“...Türkiyədə vəziyyət qarışa bilər” – Politoloqdan sərt proqnoz





İstanbulda bələdiyyə seçkiləri yenidən keçiriləcək. Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

YSK martın 31-də keçirilmiş bələdiyyə seçkiləri zamanı müəyyən etirazlarla əlaqədar olaraq belə bir qərar verib.

Mövcud durumu şərh edən politoloq İlqar Vəlizadə "Sherg.az”a açıqlamasında YSK-nın qərarının təzadlı, eyni zamanda vaxtı keçmiş olduğunu deyib.

Ekspertin fikrincə, seçkilərin yenidən keçirilməsi Türkiyədə vəziyyəti gərginləşdirə bilər:

"Seçkilərdən sonra hər iki tərəf bülletenlərini hesablayırdı və YSK tərəfindən müxtəlif dəqiqləşdirmələr aparılırdı. İlkin nəticələr bilinəndən sonra hakim partiya seçkilərin yenidən keçirilməsi təklifini irəli sürmüşdü. O vaxt bunun üçün müəyyən siyasi şərait var idi. Çünki səslər demək olar ki, yarı-yarıya bölünmüşdü. Amma YSK tərəfindən seçkilərin yekunlaşması təsdiq olunandan sonra bütün hallarda belə bir qərarın verilməsi gecikib. Kənar müşahidəçilər bu olanları təzyiq altında verilən qərar kimi qiymətləndirirlər. 

Əlbəttə ki, heç kim Türkiyənin daxili işinə qarışa bilməz. Amma Türkiyə daxilində olan əsas oyunçular da bunu birmənalı qarşılamırlar. Düşünürəm ki, bundan sonrakı vəziyyət bir qədər mürəkkəb olacaq. Türkiyədəki proseslər onsuz da sabit keçmirdi. Çünki sosial-iqtisadi çətinliklər müşahidə olunur, Türkiyə xarici tərəfdaşlarla müəyyən problemlər yaşayır. Təbii ki, belə vəziyyət daxili-siyasi proseslərin daha da kəskinləşməsinə şərait yaradacaq”.

Politoloq CHP-nin öz mövqeyindən çəkilməyəcəyini və artıq siyasi qarşıdurma elementlərinin mövcud olduğunu qeyd edib:

"Yaxşı olardı ki, bu elementlər yalnız KİV-lərdə və virtual məkanda baş versin. Amma təəssüf ki, mövcud vəziyyət bu qarşıdurmanın reallığa çevriləcəyini və siyasi meydanlarda əks oluna biləcəyini göstərir. Təbii ki, bu zaman vəziyyət gərgin olacaq. Yaxın vaxtlarlarda İstanbulu çətin durum gözləyir. Fikrimcə, bu qərar ağrılı proseslərin baş verməsinə təkan verəcək”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu