“Bilmək olmur ki, Rusiyanın sözü nədir, əməli nə...!” - Deputat





"Rusiya tərəfinin Ermənistanla bağlı tənqidi açıqlamaları bir neçə dəfə olub. Ancaq problem ondadır ki, bir tərəfdən tənqidi fikirlər səsləndirən Moskva digər yandan faşist və işğalçı rejimi müdafiə edir, onlara dəstək verir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Rusiya faşizmə xidmət göstərən Sarkisyan hökumətinin idarə etdiyi Ermənistana silah-sursat yardımı edir, düşməni qoruyur:

"Bilmək olmur ki, bunların sözü nədir, əməli nədir.

Kreml dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazda onların ən böyük və etibarlı müttəfiqləri məhz Azərbaycandır. Hətta ərazi bütövlüyümüzü tanıdıqlarını da bəyan ediblər. Lakin quru sözdən o yana keçmirlər. Keçən il Ermənistanda yaradılan "Sasna Srer” partiyası "böyük Ermənistan” yaratmaq xülyasındadır. İşğal etdikləri Azərbaycan ərazilərini Ermənistana "qatırlar”. Hətta Türkiyə və Gürcüstana ərazi iddiası irəli sürürlər. Əgər bunlar həqiqətən də Rusiyanı narahat edirsə, zəhmət çəkib həmsədr ölkə kimi tədbir görsün. Ermənistandakı qoşunlarını işə salsın. Rusiya dildə bir söz deyir, əməldə başqa cür hərəkət edir. İmkan vermir ki, torpaqlarımızı öz gücümüzə işğaldan azad edək. 30 ildir başımızın altına "sülh yastığı” qoyurlar. Nə qədər danışıq aparmaq olar?”.

Parlament üzvünün sözlərinə görə, Moskva faşizmə meyl edən İrəvan hökumətini himayə etməməlidir:

 "Yaxşı, deyək ki, faşist Qaregin Njdenin heykəli Serj Sarkisyanın vaxtında qoyulub. Bəs Paşinyan hökuməti hansı əsasla qaniçən erməni terrorçusunun cəsədini dünyanın o başından İrəvan gətirib?! Bunlar hamısı dünyanın gözü qarşısında baş verir. 

20 ildən artıqdır torpaqlarımız işğal altındadır. Ermənistanın baş naziri helikopterlə Xocalı aeroportuna gəlir, oradan Şuşaya yollanır. Şuşada çaxırdan içib, yallı gedir, kef eləyir. Bu nə deməkdir? Bizə meydan oxumaqdır, işğala haqq qazandırmaqdır”.

E.Məmmədov Rusiya XİN tərəfindən Azərbaycan haqqında deyilənlərə də münasibət bildirib: "Rusiya Azərbaycandakı reallıqları dilə gətirir. 

Biz tolerant, multikultural dəyərlərə önəm verən ölkəyik. Azərbaycanda bütün dinlərin, dillərin və mədəniyyətlərin birgəyaşayışı təmin olunub. İnsanlar təhlükəsiz həyat sürürlər. Amma Ermənistan haqqında bunları demək mümkün deyil. Çünki işğalçı ölkədə heç bir sahədə vəziyyət ürəkaçan deyil”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu