“...AKP fərqinə varmadan İmamoğlunun güclənməsinə yol açır” – Aktual təhlil

“Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli Yıldırımla yox, Rəcəb Tayyib Ərdoğanla yarışdı”
“Sual yaranır: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar !?

"Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş”




İstanbulda bələdiyyə seçkiləri yenidən keçiriləcək. Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

YSK martın 31-də keçirilmiş bələdiyyə seçkiləri zamanı müəyyən etirazlarla əlaqədar olaraq belə bir qərar verib.

Məsələni dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az”a bildirib ki, YSK-nın İstanbulda bələdiyyə seçkilərinin ləğvi və 23 iyunda yenidən seçkinin keçirilməsi barədə qərarı o deməkdir ki, Türkiyə həmin tarixə qədər yenidən kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq:

"Halbuki Rəcəb Təyyub Ərdoğan özü demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq.

Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr yenidən hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi. 

Məntiq var, sadəcə sual yaranır: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar? YSK-nın yeni qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq. Tam şəffaf seçkilər keçirmək çətin olacaq. İstanbulda yenidən seçki keçirmək növbəti seçkilərdə mənfi presedent yaradacaq.

Hakim partiya YSK-da da Gülən izi tapıb. İstanbul prokurorluğu YSK-da çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır. Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, YSK sədri fərqli qərar versəydi, Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsindən də çəkinə bilərdi”

Politoloq qeyd edib ki, növbəti seçkilərə qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir:

"Əsas suallardan biri budur: AKP və CHP yenə eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa, namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli Yıldırım olacağı haqqında fikir söyləmək çətindir. 

Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli Yıldırımla yox Rəcəb Tayyib Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa bu o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa partiyası seçkidən qələbə qazana bilməyəcək. Əslində bu həqiqətən belədir. 

AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır.

Türkiyə təzyiqə məruz qalan siyasətçiləri sevir. Vaxtilə R.T. Ərdoğanın elə İstanbul bələdiyə başçısı qismində haqsız duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına yol açdı. İndi isə haqsız duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu