"Məhz bu ayda Allah insanların günahlarını bağışlayır" - MÜSAHİBƏ

"Ramazanda insanlar praktiki olaraq "Qurani-Kərim"i yaşayırlar



Hər il Ramazan ayında xeyli insan oruc tutur, Allahın rizasını qazanmağa çalışır. İlahiyyatçıların sözlərinə görə, orucluq insanın səbrini və iradəsini sınağa çəkir. Oruc tutanlar halal nemətlərdən müəyyən müddət ərzində imtina etməklə özlərində dözüm və mərhəmət anlayışı formalaşdırırlar. Bu ay insanlarda şükür duyğusunu formalaşdırır, nankorluğu azaldır, bir parça quru çörəklə, bir qurtum suyun dəyərini dərk etdirir. Oruc mənəvi saflığa, tibbi cəhətdən sağlamlığa səbəb olur, insanları pis vərdişlərdən uzaqlaşdırır, Allah yolunda xeyirxah işlər görməyə sövq edir. Şübhəsiz ki, hər Ramazanda oruc saxlamaqla bağlı müəyyən suallar da meydana çıxır. 

Müsəlmanları daha çox maraqlandıran suallarla bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Hacı Atif İsmayılov oruc tutmağın faydalarından söz açıb, həmçinin, sual doğuran məqamlara aydınlıq gətirib...

- Ramazan ayında niyə oruc tutulur? Orucluğun islamdakı yeri nədir?

- Müqəddəs kitabımız "Qurani-Kərim” mübarək Ramazan ayında nazil olub. Sual verilə bilər ki, "Quran”ın nazil olması ilə insanların oruc tutmasının nə əlaqəsi var? Məsələ ondadır ki, məhz Ramazan ayında insanlar praktiki olaraq "Qurani-Kərim”i yaşayırlar. Müqəddəs kitabın əsas qayəsi insanları saflaşdırmaq, paklaşdırmaq, Allaha yaxınlaşdırmaq və adamlarda mərhəmət duyğusunu oyatmaqdır. Müsəlmanlar 29-30 gün müddətində adi vaxt halal olan qidalardan öz iradələri ilə imtina edərək ruhən Allaha yaxınlaşırlar. Ramazan mərhəmət, hüzur və sevgi ayıdır. Bu ayda yetimlərə, kasıblara, qayğıya ehtiyacı olan insanlara kömək əli uzatmaq, onlara müxtəlif yollarla yardım etmək digər aylarla müqayisədə daha çox savabdır. 
"Qurani-Kərim” də bəşəriyyəti bu əməllərə dəvət edir. Müqəddəs kitabımız insanlara birlikdə yaşamağı, paylaşmağı öyrənməyi, bir-birinə xətər yetirməməyi tövsiyə edir. Ramazan ayında edilən duaların, ibadətlərin də savabı digər aylardan qat-qat çoxdur. Məhz bu mübarək ayda Allah insanların günahlarını bağışlayır və onların bir xeyir əməlinə on misli savab yazır. Ramazan ayının içində bütün günlərdən xeyirli olan və "Quran”ın nazil olduğu Qədr gecəsi var. Tövsiyəmiz odur ki, müsəlman bacı-qardaşlarımız Allahın gözəl fürsətlərini əldən verməsinlər və Ramazanı ən layiqli şəkildə dəyərləndirsinlər. "Quran”ı həyatımızın hər anına tətbiq etməyi bacarmalıyıq.

- Hansı hallarda oruc tutmamağa icazə verilir? Dində müəyyən güzəştlər varmı?

- "Quran”ın Bəqərə surəsinin 184-185-ci ayələrində Allah orucun kimlərə vacib olduğunu bildirir. Birinci məqam insanın sağlamlığıdır. Səhhətində ciddi problem olan, ağır xəstəlik keçirənlər oruc tutmurlar. Elə insanlar var ki, aclığa və susuzluğa qətiyyən dözümləri olmur. Adətən yaşlı insanlar uzun müddət susuz qala bilmirlər, taqətdən düşürlər. Belə şəxslərdən Allah oruc əvəzinə fidyə tələb edir. Fidyə oruc tutulmayan hər günün əvəzinə hansısa bir kasıbı, yoxsulu yedirtməkdir. Yəni oruc tutmadığı hər günün müqabilində 750 qramlıq buğda, arpa, yaxud da xurmanın maddi dəyərini hesablayıb hansısa kasıba verməlidir. Əgər xəstə insanlar sağlamlıqlarını bərpa edərlərsə, tutmadıqları günləri qəza edirlər, yenidən oruc tuturlar. Eyni zamanda şəriət hamilə qadınların və südəmər uşaqlı anaların da oruc tutmamasına icazə verir. Orucluq zamanı səfərə çıxan, yaşadığı yerdən xeyli uzaqlaşan insanlara da oruc tutmamaq güzəşti mövcuddur. Lakin bu güzəştlərin hamısı zəruri hallar üçündür.

- Uşaqların oruc tutması, oruca hansı yaşda başlaması tez-tez müzakirə mövzusu olur. Azyaşlılarla bağlı dinin hökmü nədir?

- İslam dini həm kişilərin, həm də qadınların ibadətə başlaması üçün yaş həddini müəyyənləşdirib. Bu yaş həddi insanın həddi-buluğa çatmaq dövrü ilə ölçülür və qadınlarla, kişilər arasında fərqli olur. Allah müəyyən dövrə gəlib çatmış hər bir bəndəsindən ibadəti icra etməsini istəyir. Qız uşaqlarında təxmini yaş həddi 9-10, oğlanlarda isə 14-15 yaşları götürülür. 

Təbii ki, bu hədlər fərdin xüsusiyyətinə görə dəyişə bilər. Ancaq məsələ kiçik yaşlardan etibarən uşaqları ibadətlərə tədricən alışdırmaqdır. Təəssüflər olsun ki, ictimaiyyətdə 10 yaşlı bir uşağın oruc tutması ciddi tənqid hədəfinə çevrilir. Halbuki, islam dini, bütövlükdə Allahın buyruqları insanlara məhz kiçik yaşlardan aşılanmalıdır. İslam tərbiyə və əxlaq dinidir, uşaqlar da kiçik yaşlardan tərbiyə edilirlər. Şərt deyil ki, bir insan mütləq 40-50 yaşına çatmalı və yalnız ondan sonra ibadətləri yerinə yetirməlidir. Bunlar yanlış düşüncələrdir. Zamanla yaşlanan bir adamın mənəvi saflığını itirməməsi üçün ona uşaqlıqdan dini dəyərlər aşılanmalıdır. Burada ən önəmli rol valideynlərə düşür. Unutmayaq ki, dini mühit hakim olan bir ailədə ata və ananın öz övladlarını daha erkən yaşlardan islamın hökmləri ilə tanış etməsi normal haldır. Kənar şəxslərin bunu sosial təhlükə kimi qabartması qətiyyən doğru deyil. Hər halda cəmiyyətdə əxlaqsızlığın yayılması daha ciddi təhlükədir. İbadət fərdi məsələdir deyiriksə, bəzi məqamları ictimailəşdirmək düzgün deyil.

- Bəzi insanlar Ramazan ayının tamamını oruc tuta bilməsələr də, üç-beş günü oruclu keçirirlər. Ara-sıra tutulan orucların savabı varmı?

- Ayın tamamında oruc tutulması daha fəzilətlidir. Ancaq elə insanlar var ki, müxtəlif səbəblərdən müəyyən günləri oruc tuta bilirlər. Bunun savab olmadığını söyləmək yanlışdır. Çünki hər ibadətin öz savabı var. Allah buyurur ki, "biz insanların zərrə qədər yaxşı və ya pis əməllərini itirmərik”. Ramazan ayı fürsət ayıdır, bu ayda ibadətlərimizi mümkün qədər artırmalıyıq. Orucun sayı nə qədər çox olarsa, həm insanın mənəviyyatına, həm də sağlamlığına müsbət təsir göstərər. Təbii ki, savabı da artıq olar.
- İmsak vaxtı sahur etməmək günah sayılırmı? Bu şəkildə tutulan oruclar keçərlidirmi?
- İmsak vaxtında sahur etməməyin, yəni yuxudan oyanıb nəsə yeməməyin heç bir günahı yoxdur. Orucun əsas şərti sübh azanından şam (axşam – red) azanına qədər yeyib-içməkdən və digər günahlardan uzaq olmaqdır. Əgər kimsə sübh vaxtı yuxudan ayılmırsa, ümumiyyətlə, heç nə yemək istəmirsə, şəriət baxımından orucu keçərli sayılır.

- Oruclu ikən ağzı su ilə yaxalamaq, duş qəbul etmək olarmı?

- Ağıza su almaq, dişləri fırçalamaq orucla heç bir ziddiyyət təşkil etmir. Sadəcə insanlar ehtiyatlı olmalıdırlar ki, ağızlarını su ilə yaxaladıqda, dişlərini fırçaladıqda bilərəkdən boğazlarına su qaçırtmasınlar. Duş qəbul etməklə bağlı da oruc qadağası yoxdur. Sadəcə, bir sıra mənbələrdə başın tamamilə suya salınması doğru sayılmır. Çünki bu zaman qulağa su qaçma ehtimalı var.

- İnsanlar müəyyən problemlərdən dolayı iftar vaxtını gecikdirir, zamanında süfrəyə otura bilmirlər. Bu, günahdırmı?

- Heç bir günahı yoxdur. Nəzərə alaq ki, adamlar müxtəlif işlərdə çalışırlar, şəhərdə uzunmüddətli tıxaclar olur, evə vaxtında çata bilmirlər. Belə hallarda oruc tutanların iftarı gecikdirməsi günah deyil. Sadəcə, iftar vaxtının özü önəmlidir. Çünki həmin an duaların qəbul olunan vaxtıdır. Məhz o anı əldən verməmək, süfrə başında Yaradana dua və şükür etmək üçün iftar qiymətlidir. Süfrə başında olmasa belə iftar vaxtını dualarla keçirmək faydalıdır. Ancaq yaxşı olar ki, axşam namazından sonra ən azı bir qurtum su və ya xurma ilə oruc açılsın.

- Dəbdəbəli iftar süfrələri hazırlamaq, hətta Ramazanı bəslənmə ayı kimi təqdim etmək cəhdlərini necə dəyərləndirirsiniz?

- Təkcə Ramazan ayında yox, ümumiyyətlə hər zaman ifrata varmaq islam dinində məqbul sayılmır. Xüsusən, yemək-içməyin məhdudlaşdırıldığı Ramazan ayında israfçılıq qəbuledilməzdir. İstər xeyir məclislərində, istərsə də adi günlərdə insanlar zəruri ehtiyacları qədər qidalanmalıdır. Müsəlmanlar Allahın bütün halal nemətlərindən yararlana bilər, amma israfa yol verməmək şərti ilə. Əgər kiminsə artıq yemək-içməyi varsa, kimsəsizlərlə, ac adamlarla paylaşsın. Bu, onun üçün daha xeyirlidir.

- Ramazan ayında toy-nişan məclisləri qurulmur və bunu spirtli içki ilə əlaqələndirirlər. Ümumiyyətlə, bu ayda içkisiz şadlıq məclisləri qurula bilərmi?

- Tək inanc sahibləri deyil, digər insanlar da Ramazan ayının hörmətini saxlamalıdır. İnanc səbəbindən, yaxud səhhət problemindən dolayı oruc tutmayan kimsə Ramazan ayına hörmətsiz davranmamalıdır. Mümkün qədər ictimai yerlərdə yeyib-içməməli, oruclu adamların yanında qida qəbul etməməlidir. Əgər kimsə xeyir işini məhz bu aya salmaq istəyirsə, o zaman yeyilib-içilməsi haram olmayan saatlarda, yəni axşam namazından sonra məclisini qurmalıdır. 

O ki qaldı spirtli içkilərə, bu cür içkilər islam dininə görə ilin hər günü, günün hər saatı haramdır. Allah yaratdığı bəndələrinə spirtli içkini qadağan edib. Bir məqamı xüsusilə qeyd edim ki, Ramazan ayında xeyir əməllərə daha çox savab yazıldığı kimi günah işlərə də misli ilə artıq günah yazılır. İnsanlar bunu diqqətə almalıdır”.

İsmayıl Qocayev




Paylaş

Bizi Facebookda izləyin
menu
menu