İranın bazardan sıxışdırılması neftin bahalaşmasına səbəb olacaq

Lakin qiymət səviyyəsi 80 dolları keçən deyil. Keçsə belə, bu, qısa zaman çərçivəsində müşahidə olunacaq


ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minib. Bu qərarın Amerika ilə İran arasındakı vəziyyəti daha da gərginləşdirəcəyi deyilir. Ekspertlərin fikrincə, İrana tətbiq edilən sanksiyalar nəticəsində beynəlxalq münasibətlər korlana bilər. Daha önəmlisi isə bu, ABŞ-ın digər ölkələrlə də münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq və neftin qiymətinə təsir edəcək. Çox güman ki, yaxın vaxtlarda neftin qiyməti qalxacaq. Bəzi ölkələr məcbur olub digər neft ixrac edən ölkələrlə sıx münasibət quracaq. Nəzərə alaq ki, burada təkcə İrandan söhbət getmir. Çünki ABŞ tərəfindən Venesuelaya da embarqo qoyulub. Bütün bunlar neft bazarında müəyyən dəyişikliyə gətirib çıxara bilər. İran ABŞ sanksiyaları qarşısında, əlbəttə ki, sakit qalmayacaq. Hazırda İran tərəfindən adekvat addımların atılması gözlənilir. Ehtimal ki, bu addımlar hərbi və siyasi müstəvidə atılacaq. İran artıq nüvə sazişindən çıxmaqla və Hörmüz körfəzini bağlamaqla Vaşinqtonu hədələyir.

Sanksiyaların qüvvəyə minməsi ilə bağlı "Şərq”ə danışan Pərviz Heydərov bu qərarın neftin satış qiymətini qaldıracağını istisna etməyib. İqtisadçının sözlərinə görə, artım özünü göstərməyə başlayıb: "Neftin qiyməti neçə gündür 70 dolların üstündədir. Düzdür, ABŞ Prezidenti Donald Trampın Ər-Riyada telefon zəngi nəticəsində qiymət yüksəlişinin qarşısı alındı. Lakin hər halda yenə 70 dollardan yuxarı səviyyədədir. 

Bəs, bundan sonra vəziyyət necə olacaq, bizi neftin dünya bazarlarında hansı qiymət səviyyəsi gözləyir? İranın bazardan sıxışdırılması nefti bahalaşmağa doğru meyl etdirəcək. Lakin qiymət səviyyəsi 80 dolları keçən deyil. Keçsə belə, bu, qısa zaman çərçivəsində müşahidə olunacaq. Çünki ABŞ və Səudiyyə Ərəbistanı cütlüyü buna imkan verməyəcək. 

Bazarda əsas "söz sahibi” məhz həmin iki ölkədir. Hər ikisi də İranı neft satışında tərəf kimi görmək istəmirlər. Səudiyyə Ərəbistanı bundan ötrü Vaşinqtonun bütün istəklərini tam yerinə yetirməyə hazırdır. Amma bir şərtlə, qiymət uzaqbaşı 50 dollaradək enə bilər, bundan aşağı yox. Yəni Ər-Riyad Vaşinqtondan fərqli olaraq, qiymətin çox da ucuzlaşması ilə razı deyil. Çünki bu, Səudiyyənin iqtisadi mənafeyinə ziddir”.

Ekspertin fikrincə, ABŞ neftin qiymətinin 40 dollardan hətta aşağı səviyyədə olmasına belə razıdır:

 "Baxmayaraq ki, bu, onun şist sənayesinə məqbul hədd deyil. Odur ki, dünya neft bazarında qiymət səviyyəsi il ərzində ən çox 60-70 ABŞ dollar səviyyəsində olacaq. Bu, ABŞ-Səudiyyə Ərəbistanı arasında sözügedən sahədə "əməkdaşlığın” hesabına baş tutacaq. Yeri gəlmişkən, yaxında OPEC+ ölkələrinin hasilatı müəyyən həddə artıracaqları haqda qərar da qəbul edəcəklərinin şahidi ola bilərik. Ancaq bu, dəqiq deyil. Baxır, bazarda təklif sarıdan vəziyyətin necə olacağına”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu