"Vəziyyət çətindir, işığa qoyulan limit ən azı 2 dəfə artırılmalıdır ki... "

“...Əsasən regionlarda və aztəminatlı ailələrdə bu limit çərçivəsində iş görmək mümkün olsun”
“Amma düşünürəm ki, limitin tamamilə ləğv olunması daha doğru bir qərar olar”


Son günlər təbii qazın istifadəsinə tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisi ilə bağlı limitin artırılması məsələsi də gündəmə gəlib. Bununla bağlı Milli Məclisdə yenidən məsələ qaldırılıb.

Millət vəkili Fazil Mustafa bildirib ki, işığın limitinin artırılması ilə bağlı parlamentdə təkliflər səsləndirilib:

"Həll edilməsi mümkün məsələdir. Çalışacağıq ki, limit artırılsın və bu məsələ öz həllini tapsın”.

İqtisadçi-ekspert Natiq Cəfərli "Sherg.az”a açıqlamasında Azərbaycanda kommunal istifadə üçün limitin tətbiq olunmasının doğru yanaşma olmadığını bildirib.

Ekspertin fikrincə, ölkəmizin təbii resursları kifayət qədər imkan verir ki, əhaliyə müəyyən güzəştlər olunsun:

"Həm elektrik enerjisi infrasturukturu, həm təbii qaz infrasturukturu dövlət büdcəsi hesabına yaranır. Ölkədə özəl investorlar və investisiyalar yoxdur. Özəl investisiyaların geri qayıtması ilə bağlı xərclərin artırılmasına dair qərarlar olmadığı üçün dövlət investisiya layihələri həyata keçirilir. Və dövlət büdcəsindən maliyyələşdirilir. Əhalinin kommunal xidmətlərdən müəyyən güzəştlərlə istifadə etmə haqqı yaranır. 

Ona görə də ilk olaraq limitlərin qəbul olunması düzgün yanaşma deyildi. Qazın limitinin artırılması kifayət qədər problemin həllində rol oynayacaq. Təqribən 85 faiz əhali bu limit çərçivəsində öz ehtiyaclarını ödəyə bilir. Amma işıqla bağlı vəziyyət daha çətindir. Çünki aylıq limit təbiq olunur və bir çox hallarda çoxuşaqlı ailələr bu limit çəriçivəsində öz ehtiyaclarını ödəyə bilmirlər. Bu məqam əsasən də aztəminatlı ailələrdə ciddi problemlərə səbəb olur. 

Düşünürəm ki, bu məsələ ilə bağlı da qərarın qəbul olunmasına ehtiyac var. Limitin tamamilə aradan qaldırılması məsələsi gündəmə gəlməlidir. Çünki limitin hansısa formada artırılması artıq həmin ehtiyacların ödənilməsi üçün kifayət etməyə bilər. Düşünmürəm ki, limit birdən-birə xeyli artırılacaq. Amma ən azı 2 dəfə artırılmalıdır ki, əsasən regionlarda və aztəminatlı ailələrdə bu limit çərçivəsində iş görmək mümkün olsun. Amma düşünürəm ki, işığa tətbiq olunan limitin tamamilə ləğv olunması daha doğru bir qərar ola bilər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu