Məbədi məsələsi hakimiyyətlərin danışıqları əsasında həllini tapacaq. Bundan istifadə edib, süni ajiotaj yaratmaq istəyənlərə, təxribatçılara imkan verməmək lazımdır”.

"Onlar qəfildən "cuşa” gələrək sosial şəbəkələrdə anti-Azərbaycan isteriyasına başlamayıblar”


Tanınmış jurnalist Elçin Alıoğlu deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: 

"Ölkəmizin Gürcüstan iqtisadiyyatına çox böyük sərmayə qoyuluşları var. Azərbaycan neftini və qazını dünya bazarına çıxaran marşrutlar Gürcüstan ərazisindən keçir. Həmin marşrutlardan alınan tarif pulları əslində Gürcüstan iqtisadiyyatına ayaqda qalmağa imkan verir. Rəsmi Tiflis bunu anlamalı və ermənilərin oyununa gələrək Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməməlidir. Təbii, güzəştə gedə bilmərik. Lakin problemin həlli qonşu və qardaş dövlətlə münasibətlərin gərilməsi ilə müşayiət olunmamalı, danışıqlar aparılmalıdır. Gürcüstandakı millətçilər və xüsusilə də ermənilərin hazırladıqları senari ilə hərəkət edənlərin, erməni dezinformasiya şəbəkəsinə uyanların qarşısını rəsmi Tiflis almalıdır. 

Problem birgə komissiyanın toplanması, XİN başçıları arasında aparılan danışıqlarla çözülməyə başlaya bilər”. Jurnalistin qənaətincə, məsələnin mahiyyəti odur ki, Gürcüstandakı millətçi qüvvələr özbaşına hərəkət etmirlər: "Onlar qəfildən "cuşa” gələrək sosial şəbəkələrdə anti-Azərbaycan isteriyasına başlamayıblar. Onları idarə edən güc var və o güc Gürcüstanı öz "siyahı”sında görmək istəyir. Azərbaycana yeni pressinq vasitəsinin bu dəfə Keşikçidağ monastr kompleksi ilə bağlı süni iddialarla işə salınması da təsadüfi deyil. Hər halda ümid edirik ki, Gürcüstandakı "Gürcü Arzusu” adına uyğun davranacaq, gürcüləri alət etməyə çalışanların niyyəti olmayacaq”.

Anar Bayramoğlu

Paylaş
Bizi Facebookda izləyin
menu
menu