Bakı-Ankara sərnişin qatarının biletləri baha olmamalıdır

Əks təqdirdə sərnişinlər Tiflisə gedib, oradan ucuz qiymətə Ankaraya uçmağı üstün tutacaqlar




Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.
Bu barədə Türkiyə Dəmiryollarının saytında yazılıb.
Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Vaqonlardan asılı olaraq, qiymətlər 97-200 manat (350-800 türk lirəsi) aralığında olacaq. Bu məbləğ təyyarə biletlərinin qiymətlərindən (850 lirə - 234 manat) aşağı, 280 lirə (təxminən 77 manat) olan avtobus bilet qiymətlərindən yüksəkdir.
Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.
Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.
Qatar avqustda fəaliyyətə başlayacaq.
Hələ ki bir həftə üçün bir reys nəzərdə tutulur. Gələn il növbəti qatarın da xəttə buraxılması ilə səfər sayı həftədə iki dəfəyə çatdırılacaq.

İqtisadçı Natiq Cəfərli «Şərq»ə açıqlamasında Bakı-Ankara sərnişin qatarının rentabelliyinin biletlərin qiymətlərindən birbaşa asılı olduğunu bildirdi:

- Çox güman ki, bu dəmiryol xətti Bakı-Tiflis-Qars xətti ilə eyni olacaq. Və sərnişin qatarı Ankaraya çatanadək bir çox böyük şəhərlərdən, məntəqələrdən keçəcək. Təbii ki, belə olan halda bilet qiymətlərində fərqlilik mütləq olmalıdır. Tiflisə, Kutaisi, yaxud Batuma biletlərlə, Qars, Trabzon və başqa şəhərlərə biletlərin qiyməti ilə Ankara biletinin qiyməti fərqlənməlidir. Sürət qatarıdırsa, yalnız böyük şəhərlərdə, böyük məntəqələrdə saxlayacaq, çünki kiçik məntəqələrdə dayanmaq qatarın sürətinin azalmasına səbəb olar. Yəni məntəqədən asılı olaraq qiymətlər dəyişməlidir.

N.Cəfərli sərnişin qatarının rentabelliyinin həm də təyyarə reysləri ilə fərqinə bağlı olduğunu da dedi:

- Hazırda Tiflisə təyyarə biletləri sərfəli qiymətədir. Həmçinin Bakı-Ankara reysinə də biletlərin qiyməti kifayət qədər liberaldır. Alternativ aviaşirkət – «Buta» fəaliyyət göstərdiyindən biletlərin qiyməti uyğundur. Qatarla səfər istənilən halda vaxt itkisidir. Amma qiymətlər münasib olduqda sərnişin axını müşahidə edilə bilər. 

Hesab edirəm ki, qiymət siyasətində çeviklik olmalıdır. Bakı-Gəncə qatarına biletlərin qiymətini əvvəlcə çox yüksək təyin etdilər, gördülər ki, gedən-gələn azdı, məcbur olub qiymətləri aşağı saldılar. İndi də Bakı-Gəncə qatarında doluluq 40-45 faizi keçmir. Bakı-Ankara qatarına qiymətlər baha olacaqsa, sərnişinlər Tiflisə gedib, oradan ucuz qiymətə Ankaraya uçmağı üstün tutacaqlar. Niyə baha qiymətə qatara bilet alsınlar, üstəlik də vaxt itirsinlər? Ona görə də qiymət siyasətində çeviklik əsas şərtdir.

Məlahət Rzayeva


Paylaş

Bizi Facebookda izləyin
menu
menu