Zelenski biznesini dondurur

Yeni prezidentin bütün vədlərini yerinə yetirib-yetirməyəcəyini zaman göstərəcək



Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski biznesdən uzaqlaşıb. Onun biznes payları 5 illik prezidentlik müddəti başa çatdıqdan sonra geri qaytarılacaq. Bu barədə Zelenskinin biznes-tərəfdaşı Sergey Şefir məlumat verib. Şefirin sözlərinə görə, Zelenski bəzi brendlərin sahibidir və gəlirlərdən öz payını götürəcək: "Hissələrinin 5 illik müddət bitdikdən sonra geri qaytaracağımıza dair razılaşmamız var”. Yaxın günlərdə Ali Rada Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü təsdiqləyəcək. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda andiçmə mərasimi mayın 30-a qədər keçirilməlidir. Zelenskinin müvəqqəti də olsa biznes fəaliyyətindən uzaqlaşması onun dövlət işlərində daha ciddi çalışacağı kimi dəyərləndirilir. Həmçinin, verdiyi sözlərə əməl edən bir siyasətçiyə xalq tərəfindən daha çox etimad göstəriləcəyi düşünülür.

Ukraynanın yeni rəhbərinin addımını "Şərq”ə şərh edən politoloq Zeynal Əmralıyev deyib ki, Vladimir Zeleniskinin bu addımı çox müsbət və təqdirəlayiq hərəkətdir. Ekspertin sözlərinə görə, demokratik ölkələrdə belə bir qayda mövcuddur: 

"Siyasətçi və ya dövlət məmuru vəzifə tutduğu andan etibarən öz biznesini dondurur. Ukrayna elə bir ölkədir ki, orada yaxşı pulun olmazsa, siyasətdə uğur qazana bilməzsən. Hərçənd ki, bu metodla dünyanın istənilən ölkəsində qarşılaşırıq. Çoxlu pulu olan insanlar siyasətdə də uğur qazana bilirlər. Ancaq Ukraynada demək olar ki, bütünlüklə siyasi meydan oliqarxlar qrupunun əlindədir. Zelenskidən əvvəlki prezidentlərə baxsaq, hər birinin biznes elitası ilə geniş əlaqələrinin olduğunu görərik. Elə sabiq prezident Petro Poroşenkonun özü də Ukraynanın ən zəngin adamlarındandır. 

Zelenskinin bütün vədlərini yerinə yetirib-yetirməyəcəyini zaman göstərəcək. O, Ukrayna tarixinə uğurlu prezident kimi də düşə bilər, öz sələfləri kimi uğursuzluğa da düçar ola bilər. Hər şey onun beşillik fəaliyyəti zamanı müəyyənləşəcək”.

İsmayıl


Paylaş

Bizi Facebookda izləyin
menu
menu